close

Ekspertiza eyni rəyi verdi: Əhməd Əhmədov anlaqsızdır

Respublika Psixiatriya Xəstəxanası. Foto: “aztibb”

O, hadisəni törədəndə də anlaqsız vəziyyətdə olub

Anasını, atasını, azyaşlı qardaşını, bacısını və onun 5 yaşlı qızını öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı ekspertiza ikinci dəfə də eyni rəyi verib. Komission məhkəmə-psixiatrik ekspertizasının mayın əvvəlində verdiyi rəyə əsasən, o, hadisəni törədərkən anlaqsız vəziyyətdə olub.

Əhməd Əhmədov ilk dəfə fevralın sonunda məhkəmə qərarıyla Maştağadakı Respublika Psixiatriya Xəstəxanasına köçürülmüş, onu orada müayinə edən ekspert-mütəxəssislər rəy vermişdi. Məhkəmə-psixiatrik ekspertizasının birinci rəyi aprelin əvvəlində prokurorluğa göndərilmiş və orada Əhməd Əhmədovun anlaqsız olduğu göstərilmişdi.

Lakin prokurorluq bu rəydən narazı qalaraq, onun yenidən ekspertizadan keçirilməsinə qərar vermişdi. Bu üzdən Əhməd Əhmədov bir neçə gün sonra yenidən müayinə olunması üçün psixiatriya xəstəxanasına köçürülmüşdü.

Belə hallarda köçürülmə qərarını prokurorluğun təqdimatı əsasında məhkəmə verir.

Beləliklə, ekspertlər təkrar müayinədən sonra yenə də eyni nəticəyə gələrək, Əhməd Əhmədovun həm cinayəti törədərkən, həm də hazırda anlaqsız olduğunu hesab edir.

Əhməd Əhmədovun işi üzrə istintaq Xətai Rayon Prokurorluğunda aparılır. Bir müddət sonra istintaq yekunlaşacaq və iş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində göndəriləcək. Əhməd Əhmədovla bağlı yekun qərarı isə sonda məhkəmə verəcək.

Ailə üzvlərini qətlə yetirməkdə ittiham olunan 25 yaşlı Əhməd Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və başqa maddələrilə ittiham irəli sürülüb. Bu maddələrlə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Lakin qanuna görə, şəxs cinayəti anlaqsız vəziyyətdə törədibsə, bu haqda cəzadan azad edilə, məcburi müalicəyə göndərilə bilər.

Hadisə fevralın 13-də axşam saat 16.30 radələrində baş verib.

İttihama görə, Əhməd Əhmədov paytaxtın Günəşli qəsəbəsində yaşayan bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədova və onun 5 yaşlı qızını balta ilə qətlə yetirib. O, daha sonra Xətai rayonu, Əhmədli qəsəbəsində valideynlərinin yaşadığı evə gəlib. Öncə evdə olan atası, 1972-ci il təvəllüdlü Mehman Əhmədovu balta ilə öldürüb. Daha sonra anası Bikə Əhmədova və 9 yaşlı qardaşı Məhəmmədin gəlməsini gözləyib. Ana və uşaq birlikdə gələndə onların da eyni üsulla öldürüldüyü bildirilir.

Qətlə yetirilən 47 yaşlı Bikə Əhmədova Bakıdakı 59 saylı məktəbin direktoru idi.

Qohumlarının verdiyi ilkin məlumatlara görə, Əhməd Əhmədovun psixi problemləri vardı. Bu üzdən onun əvvəllər xəstəxanada müalicə aldığı, davamlı şəkildə dərmanlar qəbul etdiyi bildirilir.

Ana səhifəSosialEkspertiza eyni rəyi verdi: Əhməd Əhmədov anlaqsızdır