close

Gəncə sakini: “28 il vicdanla çalış, əvəzində şərlənib işdən çıxarıl”

Vəfa Bağırova (sağda). Fotolar: Meydan TV

Vəfa Bağırova direktoru ittiham edir, qarşı tərəf prokurorluğa üz tutacağını deyir

“1995-ci ildən oxuduğum məktəbdə əmək müqaviləsi ilə texniki işçi kimi işə alındım. Çertyojçu kimi çalışdım, həm də oxuyaraq orta ixtisas təhsilinə dair diplom da aldım. Bütün tədbirlərin tərtibatını, sinif, şəhid guşələrini, əl işlərini, məktəb və sinif cədvəlləri, çertyojları mən hazırladım. Əvəzində 15 sentyabrda təyin olunan direktor əvəzləyicisi məni haqsız yerə şərləyib işdən çıxardı. Hamı kimi rüşvət vermədim, məktəbdəki nöqsanları açdım deyə məni işsiz qoydu”.

Bunları Gəncə sakini, 47 yaşlı Bağırova Vəfa Sərdar qızı Meydan TV-yə danışıb.

O, 28 ildir ki, çalışdığı Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdən qeyri-qanuni kənarlaşdırıldığını deyir.

Onun sözlərinə görə, ötən ilin sentyabrında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən riyaziyyat fənn metodisti Aynur Həsənova çalışdığı məktəbə direktor əvəzi göndərilib.

Aynur Həsənova (soldan birinci)

Dediyinə görə, bundan əvvəl üç direktor və direktor əvəzləyicisi ilə çalışıb, amma heç bir problem yaşamayıb. Çətinliklər və süni əngəllər məhz Aynur Həsənovanın təyinatından sonra başlayıb.

“Öz ətrafına xeyli yaltaq, məddah işçi yığdı”

Şikayətçi deyir ki, məktəbdəki iş və vaxt bölgüsündəki haqsızlığa etiraz edib, nəticədə işini itirib:

“Əvvəlki direktorlarla problem yaşamamışam. Çünki işimdə məsuliyyətli olmuşam. Dərnək rəhbərliyinə direktor öz gəlinini qoymuşdu deyə ora da vaxtında keçə bilmədim. Araşdırılsa, məktəbdə çox haqsızlıqlar, qeyri-ixtisas müəllimlərinin fəaliyyəti, saxta diplomlar üzə çıxacaq. Direktor əvəzləyicimiz rəhmətə getdiyindən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Aynur Həsənovanı göndərdi. Bu da öncə dedi ki, müvvəqqəti direktoram, heç kimlə işim yoxdur. Ancaq bir müddət sonra texniki işçiləri, müəllimləri sıxışdırmağa başladı. Öz ətrafına xeyli yaltaq, məddah işçi yığdı”.

Vəfa Bağırovanın dediyinə görə, direktor əvəzi məktəbdə özbaşına bir sistem yaradıb:

“Kimlər hədələndisə, maaşından 30-50 manat verdi, hədiyyələr, tort gətirənlər də oldu. Saat 9-dan 3-ə qədər olan rejimi 8-dən 4-ə keçirildi. Bəzi müəllimlərin dərs saatını 27-28 saata, hətta 32 saata qaldırıb əvəzində 4 saatın pulunu tələb kimi qoydu. Onlar da hər ay 100-150 manat pul verir. Əks halda həmin saatlara vakansiya çıxaracağını dedi. İşini, maaşını itirməkdən qorxanlar tabe oldu. Məktəbin təsərrüfat işləri üzrə direktor müavini də texniki işçiləri hədəf kimi göstərdi. O da təhsildən Aynur adlı bir inspektor gətirib bizim iş bölgümüzü yenilədi. Öncədən öz aralarında razılaşıb dörd texniki işçilərdən ikisi qapıçı, biri öz doğma bacısı kargüzarın otağına təmizləyici qoydu”.

