close

Dövlət və sənət adamları: “Vətən həm də evdir, soyuducudur…”

Foto: Matyas Rehak, Zephyr_p/shutterstock

“Heç kim düşünməsin ki, dövlət çağırıb ona ev verəcək, maşın alacaq”

Yazar Cəlil Cavanşir sosial şəbəkədə maddi çətinliklərdən şikayətlənib.

“Evləndim, kirayələr. Boşandım, kirayələr…”

O bildirib ki, ipoteka kreditinə götürdüyü mənzilin ödənişini edə bilmir və evdən çıxmaq məcburiyyətindədir:

Uşaqlıqda öz otağımın, kitabxanamın olmasını arzu edirdim. İkiotaqlı evimizdə belə bir şansım olmadığı üçün daim kitablarımı götürüb pəncərənin bir küncünə qısılırdım. Axşamlar da neft lampasının işığında gözümü kitablara dikib xəyallar qururdum. Bir gün öz otağım olacaqdı”.

Cəlil Cavanşir. Foto: sosial şəbəkə

Evləndim, kirayələr. Boşandım, kirayələr. Qardaşların evi, dostların evi, kirayələr. 37 yaşımda isə dövlətin kirayəçisi oldum. Ev aldım dedim, amma bu ev almaq deyil. Məsələn, iki aydır ki, ipoteka borcumu ödəyə bilmirəm, bu ayın sonu dövlətlə aramızdakı müqaviləyə görə evi səssiz-səmirsiz dövlətə verib çıxacağam. Bunu artıq dərd etmirəm. Hətta umrumda deyil”, – Cəlil Cavanşir yazıb.

Problemlər, şikayətlər…

Bir neçə gün öncə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı Yasəmən Qaraqoyunlu da evsizlikdən şikayət etmişdi.

O, Meydan TV-yə açıqlamasında iddia etmişdi ki, AMEA rəhbərliyi onu mənzillə təmin edəcəyinə dair yalan vəd verib, tikinti şirkətinə pul ödənilməyib.

2022-ci ilin dekabrında isə  “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu 87 yaşlı yazıçı Əlisa Nicatın maddi vəziyyətinin pis olması ilə əlaqədar yardım kampaniyası başlamışdı.

Bir sözlə, Azərbaycanda yaradıcı insanlar tez-tez sosial, maddi problemlərlə gündəmə gəlir, evsizlikdən şikayətlənirlər. Bu da cəmiyyətdə birmənalı qarşılanmır.

Bəziləri hesab edirlər ki, sənət adamlarına, yaradıcı insanlara dövlət dəstəyi olmalıdır. Digər bir qism isə düşünür ki, yaradıcı insanlar ələbaxan olmamalıdır.

“Azərbaycanda milyardlar az adamın əlində cəmlənib”

Yazıçı Şərif Ağayar Meydan TV-yə deyir ki, Azərbaycanda yaradıcı adamların güzəranı digərlərindən xeyli aşağıdır və buna görə onlara mütləq dövlət tərəfindən dəstək verilməlidir:

Sual oluna bilər ki, sənət adamı, yazıçı insandır, digərləri – fəhlə, taksi sürücüsü insan deyil? İş burasındadır ki, yaradıcı sahədə qazanc özünə güzəran quracaq səviyyədə deyil. Yaradıcı insana mütləq dəstək lazımdır. Azərbaycanda gözətçidən tutmuş nazirə qədər – hər kəsin öz həyatını təmin etmək imkanı olmalıdır. Azərbaycanın maddi ehtiyatları, sərvətləri buna imkan verir. Bunun üçün biz cəmiyyətimizi, dövlətimizi elə qurmalıyıq ki, Azərbaycan insanının əli bu səadətə çatsın”.

Şərif Ağayar. Foto: “yeniyaz.az”

“Vətən həm də evdir. Vətən həm də soyuducudur.  Elə bir cəmiyyət qurmalıyıq ki, bütün Azərbaycan vətəndaşları özünə ev, maşın ala bilsin. Övladını yaxşı məktəblərdə oxutsun. Xəstələnəndə özünü normal şəkildə müalicə edə bilsin, insan kimi yaşasın. Azərbaycanda milyardlar az adamın əlində cəmlənib. Onların mütləq əksəriyyəti vəzifədə olanlardır. Çoxluq isə ehtiyac içində yaşayır”, – deyə o bildirib.

“Kimsəni məcbur etmirlər ki, sən yaradıcılıqla məşğul olmalısan”

“Mücrü”nəşriyyatının təsisçisi və rəhbəri Müşfiq Xan isə əskinə düşünür.

O hesab edir ki, yaradıcı insan dövrün tələbləri ilə ayaqlaşmalı və daim öz üzərində işləməlidir:

“Azərbaycanda nasirlər davamlı işləmirlər. Baxırsan ki, hansısa saytda redaktordur. Növbəti gün şeir yazır. Başqa gün isə reportaj hazırlayır. Özünü yazıçı kimi yetişdirə bilmir. Sonra da dünya kitab bazarı ilə müqayisə aparır. Azərbaycanda hansısa nasir ölkəsinin kitab bazarını dünya ilə müqayisə edəndə yazdığı mətni də müqayisə etməyi bacarmalıdır. Yazdığı mətnin çəkisini ona uyğunlaşdırmalıdır”.

