close

Yerevanda saxlanılan azərbaycanlı əsirlər ailələrinə məktub yazıblar

Beynəlxalq Qızıl Xaç Komitəsi, Martin Good/shutterstock

Qızıl Xaç Komitəsi əsirlərlə təkbətək görüşüb

Aprelin 19-da Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Yerevanda saxlanılan iki azərbaycanlı əsgərə baş çəkiblər.

Onlarla təkbətək görüşlər keçirilib və Qırmızı Xaç vasitəsilə ailələrinə məktub çatdırmaq imkanı verilib.

Bu barədə “Turan”a Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

“Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatına uyğun olaraq, əsirlərlə görüş zamanı təşkilatın nümayəndələri saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələrilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır”, – deyə şöbə rəhbəri vurğulayıb.

Aprelin 17-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanda əsir götürülən iki hərbçisinə qarşı cinayət işi açılıb.

Aprelin 13-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Aqşin Bəbirov və Hüseyn Axundov barədə məlumat yayıb.

Bildirilir ki, 2004-cü il təvəllüdlü A.Bəbirovun və 2003-cü il təvəllüdlü H.Axundovun zəruri axtarışı və araşdırma davam etdirilir.

Aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən iki hərbi qulluqçusunun yolu itirərək azması haqda məlumat yaymışdı.

Nazirlik hərbçilərin kimliyinə aydınlıq gətirməsə də, onların axtarışı ilə bağlı zəruri tədbirlərin görüldüyünü qeyd etmişdi.

Hərbçilərdən Aqşin Bəbirovun dayısı Yaşar Musayev xəbəri Meydan TV-yə təsdiqləmişdi.

Sonradan Ermənistan sosial şəbəkəsində A.Bəbirovun saxlanılması barədə video yayılsa da, Hüseyn Axundovun taleyi naməlum qalmışdı.

Hüseyn Axundovun Lənkəran rayonundan hərbi xidmətə çağırıldığı qeyd olunur.

Onlar 1 ilə yaxındır ki, hərbi xidmətdədirlər.

ABŞ-ın Azərbaycandakı səfriliyi və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu hərbçilərə qarşı zorakı rəftarla bağlı açıqlama yayıblar.

Bildirilir ki, Ermənistanda azərbaycanlı hərbçiyə qarşı aşkar pis rəftarın görüntüləri dərin narahatlıq doğurur.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu qeyd edib ki, hadisə dərhal araşdırılmalı və məsuliyyət daşıyanlar beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyətə cəlb edilməlidir.

Ana səhifəSiyasətYerevanda saxlanılan azərbaycanlı əsirlər ailələrinə məktub yazıblar