“Mənə çatanda dedi ki, bizə rəssam lazım deyil, məktəbin 3-cü mərtəbəsində 5 sinif otağını hər gün təmizləyəcəksən. Etiraz etdim ki, o mənim işim deyil. 20 kiçik texniki işçi var, onlar edir. İndiyə qədər bütün tərtibat, tədbirlər mənim boynumda olub. Ya da mənə müəllimlər otağını, öz otağınızı, digər qızdakı kimi kargüzarın otağını verin. Niyə onlar yox, mən xadimə olum? Həm də astmayam, toza alergiyam var. Direktor aranı qatıb onları da üstümə saldı və gizlin mənə qarşı şərt kəsdilər ki, ya xadimə kimi çalışacaqsan, ya da işdən çıxacaqsan”, – şikayətçi bildirib.

“Xadiməsən, işini görərdin”

Vəfa Bağırova deyir ki, ötən ilin 12 oktyabrında direktor qanunla müəyyən edilmiş qaydanı pozub. Belə ki, texniki işçilərin əmək funksiyası və vəzifələrinin “Vahid Tarif İxtisas Sorğu” kitabçasında fəhlə və qulluqçuların vəzifələrindən fərqli olduğunu bilmədən qeyri-qanuni onun əmək müqaviləsinə texniki işçi sözünü silərək “xadimə” sözünü əlavə edib.

Həmçinin direktor Vəfa Bağırova barəsində 19 və 24 oktyabr 2022-ci il tarixlərində “işində ciddi nöqsanlara yol verdiyinə, əmək intizamına riayət etmədiyinə və işə vaxtında gəlmədiyinə görə” yazılı şəkildə xəbərdarlıq əmri və iki aktı imzalatdırıb.

25 oktyabr 2022-ci il tarixində isə “dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, iş yerinə vaxtında gəlməməsi ilə əlaqədar” Əmək Məcəlləsinin 186-cı maddəsinin 2a bəndinə uyğun ona töhmət verib.
Şikayətçi əlavə edir ki, 11 noyabr 2022-ci ildə isə barəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “B” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

9 dekabr 2022-ci il tarixində isə texniki işçi Vəfa Bağırovanın əmək müqaviləsinə “Əmək Məcəlləsinin 70-ci maddənin “Ç” bəndinə uyğun olaraq xitam verilib.

Şikayətçi bütün bunlardan 13 dekabrda, məktəbə buraxılmayanda xəbər tutub:

“Xəbərdarlıqdan, töhmət və şiddətli töhmətdən, işdən çıxarılmadan xəbərsiz hər gün işə gedib-gəlirdim. Həmin gün dəhşətə gəldim, özümdən getdim. Axı heç nədən xəbərim yox idi. Həmin gün oradan Əmək Müffətişliyi Xidmətinə getdim. Onlar ərizəni oxuyanda bildirdilər ki, ən ağır maddə ilə işdən çıxarılmışam. Axı öz ərizəm, izahatım olmadan, bunlardan xəbərsiz, necə işdən çıxarıla bilərəm? Özü də bir il 2 ay ərzində görüləcək iş bir aya necə görülüb? Direktor əvəzi əmri, aktı, xəbərdarlığı belə prezidentin kargüzarlıq qaydaları haqqındakı əmrinə uyğun yazmayıb”.

“Elm və Təhsil Nazirliyinə də sorğu getməyib, əslində 70-ci maddənin “Ç” bəndi ilə işdən çıxarma onların əmri əsasında olmalıdır. Bu ciddi əmək, insan hüquqları pozuntusu, vəzifədən sui-istifadə halıdır. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində 5 dəfə qəbulda oldum. “Xadiməsən, işini görərdin”, – deyən rəhbər Anar Qədiməliyev heç məni qəbul etmədi. Dövlət Əmək Müffətişliyinə Xidmətinə 3-4 dəfə müraciət etmişəm. Öncə mənə kömək etməyə çalışsalar da, haqlı olduğumu desələr də, sonradan susduruldular”, – deyə Vəfa Bağırova qeyd edib.

Vəfa Bağırova Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin ona göndərdiyi rəsmi məktuba da etiraz edir, burada qeyd olunanlarla razılaşmır.

