close

Əbülfəs Qarayev: “Fəaliyyətim dönəmindəki pozuntulara hüquqi qiymət verilib”

Foto: arxiv

Sabiq nazir deyib ki, günahkarlar öz cəzasını çəkiblər

“Fəaliyyətim dönəmindəki qanun pozuntuları ilə bağlı elə qanun çərçivəsində qiymət verilib”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev fəaliyyəti dövründəki nöqsanlarla bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, günahkarlar öz cəzasını çəkiblər:

Bu, təbii prosesdir. Ölkədə bu cür məsələlərlə bağlı mübarizə gedir”.

Keçmiş nazir düşünür ki, Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınması üçün işlər görülməlidir:

Prezident İlham Əliyev və Mehriban Əliyevanın diqqəti sayəsində mədəniyyət sahəsi daha da inkişaf edəcək”.

“İndi müəllim kimi fəaliyyət göstərirəm, baş verən yenilikləri də izləyirəm. Əminəm ki, yeni təyin olunmuş şəxslər buna layiqdirlər və onlar var qüvvə ilə çalışmalıdırlar. İndiki dövrdə Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınması üçün işlər görülməlidir”, – eks nazir əlavə edib.

2020-ci il mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində nazirin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs olunublar.

Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov isə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndiriliblər.

Bunun ardınca, mayın 21-də isə Prezident İlham Əliyev Əbülfəs Qarayevin mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.

1956-cı ildə Bakı şəhərində doğulan Əbülfəs Qarayev 1994-2001-ci illərdə gənclər və idman naziri, 2001-2006-cı illərdə gənclər, idman və turizm naziri, 2006-2018-ci illərdə mədəniyyət və turizm naziri vəzifələrində çalışıb.

O, 2018-ci ildə mədəniyyət naziri təyin edilib.

Ana səhifəMədəniyyətƏbülfəs Qarayev: “Fəaliyyətim dönəmindəki pozuntulara hüquqi qiymət verilib”