close

Əfqanıstanda zəlzələ olub: Minlərlə ölən və yaralanan var

Foto: Reuters

Taliban beynəlxalq yardıma ehtiyacları olduqlarını deyir

Əfqanıstanın qərbində 6.3 bal gücündə zəlzələ olub. Bunun nəticəsində 2400-dən çox insan həlak olub, 10 mindən çox insan xəsarət alıb, yüzlərlə ev dağılıb.

Xilasedicilər dağılmış kəndlərin xarabalıqları arasında sağ qalanları axtarır.

“Daha çox insan hələ də dağıntılar altındadır” deyə hökumət sözçüsü “The Guardian”-a  bildirib.

Ən böyük 6,3 bal gücündə zəlzələnin ardından Herat əyalətində daha səkkiz silsilə zəlzələ baş verib.

Ölənlərin sayının artacağı gözlənilir.

Taliban açıqlayıb ki, zəlzələdən xilas olanlar üçün yemək, paltar, çadır və dərman lazımdır:

 “Zəlzələ çox ucqar və yoxsul əraziləri vurub. Onların çoxu bu yaxınlarda İran və Pakistandan qayıdan qaçqınlardır. Bizim mütləq beynəlxalq yardıma ehtiyacımız var. Bacardığınız qədər bizə kömək edin”.

Rəsmilər bildirir ki, Herat regional xəstəxanası Herat və ətraf əyalətlərdən gələn yaralılarla dolub. 600 çarpayılıq xəstəxanada yer qalmayıb.

 “Bura hər dəqiqə cəsədlərlə dolu furqonlar gəlir. Biz çox sayda yaralı ilə mübarizə aparırıq. Ölüləri saymamışam. Bizim meyitxanamız dolub, artıq yer yoxdur”, – Herat xəstəxanasının baş həkiminin sözləridir.

Herat əyalətindən yayılan video görüntülərdə kəndlərin xarabalığa çevrildiyi, insanların ölən yaxınlarını dağıntılar altından çıxardığı əks olunub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Herat vilayətində ən azı 12 kənddə 600-dən çox evin dağıldığını və ya qismən zədələndiyini, 4200 nəfərin zərər çəkdiyini bildirib.

Talibanın 2021-ci ildə hakimiyyətə qayıdışından sonra Əfqanıstana olan xarici yardımlar geri çəkilib. Nəticədə ölkə humanitar böhranla üz-üzə qalib.

2022-ci ilin iyununda da Əfqanıstanın şərqindəki dağlıq ərazidə güclü zəlzələ baş verib. Buradakı daş və çiy kərpicdən tikilən evlərin əksəriyyəti dağılıb.

Həmin zəlzələ Əfqanıstanda son 20 ilin ən ölümcül zəlzələsi hesab edilib. Nəticədə 1000 nəfər ölüb, 1500-ə yaxın insan yaralanıb.

Ana səhifəDünyaƏfqanıstanda zəlzələ olub: Minlərlə ölən və yaralanan var