Həmin məktubda isə bildirilir ki, Bağırova Nuranə Muzadil qızı və Verdiyeva Şəfa Rasim qızı texniki işçilərin vəzifə bölgüsündə qeyd edilən əraziləri hər gün təmizləyir, öz işlərinin öhdəsindən gəlir. Amma Vəfa Bağırova təmizləməli olduğu sinif otaqlarını təmizləməkdən imtina edib:

“Öz üzərinə düşən işi ümumiyyətlə görməyib, məktəbin daxili nizam-intizam qaydalarını pozub, dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlardan nəticə çıxarmamasına görə 239 nömrəli əmrlə əmək müqaviləsinə xitam verilib”.

Dövlət Əmək Müfəttişliyi Xidməti və qurumun Gəncə Regional Şöbəsi də Vəfa Bağırovanın rəsmi müraciətlərinə eyni məzmunda cavab verib.

Direktor Aynur Həsənova və onun məktəbə gətirdiyi təhsil məsləhətçisi Aynur Əliyevanın Vəfa Bağırovanın əleyhinə verdiyi məktublarda ittihamlar yer alıb.

Həmin məktublarda qeyd olunur ki, Bağırova 28 il xadimə olsa da, rəssam kimi çalışıb, məktəbin dəhlizlərində alverlə məşğul olub:

“17.10.2022-ci il tarixindən tabelə qol çəkməyib, üzürsüz səbəbdən işə gecikib. 3.11.2022-ci il tarixində 9:00-də işdə olmalı idi, amma yolunun uzaq olmasını əsas gətirib və 9:50-də işə gəlib. Həmin gün texniki işçilər üçün bölünmüş iş rejiminə etiraz edərək sənədə imza atmayıb. Onun həyat yoldaşı buna etiraz olaraq direktor və təhsil ekspertini təhqir edib”.

“Qadın qadına qarşı belə amansız ola bilərmi?”

Vəfa Bağırova bütün bu ittiham və sənədlərin ondan xəbərsiz hazırlandığını əsas gətirərək aidiyyəti qurumlara müraciət edib.

O, işdən çıxarılmasına səbəb kimi məktəbdəki haqsızlıqlara və yeni direktorun özbaşınalığına etiraz etməsini əsas göstərir.

Deyir ki, hətta qarşı tərəfin məhkəmədə və Əmək Müffətişliyi Xidmətində verdiyi izahatlar da üst-üstə düşmür.

Dediyinə görə, ona ödənilən əməkhaqqı da “tabel kitabına imza atmamısan” bəhanəsilə tutulub.

Hazırda üç uşaq anası işsiz və çıxılmaz durumda olduğunu bildirir:

“Xəbərdarlıq bir ay, töhmət 6 ay çəkməlidir. Bunlar bir aya hər şeyi həll edib. Tabel kitabını aparıb otağında gizlədib. Hamı hansı vaxtda gəlirsə, kitaba qol çəkir. İki günü birdən imza atan var. Mən gedirdim, bəhanə edib imza atmağa qoymurdu. 17 oktyabrdan heç imkan vermədi. Hər gün dəhizdə görürdü, yalandan qeyd edirdi ki, işə gecikirəm, vaxtında gəlmirəm. Hətta dəfələrlə özündən xahiş etdim ki, yolum uzaqdır, iki avtobus dəyişirəm, azyaşlı övladım var, səhər 8-də gələ bilmirəm. Amma həmişə 9-da işdə olmuşam”.

“Alver edib biznes quranlar qalıb kənarda, məni qaralayıb ki, alver edirəm. Çünki ona pul vermədim. Cəmi 274 manat maaş alıram. Bunun nəyini ona verim? Digər müəllimlər dedilər ki, 30 manat ver. Dedim, indiyə qədər düz işləmişəm, kiməsə pul verməmişəm, aztəminatlı ailəyəm. Həyat yoldaşım da musiqi müəllimidir, cəmi 300 manat maaş alır. Böyük qızım Fəridə birinci kurs tələbəsidir, təhsili ödənişlidir. İkinci qızım Fidan 9-cu sinifdə, 5 yaşlı Füruzə isə məktəbəhazırlıqda oxuyur. Bunları necə saxlayım, necə dolandırım, necə oxudum? Hər yerdə: “Evini satdıracam, ailəsini dağıdacam, 28 ilin əmək haqlarını qaytarsın”, – deyir. Qadın qadına qarşı belə amansız ola bilərmi?” – Vəfa Bağırova belə deyir.

