close

Dövlət qurumlarında informasiya şəffaflığı necədir?

Fotolar: Gülzar Məmmədli

Yekun hesabat açıqlandı

Azərbaycan Respublikası “Dövlət Qurumlarında İnformasiya Şəffaflığının Ölçülməsi” Təşəbbüsünün yekun hesabatı açıqlanıb.

Hesabatın müəllifləri hüquqşünas Ələsgər Məmmədli və siyasi fəal Nəsimi Məmmədlidir.

Hesabatın təqdimatında Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld OBE, yerli QHT təmsilçiləri və dövlət qurumlarının nümayəndələri də iştirak edirdi.

Monitorinq dövrü 1 yanvar-31 mart 2023-cü il tarixlərini əhatə edir.

Ələsgər Məmmədli bildirib ki, Azərbaycan Respublikasında “Dövlət Qurumlarında İnformasiya Şəffaflığının Ölçülməsi” Təşəbbüsü ardıcıl olaraq, bir neçə ildir aparılır. Sonuncu hesabat 2022-ci ilin əvvəlində 2021-ci ilin vəziyyətini əks etdirib. Bu hesabat 2022-ci il başa çatandan dərhal sonra 2023-cü ilin yanvar-mart aylarında həyata keçirilib və 2022-ci ilin vəziyyətini əks etdirir.

Ələsgər Məmmədli.

“Dövlət Qurumlarında İnformasiya Şəffaflığının Ölçülməsi” Təşəbbüsü çərçivəsində İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilən informasiya sahibləri arasından, 14 dövlət qurumu, 17 nazirlik, 7 komitə, 19 dövlət xidmətləri, 30 agentlik, 20 Açıq Səhmdar Cəmiyyəti (ASC) və Qapalı Səhmdar Cəmiyyəti (QSC), 28 fondlar, idarələr, mərkəzlər, MMC-lər, 16 şirkətlər, komissiyalar, institutlar və digər qurumlar olmaqla monitorinqi aparılıb.

Ümumilikdə möcud qanunvericiliyə əsasən informasiya sahibi rolunda mövcud olan 151 dövlət qurumu və hüquqi şəxslərin rəsmi saytı monitorinq olunub.

Dövlət qurumlarının informasiya resurslarının “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunluğu rəsmi internet resurslarının informasiya açıqlığının vəziyyəti müxtəlif metodlarla monitorinq edilib. Bu zaman xüsusilə Qanunun 29-cu maddəsində açıqlanması zəruri olan informasiyaların açıqlıq vəziyyəti öyrənilib.

Hesabatla bağlı ətraflı  məlumat verən Nəsimi Məmmədli deyib ki, monitorinq zamanı mərkəzi icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarının onlayn şəffaflıq vəziyyəti 13 parametr və 59 qiymətləndirici meyarlar üzrə analiz edilib.

Nəsimi Məmmədli.

Dövlət qurumlarının rəsmi internet resurslarında onlayn şəffaflıq vəziyyətini ölçmək üçün rəsmi saytlarda yerləşdirilən 8968 informasiya blokunun hər biri fərdi analiz edilib.

Bundan başqa, dövlət qurumlarının dövlət xidmətləri ilə bağlı vahid məlumat portalına inteqrasiyasının real vəziyyəti araşdırılıb.

Həmçinin dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin vəziyyəti təhlil edilib. İnformasiyaların və xidmətlərin kəmiyyət və keyfiyyət cəhətdən hərtərəfli analiz edilməsi məqsədi ilə 10562 bloka giriş edilib.

Hesabatda xatırladılır ki, 2020-ci ilin monitorinqi zamanı Dövlət Xidmətlərinin sayı müvafiq olaraq 774 idi. 2021-ci ilin monitorinqi zamanı bu siyahı 1041-ə yüksəlib. Hazırda, vahid məlumat portalında 3532 dövlət xidmətləri qeyd olunub. Vurğulanır ki, ötən hesabat dövrü ilə müqayisədə xidmətlərin sayının 3.3 dəfə artmasının səbəbi 79 yerli icra hakimiyyətləri orqanlarının göstərdikləri xidmətlərlə əlaqəlidir. Belə ki, 79 rayonda ayrılıqda göstərilən eyni xidmətlərin (79×30) cəmi 2379-dur.

