close

366 №-li “HƏMAS” alayı

HƏMAS-İsrail. Foto: OnePixelStudio/shutterstock

Zərdüşt Əlizadə

Yoxsa HƏMAS-dan heç nə asılı deyil, bu təhlükəli təşkilat sadəcə buyruq quludur?

Ərəbcə HƏMAS  – “Hərakətu-l-muqavaməti-l-isləmiyyəti” – izafət sözbirləşməsinin ilk hərflərindən düzəlmiş müxtəsər sözdür.

Solçu-millətçi hərəkat kimi başlamış FƏTH təşkilatı rüşvət və siyasi intriqalar girdabına qərq olunca Fələstin xalqının milli-azadlıq amalları naminə mübarizə əzmi islami təmayülə üz tutdu və HƏMAS təşəkkül tapdı.

Necə deyərlər, tələb olmasa, təklif də olmaz.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

İndi HƏMAS qanlı hadisələr burulğanı törədərək dünyanın diqqət mərkəzindədir. Heç bir şübhə yoxdur ki, 2023-cü ilin oktyabr ayının 7-də HƏMAS döyüşçüləri Ğəzzanı (Qəzza) əhatə edən divarı yarıb İsrailə hücum edəndə, şüurlu tərzdə dinc əhalinin vəhşicəsinə kütləvi qırğınına səbəb olmuş terror hadisəsi törətmişlər.

Şəxsən mən əminəm ki, İsrail dövləti Ğəzza şəhərini havadan bombalayanda və bu zaman dinc əhali qırılanda, bu da terror hadisəsidir.

Heç kəs deyə bilməz ki, günahsız israillinin qətli terrordur, günahsız fələstinlinin qətli qanuni və savab əməldir. Hər ikisi cinayətdir.

Deməyinə deyirlər, fəqət heç bir məntiqi düşünən insan buna inanmır.

Dünya hadisələrinin gizli mənasını açmağa çalışan ağıllı insanlar elə-hey baş sındırıb HƏMAS-ın bu əməliyyatının məqsədini dərk etməyə çalışırlar.

HƏMAS-ın məqsədi nə idi? Özündən dəfələrlə güclü İsrail dövlətinə böylə amansız hücum edəndə, nəyə güvənirdi? Axı keçən dəfələrin qarşıdurmalarının hamısında İsrail hərbi qələbə qazanmışdı, bu dəfə də belə olacağına heç kəs şübhə etmir. Beləysə, HƏMAS nəyə ümid edirdi? Yəni HƏMAS elə bir naməlum və gizli silaha və gücə malikdir ki, bu dəfə Ğəzzada gedəcək küçə döyüşlərində İsrailin zirehli texnikasını və canlı qüvvəsini məhv edəcəyinə əmindir?

Yoxsa HƏMAS-dan heç nə asılı deyil, bu təhlükəli təşkilat sadəcə buyruq quludur? Bəlkə HƏMAS elə sovet Azərbaycanının Stepanakert şəhərində vaxtilə yerləşdirilmiş rus ordusunun 366№li alayının eynidir? Əmr veriblər hücum et, o da hücum edib?

Bu alaya 1992-ci ilin fevral ayının 25-də Moskvadan, müdafiə naziri, SSRİ-nin aviasiya marşalı Yevgeniy İvanoviç Şapoşnikovdan əmr gəldi ki, Xocalıya hücum edən erməni quldurlarını dəstəkləyin, onlar da əmri yerinə yetirdilər. Şapoşnikova bu əmri Rusiya prezidenti Yeltsin vermişdi. Məqsədi də bu idi ki, MDB ordularının Moskvada yerləşən vahid komandanlığa tabe edilməsi təklifini qəbul etməyən Ayaz Mütəllibovu devirməyə can atan yerli müxalifətə təsirli  ideoloji silah verilsin. Təsir gücü böyük olsun deyə Azərbaycan əhalisini sarsıda biləcək ağlasığmaz vəhşiliklər törənməli idi və törəndi: meyidlərin skalpı soyulub götürüldü, tifil körpələr güllələndi və sairə.

Möhtərəm oxucu, bu ilk baxışdan mənasız görünən vəhşilik sizə Ğəzzada törənmiş ağlasığmaz mənasız vəhşilikləri xatırlatmırmı? Axı Xocalı qətliamının Azərbaycan əhalisində yaratdığı və prezident Ayaz Mütəllibova qarşı yönəlmiş qəzəb və nifrət eynilə bütün dünyanın vicdanlı insanlarında HƏMAS-a və fələstinlilərin haqq mübarizəsinə qarşı oyanmışdır.

HƏMAS-ın Qatar əmirliyinin paytaxtı Doha şəhərində məskunlaşan siyasi rəhbərliyi və Fələstin müxtariyyətinin başçısı Mahmud Abbas belə Ğəzzada törənmiş vəhşiliyi pisləməli olmuşlar.

Yaxşı, istənilən birinci və üzdə olan məqsəd əldə edilmişdir, yəni HƏMAS-ın şəninə qara ləkə yaxılmışdır. İsrail indi tam mühasirədə olan iki milyonluq şəhərin dinc əhalisini vəhşicəsinə bombalayanda bəşəriyyətin dili və səsi olan əksəriyyəti onu qınamır, əksinə, bəraət qazandırır.
Lakin bu, üzdə olan məqsəddir. Xocalı qətliamının daha mühüm və uzaq məqsədləri var idi və həmin faciəvi hadisədən 30 il keçəndən sonra onların bir qismi artıq anlaşılan olub.

