close

Dövlətə xəyanətdə təqsirləndirilən Qarabağdakı könüllünün psixi durumu açıqlandı

Foto: Meydan TV

Fidan Əliyeva casusluq etmədiyini deyir və özünü təqsirli bilmir

Laçın-Xankəndi yolunda 2022-ci ilin dekabrından başlayan və 2023-cü il aprelin sonuna qədər davam edən etiraz aksiyasında iştirak etmiş gənc könüllülərdən biri Fidan Əliyeva il yarımdır ki, dövlətə xəyanət ittihamıyla həbsdədir.

2003-cü il təvəllüdlü Fidan Əliyeva Ermənistan xüsusi xidmət orqanının əməkdaşına məlumatlar ötürərək casusluq etməkdə təqsirləndirilir.

Bir ilə yaxındır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə məhkəmə prosesi gedir.

Məhkəmə prosesində bir müddət əvvəl Fidan Əliyevanın vəkili vəsatət qaldıraraq, onun psixi vəziyyətinin, onun anlaqlı olub-olmamasının araşdırılmasını istəmişdi.

Müvəkkilinin vəziyyətinin normal olmadığını deyən vəkil onunla bağlı kompleks psixiatrik ekspertiza keçirilməsi barədə vəsatət qaldırmışdı.

Hakim Əli Məmmədovun sədrlik etdiyi məhkəmə heyəti də vəsatəti təmin edərək Fidan Əliyevanın ekspertizadan keçirilməsinə qərar vermişdi.

Artıq ekspertizanın rəyi məlumdur və mayın 27-də məhkəmədə açıqlanıb.

Ekspertlərin rəyinə görə, Fidan Əliyeva anlaqlıdır və hərəkətlərinin nəticəsini dərk etmək iqtidarındadır.

İttihama görə, Fidan Əliyeva Ermənistanın xüsusi xidmət orqanının əməkdaşıyla internet vasitəsiylə tanış olub, ona müxtəlif məlumatlar, foto və videolar göndərib, lakin Fidan Əliyeva özünü təqsirli bilmir.

Ermənistana casusluq ittihamıyla razılaşmadığını vurğulayan Fidan Əliyeva bildirib ki, həmin şəxslə “Telegram” kanalında tanış olub.

Tanış olarkən də həmin şəxsin erməni yox, Rusiya vətəndaşı olduğunu bilib.

Onun sözlərinə görə, özünü elə təqdim etmişdi.

Fidan Əliyeva əlavə edib ki, tanış olmaqda məqsədi Azərbaycan haqda məlumat vermək yox, insan kimi ünsiyyət qurmaq olub.

Fidan Əliyevanın məhkəməsi qapalı keçirilir.

Bu cinayət işində dövlət sirri sayılan məlumatların olduğu əsas gətirilərək, məhkəmə prosesinin qapalı keçirilməsinə qərar verilib.

Cinayət işinə Fidan Əliyevaya məxsus olduğu iddia edilən səs yazısı da əlavə olunub.

Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsində 12 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Lakin Azərbaycanda qadınlara ömürlük azadlıqdan məhrumetmə cəzası verilmir.

Ana səhifəSiyasətDövlətə xəyanətdə təqsirləndirilən Qarabağdakı könüllünün psixi durumu açıqlandı