“70-ci maddənin “Ç” bəndi ləğv edilməli, işimə bərpa olunmalıyam”

Hazırda işin məhkəmədə olduğunu deyən Bağırova qarşı tərəfin ziddiyyətli izahatlarından da şikayətçidir:

“Direktor Əmək Müfəttişliyində işə vaxtında gəlmədiyimi, məhkəmədə isə iş bölgüsündə əmək funksiyasını yerinə yetirmədiyimi deyir. İşdə olmayan işçiyə inzibati tənbehi necə verə bilər? Üç günün maaşını tabeldə imzam olmadığına görə kəsdiyini, amma 17 oktyabrdan ümumiyyətlə imza atmadığımı deyir. Tabeli otağında gizlədir. Məhkəmədə vəsatət yazdım ki, məktəbin kamera görüntüləri və tabel kitabı sübut kimi göstərilsin. Hanı həmkarların qərarı? Üstəlik, Əmək Müfəttişliyi Xidmətinə verdiyi izahatlarla məhkəmədəki izahatları yoxlanılsın, çünki ziddiyyət var”.

“Məktəbdə deyir ki, məhkəməni də udacağam. Belə haqsızlıq olar? Ağır maddə ilə işdən çıxarılmışam deyə işsizlikdən müavinət də düşmədi. 28 illik fəaliyyətimi bir qadın şərlə, böhtanla məhv etdi. Mən də bu ölkənin vətəndaşıyam, niyə kasıbı, arxasızı əzirlər, haqqını yeyirlər? Evimin əşyasını satıb vəkil tutmuşam. Gəncədə ədalət yoxdur. Qanun, hüquq, ədalət varsa, 70-ci maddənin “Ç” bəndi ləğv edilməli, işimə bərpa olunmalıyam”, – şikayətçi bildirir.

Vəfa Bağırova deyir ki, aprelin 6-da keçirilən sonuncu məhkəmə prosesində onun xeyrinə qərar çıxarılıb, amma qarşı tərəf qərardan apelyasiya şikayəti verib.

“Məktəbdə “rəssam”, “çertyojçu” deyə ştat yoxdur”

Direktor Aynur Həsənova Meydan TV-yə deyib ki, Vəfa Bağırova gündəlik iş qrafikinə riayət etməyib, əlavə işlə məşğul olub, ona görə də işinə xitam verilib.

O, hazırki təhsil işçilərinin vahid tarifləşmə planında “çertyojçu” vakansiyasının olmadığını da əsas gətirib:

“İllərlə xadimə işini görməyib, burada pensiyaçı kimi çalışıb. Xanıma dəfələrlə şifahi və yazılı xəbərdarlıq etmişəm, intizam tənbehi vermişəm. Təhsil İdarəsinin nümayəndəsi gəlib onunla görüşüb, noyabrda üç gün əməkhaqqısını tutmuşam. Dekabrın 9-da da işinə xitam vermişəm. Dekabrın 12-də çağırdım, gəlmədi. Sənədi poçtla göndərdim. Məktəbdə “rəssam”, “çertyojçu” deyə bir ştat yoxdur. Təhsil işçilərinin vahid tarifləşmə planında kargüzar, gözətçi, dalandar və kiçik xidmət sahələri var. Təhsil Nazirliyinin də xəbəri var, lap monitorinq aparılsın. Üç texniki işçidir ki, biri analıq məzuniyyətindədir. Digərinin də gördüyü iş var. Vəfa çantası çiynində gəzən adamdır”.

“Onun prokurorluğa şikayət edəcəyəm”

Dərs saatlarının satılması ittihamına gəlincə, direktor bununla razılaşmır:

“Burada sistem o qədər şəffafdır ki, mən dərs saatlarını da sata bilmərəm. Hazırda işimiz məhkəmədədir. Mən şərəf və ləyaqətimin təhqir olunmasından şikayətçiyəm. Lazımsız, yalnış informasiyalar verildiyinə görə onu prokurorluğa şikayət edəcəyəm. Araşdırılsın. Sənədlərim rəsmidir. İş məhkəmədə olduğundan əlavə məlumat vermək, sənədləri göstərmək ixtiyarım yoxdur”, – deyə direktor bildirib.

