close

DSK ötən ilin ÜDM göstəricilərini açıqladı, iqtisadçı rəqəmlərə şübhə edir

Foto: Meydan TV

Alternativ mənbə yox, başqa hesablama yox, rəqəmlərlə istədikləri kimi “rəqs edirlər””

2023-cü ildə ölkədə 123 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunduğu bildirilir. Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.

Qeyd edilir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,7 faiz artıb. ÜDM istehsalının 40,5 faizi sənaye, 10,0 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 5,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18,6 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 12114,5 manata bərabər olub. DSK-nın bundan öncə açıqladığı məlumatda deyilirdi ki, son bir ildə Azərbaycanda ümumi daxili məhsul cəmi 0,5 faiz artıb.

Həmin məlumatda bildirilirdi ki, 2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə istehsal olunan 100,9 milyard manatlıq ÜDM əvvəlki illə müqayisədə cəmi 0,5 faiz çoxdur.

Natiq Cəfərli
Foto: Meydan.TV

İqtisadçı Natiq Cəfərli də deyir ki, hökumət 4 ay qabaq 2023-ün ilk 8 ayında ÜDM-nin cəmi 0,5 faiz artdığını rəsmən elan edib. Onun sözlərinə görə, indi açıqlanan rəqəm həqiqəti əks etdirmir:

“Gördülər 0.5 faiz çox azdı, 2 ay əvvəl dedilər ki, yox e, ilk 10 ayda 0,8 faiz artıb, indi də 2023-cü ili 1,1 faiz ÜDM artımı ilə başa vurduğumuzu söyləyirlər. Alternativ mənbə yox, başqa hesablama yox, rəqəmlərlə istədikləri kimi “rəqs edirlər”. Amma 1,1% ÜDM artımı, əslində resessiyaya yaxın göstəricidir. Buna kimsə cavab verəcəkmi ki, niyə 2023-də MDB-də ən aşağı iqtisadi artım Azərbaycanda olub?”.

Beynəlxalq Valyuta Fondu (BVF) “Dünyanın İqtisadi Mənzərəsi” adlı hesabatında qarşıdakı beş il ərzində dünya ölkələrinin iqtisadi göstəricilərinin proqnozunu verib. Hesabatda Cənubi Qafqazın üç ölkəsi barədə də iqtisadi göstəricilər yer alıb. Məlum olub ki, 2028-ci ildə ümumi daxili məhsulun (ÜDM) real artımının ən aşağı səviyyəsi Azərbaycanda olacaq – 2.5 faiz. Ən yüksək göstərici Gürcüstandadır – 5.2 faiz gözlənilir. Ermənistanda isə artımın 4.5 faiz olacağı proqnozlaşdırılır.

Ana səhifəİqtisadiyyatDSK ötən ilin ÜDM göstəricilərini açıqladı, iqtisadçı rəqəmlərə şübhə edir