Müşfiq Xanın fikrincə, nasirlər xarici bazara çıxmalıdırlar:

“Azərbaycanda yaşayırsansa, xarici dil imkanların olmalıdır. Xarici dildə yazmağı bacarmalısan və yaxud da işini elə qurmalısan ki, əsərlərin başqa dillərə tərcümə olunub, xarici platformalarda yer alsın. “Azərbaycanda yazıçı qazana bilmir”, “Yazıçının başqa biznesi olmalıdır”, kimi giley-güzarın yeri yoxdur”.

Müşfiq Xan. Foto: M.Xanın şəxsi arxivindən

On yeddi ildir ki, kitab nəşri, çapı, satışı ilə məşğulam. Çox gənc nəsil, yaşı 22 üzərində olan, yeni yaradıcılığa başlayan imzalar daha aktivdir və yaradıcılığın strategiyasını daha düzgün qurublar və qısa vaxt ərzində populyarlaşa bilirlər. Çünki böyük əksəriyyətinin xarici dil imkanları var. Xarici dildə düşünə, yaza bilirlər. Dünya kitab bazarını araşdırırlar, dünyada baş verən ədəbi prosesləri yaxından izləyirlər. Ədəbiyyat müsabiqələrində iştirak edirlər”, – naşir belə deyir.

Onun fikrincə, 90-lardan sonra ədəbiyyata gələn nəsil isə nədənsə giley-güzar edir, kimisə suçlayırlar:

Heç kim düşünməsin ki, dövlət çağırıb ona ev verəcək, maşın alacaq. Ya da yaxasından medal asıb, diplomla təltif edib, zərfdə pul verəcək. Bunun üçün düzgün çalışmaq lazımdır. Bu problemin kökündə yaradıcı insanın özü dayanır. Kimsəni məcbur etmirlər ki, sən yaradıcılıqla məşğul olmalısan, roman, şeir yazmalısan”.

“Bir az kobud səslənsə də, adama deyərlər ki, istəmirsən, get, alver et, başqa işlə məşğul ol. Hamı populyarlaşmaq istəyir. Ədəbiyyat tarixində qalmaq, dərsliklərə düşmək istəyir, həmçinin də narazılıq edir. Ədəbiyyat adamı həm yaxşı dolanmaq, həm də tarixdə qalmaq istəyirsə, öz üzərində çalışmalıdır. Yaradıcılığını xaricə çıxarmalıdır”, – deyə Müşfiq Xan vurğulayıb.

“Dövlət tərəfindən mənzillə təmin olunma sovetlərdən qalma ənənədir”

İqtisadçı Toğrul Vəliyev hesab edir ki, yaradıcı insanlar öz məhsullarını bazarda satmağı bacarmalıdırlar:

“Bizdə niyəsə hesab edirlər ki, yaradıcı insanlar xüsusi kateqoriyadır. Dövlət tərəfindən mənzillə təmin olunma sovetlərdən qalma ənənədir. Sovet dövründə böyük rol oynamırdı ki, mənzil fəhləyə verilir, yoxsa hansısa bir yazıçıya”.

Toğrul Maşallı
Foto: Toğrul Maşallının şəxsi arxivindən

Nəzərə almaq lazımdır ki, sovetlərdə dövlətdən başqa heç bir mənbə yox idi. İndi isə dövlətdən başqa da mənbələr var. Yazıçılar da məhsul yaratmalıdırlar, kitab yazmalı, satış etməlidirlər. Azərbaycan bazar iqtisadiyyatı şəraitində yaşadığı üçün kiminsə sosial və ya maddi problemlərinin həll olunması onun şəxsi işidir”, – Toğrul Vəliyev qeyd edib.

“Yaradıcı insanlara dövlət tərəfindən dəstək olunmalıdır…”

Sosioliq Aynur Hacıyeva yazarların yaradıcılıqla məşğul olması üçün dövlət dəstəyinin vacib olduğunu vurğulayır:

“İndi elektron sistemdə yaşayırıq. Daha çox elektron informasiyadan, elektron kitablardan istifadə olunur və ənənəvi kitablara müarciət edənlərin sayı əvvəlki dövrlərə nisbətən azdır. Əvvələr belə deyildi, hamı qəzet, kitab, jurnal alırdı. Ona görə də hazırda yaradıcı insanların öz məhsullarını satıb, gəlirə çevirmək imkanları azdır”.

Aynur Hacıyeva. Foto: İTV-dən screenshot

Yaradıcı insanlara dövlət tərəfindən dəstək olunmalıdır ki, onlar da müəyyən dövr ərzində yazıb-yarada, öz əsərlərini tanıda bilsinlər. Xaricə çıxış imkanı var. Yazarların əsərlərini xaricdə tanıtmaq üçün dövlət proqramları olmalıdır. Bu proqramdan keçən əsərlər dövlətin dəstəyi ilə xaricdə tanınması üçün dəstək olunmalıdır”, – sosioloq vurğulayıb.

Ana səhifəSosialDövlət və sənət adamları: “Vətən həm də evdir, soyuducudur…”