close

Ekofəal: “Nazir Muxtar Babayev növbəti barbarlığa rəsmi imza atıb”

Muxtar Babayev və Cavid Qara

Qusarda meşə ərazisində fərdi villa tikiləcəyi bildirilir

“Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev növbəti barbarlığa rəsmi olaraq imza atıb. Qusar rayonundan 22.3 hektar meşə fondu torpağını Qusar Bələdiyyəsinə ev tikmək üçün ayırıb”.

Bunu “Ecofront” təşkilatının rəhbəri Cavid Qara bildirib. O deyib ki, ağaclar kəsilir və kökləri evlərin tikilməsi üçün çıxarılır.

“Nazirlik rəsmi razılıq verib. Əvəzində 30 hektar boş torpaq sahəsi alıb. Elədirsə, elə 30 hektarda ev tiksinlər. Kimsə meşənin içində özünə villa tikmək istəyirsə, buna meşə çatdırmaq olmaz”,- ekofəal bildirib.

Təşkilat sədrinin sözlərinə görə, rəsmi olaraq meşə alveri edirlər:

“Ekoloji ekspertiza rəy verib ki, yaşıllıqları qorumaqla tikintiyə icazə verilsin. O necə olur? Fakt odur ki, başdan başa qırma başlanılıb. Ekoloji ekspertiza nədir? 5 hektardan artıq meşə qırma üçün Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədi və Strateji Ekoloji Qiymətlındirmə Sənədləri hazırlanmalıdır”.

Cavid Qara hesab edib ki, unikal meşəni meşə parka çevirmək əvəzinə fərdi evlər tikilməsinə ayırırlar: “Bu barbarlıq durdurulmalıdır”.

Qusar rayon sakinlərindən biri isə Meydan TV-yə deyib  ki, meşəlik ərazisi rayon sakinlərinin adı ilə gəlmələrə satılır:

“Quba, Qusar ərazisi kənardan gələnlərə satılır, kəndlərdə torpağın sotu bahalaşıb. Meşə ərazisində torpaq sahəsi hətta rayon mərkəzindən, kəndlərdən dəfələrlə bahadır. Orada adi rayon sakini ev tikə bilməz, buna imkanları çatmaz”.

Qusar Bələdiyyəsindən Meydan TV-nin suallarını cavablandırmaq istəməyiblər. Sualı eşidən bələdiyyə əməkdaşı telefonu söndürüb.

Qusar Rayon İcra Hakimiyyətindən isə ərazinin Qusar Bələdiyyəsinin balansına verildiyini təsdiqləyiblər. Bildiriblər ki, bununla bağlı artıq məlumat veriblər. Bütün proses sənədlərlə tənzimlənib, nazirliklərdən icazələr var:

“Nazirlər Kabinetinin qərarı ilə ərazi bələdiyyəyə verilib, orada vətəndaşlar ev tikəcəklər. Ora şəxsi mülkdür, amma ağaclar kəsilməyəcək. Nazirliyin icazəsi olmasa, o torpaqlar şəxsi mülkiyyətə verilə bilməzdi”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sorğunu cavablandırmayıblar.

Ana səhifəSosialEkofəal: “Nazir Muxtar Babayev növbəti barbarlığa rəsmi imza atıb”