Əvvəlki hesabat dövründə yerli icra hakimiyyəti orqanlarının göstərdikləri xidmətlər isə açıqlanmırdı.

“Əgər öncəki illərdəki statistika ilə müqayisə aparsaq, Mərkəzi İcra hakimiyyəti, digər büdcə təşkilatları və hüquqi şəxslərin göstərdikləri xidmətlər 1153 olub. 2021-ci illə müqayisədə xidmətlər cəmi 0.9 % artıb”, – hesabatın giriş hissəsində vurğulanır.

Mərkəzi icra hakimiyyəti orqanlarının Monitorinqi 2020-ci ildə həyata keçirilən monitorinqdə 81, 2021-ci il isə 154 mərkəzi icra hakimiyyəti orqanları və onlara tabe qurumlar monitorinq olunub. Bu il isə 151 qurum monitorinq edilib.

İnformasiyalar necə açıqlanır?

Dövlət qurumlarının rəsmi saytlarında bir qayda olaraq açıqlanmayan və ya səthi açıqlanan (0-45%) informasiyalar 17 meyar üzrə 27.11% olub. 2021-ci ildə heç açıqlanmayan və ya səthi açıqlanan informasiyalar isə 12 meyar üzrə 20.3% təşkil edib.

Dövlət qurumlarının İnternet resursunun mövcud qaydalara uyğunluğu informasiya soğrularının qəbulu üzrə tələb olunan məlumatlar istisna olmaqla əsasən normaldır və istifadə üçün rahatdır. Əksəriyyət saytlarda geniş bilgilər yer alıb və bölmələr üzrə dolğunluğu qeyd edə bilərik. Saytların texniki imkanları və funksionallığı da əsasən qənaətbəxşdir”, – hesabat müəllifləri qeyd edib.

Bildirilir ki, bu istiqamətdə ən narahatedici məqam onlayn informasiya soğrularının qəbulu üçün nəzərdə tutulan pəncərədə “İnformasiya əldə etmək haqqında” Qanunda tələb olunmayan əlavə məlumatların məcburi tələb olunmasıdır:

Ümumi informasiya istəyən soğruçudan qanunla nəzərdə tutulan məlumatların məcburi tələb olunmasından əlavə, qanunda tələb olunmayan şəxsiyyət vəsiqəsinin nömrəsi, dəqiq doğum tarixi, fin kodu, təhsili, cinsi və s. məcburi tələb olunur. Bu məlumatların sorğu göndərəndən tələb olunması fərdi məlumatların qanunsuz toplanmasıdır və qanunvericiliklə buna yol verilmir”.

Hesabat müəllifləri həmçinin qeyd ediblər ki, saytlarda çatışmayan bilgilər də mövcuddur. Belə ki, struktur bölmələrinin səlahiyyət çərçivələri, rəhbərlərin, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası və s haqda məlumatlar cüzi formada açıqlanır.

İctimai informasiya subyektlərinin informasiya xidmətlərinin fəaliyyəti də qənaətbəxş deyil:

Xüsusilə, saytların elektron qaydada informasiya əldə etmək üçün yaratdıqları platformaları qanunvericiliyin tələblərinə uyğun formalaşdırılmayıb. Bu sahədə qanunvericilik vahid forma nəzərdə tutsa da, hər qurum öz təsəvvürünə uyğun tələblər qoyub və üstəlik bu tələbləri məcburi tələb kimi sorğuçuya yönəldib. Demək olar ki, mütləq əksəriyyət soğru platformalarında xidmət yalnız vətəndaşalara təqdim edilir. Halbuki, nə Konstitusiyanın 50-ci maddəsi, nə də İnformasiya əldə etmək haqqında Qanunda yalnız vətəndaşlar sorğu ilə informasiya əldə edə bilər- tələbi mövcud deyil”.