“İş məhkəmədə olduğu üçün artıq bizdən çıxıb”

Meydan TV-nin vətəndaşın müraciəti ilə bağlı Elm və Təhsil Nazirliyinə göndərdiyi sorğuya cavab verilməyib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin ictimaiətlə əlaqələr üzrə məsul şəxsi Raminə Məmmədova isə deyib ki, hazırda iş məhkəmədədir, ona görə də idarə hər hansı bir məsuliyyət daşımır:

“İş məhkəmədə olduğu üçün artıq bizdən çıxıb. Həmin işçi xadimə olub və barəsində direktor tərəfindən akt tərtib olunub ki, iş öhdəliklərinə əməl etməyib, işə gəlməyib. Əvvəlki direktorların dövründə belə problem olmayıb. Məhkəmə kimin haqlı olmasına aydınlıq gətirəcək”.

Sənədlərə baxış keçirən hüquqşünas Rafiq Abdurrahmanov protokolların ziddiyyətli tərtib olunduğunu deyir:

“Protokolda məktəbin əmək kollektivinin sayı, neçə nəfərin iclasda iştirak etməsi, həmin şəxslərin qərarın lehinə səs verməsi öz əksini tapmır. İclasda iştirak edən iki nəfər konkret təklif irəli sürməyib, iclas sədri gündəlikdə duran məsələyə giriş verməyib, iclasa müzakirə edəcəkləri, işçinin əmək qanunun andı formada pozması, haqqında hansı inzibati tənbehin verilməsi, bu tənbehlərdən şəxsin nəticə çıxarıb çıxarmaması, niyə iclasda iştirak etməməsi, hansı formada iclasa dəvət edildiyini təsdiqləyici sənədlərin adını qeyd etməməsi və məktəbin həmkarlar ittifaqı təşkilatının bu barədə iclasının və işdən çıxarılmasına razılıq verməsinə dair iclas protokoluna istinad edilməməsi görünür. Həmçinin hər iki tərəfin imzası ilə təsdiqlənmiş müqavilədə vəzifə adı başqadırsa, sistemə fərqli yazılmışın hüquqi qüvvəsi yoxdur. İşçi bununla məhkəmədə məcburən işdən qanunsuz çıxarılmasını mübahisələndirməli, əmək haqqını tələb etməlidir”.

Emil Mirzə.

Hüquqşünas Emil Mirzə isə deyir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxarılma çox risklidir və nəticəsi də olduqca ağırdır:

“Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsidir ki, bu da işçinin sözün əsl mənasında ömürlük bədbəxt olması anlamına gəlir. Bu pozuntu (maddə) ilə işdən çıxarılan şəxslər əksər hallarda özünə yeni iş tapmaqda ciddi problemlərlə qarşılaşır və dezavantaj yaşaya bilirlər. Çox təəssüf ki, bu məsələnin yüngülləşdirilməsi ilə bağlı bizim qanunvericiliyimizdə hər hansı bir norma nəzərdə tutulmayıb. İnsanlar çıxış yolunu məhkəmələrə müraciət etməkdə görürlər ki, əksər hallarda da bu müsbət nəticə vermir”.

Hüquqşünas Avropa İttifaqında “unudulmaq hüququ” (şəxsi neqativ xarakterizə edən informasiyanın müəyyən müddət sonra elektron baza sistemlərindən silinməsi) deyilən bir anlayışın insan hüquqlarından biri olduğu deyir.

O, bu anlayışın Əmək Məcəlləsində də əksini tapmasını vacib sayır:

“Azərbaycanın Avropa Şurası və bir sıra digər beynəlxalq təşkilatların üzvüdür. Yaxşı olar ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə bağlı əmək qanunvericiliyimizdə bununla bağlı konkret müddəa əksini tapsın. Həmin müddəadan sonra qeyd olunan pozuntu ilə işdən çıxarılmış şəxsin vəziyyəti yaxşılaşdırılsın və həmin pozuntu aradan qaldırılsın”.

Ana səhifəBölgəGəncə sakini: “28 il vicdanla çalış, əvəzində şərlənib işdən çıxarıl”