7 oktyabr  Ğəzza hücum və qətliamından 30 il keçməsini gözləməlimi olacağıq?
Hələlik üzdə olan ən mühüm siyasi nəticə ondan ibarətdir ki, ərəb dövlətlərinin Fələstin xalqının haqq işinin müdafiəsindən geri çəkilib təslim olmaları prosesi naməlum vaxta qədər dayandırılıb, artıq heç kəs Səudiyyə Ərəbistanının İsraili yaxın vaxtda tanıyacağına inanmır.
Bu əsnada nisbətən kiçik, lakin kiminsə üçün vacib sayılan digər bir hadisə baş verdi.
Adətən İsrailin baş nazirləri seçiləndən sonra Vaşinqtona səfər edib ABŞ prezidentləri ilə görüşürlər. Lakin Binyamin Netanyahu bu dəfə baş nazir seçiləndən sonra onu Vaşinqtona dəvət etmədilər. Səbəbi də bu idi ki, Baydenin ondan indi xoşu gəlmir. Əvvəl gəlirdi, indi isə gəlmir. Netanyahu hey çalışdı ki, Bayden onu çağırsın, alınmadı.

Ğəzza qətliamından sonra Bayden özü İsrailə gəlib Bibi Netanyahu ilə qucaqlaşdı, çünki ABŞ-ın daxili siyasi həyatı ondan bunu tələb edir.

Bayden istəyirdi ki, Əmmanda Misir, Səudiyyə, İordaniya və Fələstin başçıları ilə görüşüb iki dövlət məsələsini birdəfəlik həll etsin, böyük sülhpərvər və nəhəng siyasi xadim adını qazansın.

Buna mane olmaq üçün Ğəzzada “əl-Əhli” hospitalında partlayış törədildi və yüzlərlə insan öldürüldü. Bombanı İsrailmi atdı, yoxsa partlayışı “əl-Cihadu-l-isləmi” təşkilatının atdığı raketmi törətdi, bunun artıq əhəmiyyəti yoxdur, zira gizli və naməlum qüvvənin istəyi həyata keçib: Mahmud Abbas bu bəhanədən istifadə edib Əmman görüşündən imtina etdi və cənab Bayden suyu süzülə-süzülə Vaşinqtona dönəsi oldu.

Dünyada xeyli insan, ola bilsin, bəşəriyyətin əksəriyyəti, “konspirologiya”, yəni sui-qəsd nəzəriyyəsinə inanmır. Onların fikrincə, dünyada bütün hadisələr təbii axarı ilə, sadəcə təsadüfən törənir. Dünyada hadisələri törədən və idarə edən heç bir gizli və naməlum qüvvə və hətta qanunauyğunluq yoxdur, buna inananlar isə sadəcə yanılırlar. Ola bilsin, belədir, dünya hadisələrini idarə edən, onları planlaşdıran qüvvə və insanlar yoxdur.

Biznes sahəsində planlama var, böyük şirkətlər öz fəaliyyətini gələcək on illərə planlayırlar, siyasətdə isə planlama yoxdur və ola da bilməz. Lakin onda necə olur ki, bəzi məlumatlı və düşünməyi bacaran insanlar gələcək hadisələrin seyrini olmazın dəqiqliklə əvvəlcədən görürlər və deyirlər?

Əgər tarixi hadisələrdə heç bir insan iradəsi və qanunauyğunluq yoxdursa, necə olur ki, on səkkizinci əsrin sonunda ingilis mütəfəkkiri Edmund Börk Fransada inqilab olacağını, fransız kralının boynunun vurulacağını, silsilə qanlı hadisələrdən sonra Fransada bir əzəmətli müstəbidin hakimiyyətə gələcəyini, demək olar ki, bütün Avropanı işğal edəcəyini, lakin nəhayətdə məğlub olacağını əvvəlcədən görüb yazmışdı? Yəni bir insan 30 ilin hadisələrini əvvəlcədən böylə dəqiqliklə görə bilərmi?

1914-cü ildə Rusiyanın sabiq daxili işlər naziri Nikolay Durnovo çar İkinci Nikolaya məktub yazıb demişdi ki, bu yaxında Avropada böyük müharibə başlayacaq, Rusiya bu müharibədən uzaq durmalıdır, qatılsa, imperiya dağılacaq, Romanovlar sülaləsi devriləcək və məhv olacaq.
Durnovonun öncəgörməsinə və xəbərdarlığına fikir vermədilər.

Bəlkə bəşəriyyətin alnına yazılıb ki, bilikli və uzaqgörən insanlara məhəl qoymasın, dünya hadisələrinin axarını və inkişaf qanunauyğunluqlarını anlayan və deyən insanlara etinasız yanaşsın? Ola bilər.

Hələliksə başıbəlalı Fələstində insan qanı su yerinə axır, su özü də qəhətdir, insanlar içməyə su tapammır.

İlahi, insanlara rəhm et, onlara bir az ağıl ver.

Ana səhifəMənim Fikrimcə366 №-li “HƏMAS” alayı