close

DTX-nın saxladığı blogerə 4 ay həbs qətimkan tədbiri seçilib

Foto: Arzu Sayadoğlunun şəxsi arxivindən

O, hədə-qorxu ilə əmlak tələb etmədə ittiham olunur

“Youtube” kanallarında hökuməti tənqid edən bloger Arzu Sayadoğlunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saxladığı məlum olub.

O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.

Yaxınlarının bildirdiyinə görə, Arzu Sayadoğlunun harada olması barədə üç gün ərzində heç bir məlumat ala bilməyiblər.

“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov məsələni ictimailəşdirəndən sonra Arzu Sayadoğlunun həbs edildiyi və artıq Bakı İstintaq Təcridxanasına köçürüldüyü məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti jurnalist sorğusuna cavab olaraq, blogerin polis əməkdaşları tərəfindən saxlanılmadığını açıqlayıb.

Ardınca məlum olub ki, Arzu Sayadoğlu haqqında həbs qərarı Səbail Rayon Məhkəməsində verilib.

Onu saxlayanlar da DTX əməkdaşları olub.

Bu üzdən həbs qətimkan tədbiri seçilməsi üçün ərazi aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə aparılıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Arzu Sayadoğluya qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak əldə etmək üçün hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham irəli sürülüb.

Bu maddənin sanksiyasında 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Səbail rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Lakin yaxınları onun hökumətə qarşı tənqidlərinə görə cəzalandırıldığını düşünür.

O, “Youtube”dakı “Arzu Sayadoğlu” adlı kanalın rəhbəri və aparıcısı olaraq, ölkədəki siyasi vəziyyəti, məmur özbaşınalığını kəskin tənqid edirdi.

Sonuncu dəfə Arzu Sayadoğlu öz kanalında yox, “Azad söz” kanalında çıxış edib, tənqidi fikirlərlə yanaşı, həm də insanları susmamağa, dinc etirazlara səsləyib. Bundan sonra isə o, yoxa çıxıb.

Arzu Sayadoğlu son dövrlərdə “Xalqa xidmət hərəkatı” yaradıldığını və bu təşkilatın rəhbəri olduğunu bəyan etmişdi.

Ana səhifəSiyasətDTX-nın saxladığı blogerə 4 ay həbs qətimkan tədbiri seçilib