İlk 5-likdə olan saytlar

Hesabatda bildirilir ki, mərkəzi icra hakimiyyətləri orqanlarının rəsmi saytlarının monitorinqi zamanı ümumilikdə 151 dövlət qurumunun 59 meyar üzrə 896.800 informasiyasından 395.900 informasiya və xidmət blokuna giriş edilib. Açıq məlumatlar təqribən 44.15%-dir. 500.900 informasiya bloku üzrə 55.85% məlumatlar çatımlı deyil.

Reytinq cədvəlinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının ən yüksək informasiya açıqlığı göstəricisi 66.57%-lə komitələrə məxsusdur.

Ötən il isə birinci yerdə nazirliklər, ikinci yerdə komitələr idi.

Sıralamaya görə, nazirliklər 63.59%-lə ikinci, Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Baş Prokurorluğun, Nazirlər Kabinetinin, Mərkəzi Bankın, Mərkəzi Seçki Komissiyasının, Məhkəmə-Hüquq Şurasının, İnsan Hüquqları üzrə Müvəkkilin, Hesablama Palatasının, Auditorlar Palatasının, Milli Elmlər Akademiyasının, Audiovizual Şuranın saytlarının da daxil olduğu Dövlət qurumlarının saytı 51.96% -lə üçüncü yerdədir.

Qapalı və Açıq Səhmdar Cəmiyyətlərin (QSC və ASC) orta açıqlıq göstəricisi  43.91%-lə dördüncü, agentlik və fondlar üzrə orta açıqlıq göstəricisi  43.59%-lə beşinci, fondlar, idarələr, mərkəzlər, MMC  yer aldığı qurumların saytları 40.11%-lə altıncı, şirkətlər, komissiyalar üzrə orta açıqlıq göstəricisi  33.96%-lə yeddinci, dövlət xidmətləri üzrə açıqlıq reytinqı 33.28%-lə səkkizinci-sonuncu yerdədir.

2021-ci ildə isə sonuncu yeri şirkətlər, komissiyalar tuturdu.

“Paradoksal olsa da, vətəndaşlara ən çox açıq olması zəruri olan xidmətlər ən sonuncu yerdə qərarlaşıb”, – hesabatda vurğulanır.

Mərkəzi icra orqanlarının informasiya açıqlığı baxımından 89.83%-lə İqtisadiyyat Nazirliyi yanında Vergilər xidməti, 85.59%-lə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi,  84.27%-lə Dövlət Gömrük Komitəsi,  82.62%-lə Maliyyə Nazirliyi,  81.18%-lə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  saytları ilk beşlikdədir.

Bildirilir ki, müvafiq olaraq sonuncu beşlikdə qərar tutan dövlət qurumlarının saytlarında axtarılan məlumatları əldə etmək mümkün olmayıb. Bunlar “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Dövlət Sosial Müdafiə Fondu, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Prezidentin Təhlükəsizlik Xidmətinin saytlarıdır.

Lakin hesabatın müzakirəsi zamanı tədbirdə iştirak edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı qurumun tərkibində olan “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC-nin sonuncu yerlərdə qərarlaşması ilə razılaşmayıb. Deyib ki, həmin qurumun saytı informasiya çatımlığı baxımından normal fəaliyyət göstərir.

Ələsgər Məmmədli deyib ki, monitorinqin əhatə olunduğu müddət ərzində saytda hansısa problemin olması və ya işləməməsi də rəqəmlərə təsir göstərə bilir. Hüquqşünas qeyd edib ki, bayram günləri e-qanun və e-məhkəmə saytları da çətin işləyib, sorğu göndərmək mümkün olmayıb.

 Hesabatda qurumların orta açıqlıq göstəriciləri də geniş yer alıb.

Ana səhifəSiyasətDövlət qurumlarında informasiya şəffaflığı necədir?