close

Prorektorun qətlilə bağlı məhkəmənin qapalı keçirilməsi istənildi: “Sirr açıqlana bilər…”

Müşviq Atakişiyev və Tariyel Əhmədov. Foto: Wiki

 Cinayət işi məhkəmə baxışına verildi

13 il əvvəl Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun qətlə yetirilməsilə bağlı məhkəmənin ilkin hazırlıq iclası keçirilib. Qətldə ittiham olunan üç nəfərin – Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Bu cinayət işi Siyavuş Hacıyevin sədrliyilə, Şəlalə Həsənova və Vüqar Quliyevdən ibarət hakimlər kollegiyası tərəfindən araşdırılır.

Yanvarın 17-də məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərdən Müşfiq Atakişiyevin vəkili Kamran Kərimov prosesin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, Müşfiq Atakişiyev məhkəmədə ifadə verəndə ailə və məişət zəminində sirr hesab olunan müəyyən məsələləri açıqlaya bilər. Həmçinin onun ifadəsində kommersiya və peşə sirri hesab olunan hallar ortaya çıxar:

“Bundan başqa, məhkəmə prosesi açıq keçirilsə, yerdən xoşagəlməz replikalar ola bilər, bu da prosesin pozulmasına gətirib çıxarar. Təqsirləndirilən şəxslərin səmimi ifadə verə bilmələri üçün də prosesin qapalı keçirilməsinə ehtiyac var”.

Digər təqsirləndirilən şəxslərin vəkilləri də məhkəmənin qapalı keçirilməsi barədə onun vəsatətini dəstəkləyib. Vəkillər prosesin qapalı keçirilməsilə yanaşı, həm də jurnalistlərin məhkəmədə iştirakına etiraz edib.

Təqsirləndirilən keçmiş rektor, professor Müşfiq Atakişiyevin özü də məhkəmə prosesinin qapalı keçirilməsini istəyib.

Prokuror isə məhkəmənin qapalı keçirilməsi üçün əsas olmadığını bildirib. Dövlət ittihamçısının sözlərinə görə, cinayət işinin materiallarında sirr hesab olunacaq məqamlar yoxdur.

Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində mərhum prorektorun oğlu Zaur Əhmədov iştirak edib. O bildirib ki, məhkəmənin açıq, yoxsa qapalı keçirilməsilə bağlı qərarı məhkəmənin mülahizəsinə buraxır.

Hakimlər vəsatəti təmin etməyib. Məhkəmə prosesinə sədrlik edən hakim Siyavuş Hacıyev bildirib ki, hazırda məhkəmə prosesinin qapalı keçirilməsinə zərurət yoxdur. Amma prosesin gedişində zərurət yaransa, bu məsələyə yenidən baxıla bilər.

Prorektorun qətli ilə bağlı cinayət işinin məhkəmə baxışına verilməsi qərara alınıb. Məhkəmə baxışı yanvarın 22-nə təyin olunub.

1966-cı il təvəllüdlü Müşfiq Atakişiyev illər öncə Təfəkkür Universitetinin rektoru olub. O, 2023-cü ilin noyabrında həbs olunanda Elm və Təhsil Nazirliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunun icraçı direktoru idi. Müşfiq Atakişiyev eyni zamanda İqtisadiyyat İnstitutunun nəzdində İqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri olub.

O, rektor olduğu dövrdə prorektorun qətlini sifariş etməkdə ittiham olunur.

1977-ci il təvəllüdlü Dəyanət Quliyev isə 20 il (2000-2020) daxili işlər orqanlarında çalışıb, polis zabiti olub. O, uzun illər Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsində mayor rütbəsində əməliyyat müvəkkili işləyib. 2011-ci ildə Tariyel Əhmədov qətlə yetirilən vaxt da o, polis zabiti kimi, daxili işlər orqanlarında xidmət edirdi.

1984-cü il təvəllüdlü Samir Quliyev isə taksi sürücüsü olub. O, Dəyanət Quliyevin həmkəndlisidir.

1942-ci il təvəllüdlü Tariyel Əhmədovun meyiti 2011-ci il sentyabrın 16-da yaşadığı binanın yaxınlığında tapılıb. Uzun müddət cinayətin üstü açılmayıb. 12 il sonra – 2023-cü ilin aprelində Dəyanət Quliyev bu cinayəti törətməkdə təqsirləndirilərək həbs olunub.

Noyabrda Samir Quliyev və Müşfiq Atakişiyev də həbs edilib. İttihama əsasən, Tariyel Əhmədovu Dəyanət Quliyev yox, onun həmkəndlisi Samir Quliyev qətlə yetirib. Onun bu cinayəti sifarişlə və 40 min dollar pul müqabilində həyata keçirdiyi iddia olunur.

İttihama görə, sifarişçi də o dövrdə Təfəkkür Universitetinin rektoru olan Müşfiq Atakişiyevdir. Daha dəqiqi, o, sifarişi qohumu Dəyanət Quliyevə verib. O isə həmkəndlisini bu işə cəlb edib.

İddia olunur ki, Müşfiq Atakişiyev Tariyel Əhmədovu işgüzar nüfuzuna, rektor vəzifəsində qalmasına maneə kimi qəbul edib, buna görə də onun qətlini sifariş verib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.

Keçmiş rektor özünü təqsirli bilmir, bu cinayətə aidiyyəti olmadığını deyir.

Müşfiq Atakişiyev Azərbaycan Neft və Kimya İnstitutunu (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. 2005-ci ildə professor adını alan Atakişiyev 2008-2010-ci illərdə Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə ekspert komissiyasının sədri, eyni zamanda, 2000-2014-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri olub. 2022-ci ildən isə İqtisadiyyat İnstitutunun icraçı direktoru idi.

Ana səhifəSosialProrektorun qətlilə bağlı məhkəmənin qapalı keçirilməsi istənildi: “Sirr açıqlana bilər…”