close

Yerevanda olan ATƏT sədri: “İştirak etmədiyimiz prosesə daxil ola bilmərik”

Foto: “Armenpress”

 Yan Borq sabah Bakıya gələcək

ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq sabah Azərbaycana səfər edəcək.

Bunu mayın 13-də ATƏT sədri Yan Borq Yerevanda keçirdiyi mətbuat konfransında deyib.

“Dialoq və diplomatiya yeganə yoldur. Əminik ki, hərtərəfli nizamlanmaya nail olmaq üçün konstruktiv dialoq lazımdır. Sərhədlər məsələsində əldə olunan irəliləyiş, şübhəsiz ki, bu yolda dəyərli addımdır. Sabah Bakıda mən azərbaycanlı həmsöhbətlərimi danışıqlara etibarlı və sabit sadiqlik nümayiş etdirməyə çağıracağam”, – deyə o bildirib.

“ATƏT Qarabağ məsələsini bağladı və ümumiyyətlə, qurum insanların geri dönüşünü necə təsəvvür edir?” sualına diplomat belə cavab verib:

Təbii ki, təşkilat insanlar üçündür. Amma ATƏT özünün iştirak etmədiyi prosesə daxil ola bilməz və biz iki ölkənin mövqeyinə hörmətlə yanaşırıq”.

O, tərəflərin vasitəçilərsiz danışıqlarına hörmətlə yanaşdığını vurğulayıb:

Əgər konstruktiv olsam, ayrı-ayrı səviyyələrdə baş verən görüşlərdən sonra tərəflərin öz fikirlərini bildirməsini onların öhdəsinə buraxardım. Mən reallıqda ikitərəfli müzakirələrin bir hissəsi olmadığımız halda öz mövqeyimi bildirsəm, prosesə qətiyyən kömək etmiş olmaram. Təşkilat iki ölkə arasında məsul aktor deyil. Biz hər iki ölkənin qərarlarına hörmətlə yanaşırıq”.

Yan Borq Mirzoyanla Almatı görüşünü müzakirə etdiklərini bildirib:

Azərbaycan və Ermənistan arasında dayanıqlı və hərtərəfli sülhə nail olmaq ATƏT üçün əsas prioritet olaraq qalır. İrəliləmək üçün dialoq və diplomatiya əsas və yeganə vasitələrdir. Həmçinin sərhədlərin delimitasiyasına da toxunduq. Bu istiqamətdə irəliləyiş tamamilə dəyərli və təqdir olunası bir addımdır”.

Ararat Mirzoyan Qazaxıstanda aparılan danışıqların konstruktiv keçdiyini deyib:

“Danışıqlar dəfələrlə səsləndirilən prinsiplərə uyğun davam edir. Biz əminik ki, eyni prinsipi təsbit etməklə və sülh müqaviləsi imzalamaqla uzunmüddətli münaqişəyə son qoymaq və regionda güclü, davamlı sülh yaratmaq olar”.

Sərhədlərin demarkasiyasına gəlincə, Mirzoyanın sözlərinə görə, 1991-ci il Almatı Bəyannaməsi Ermənistanla Azərbaycan arasında demarkasiya prosesinin siyasi əsasına çevrilməlidir:

“1991-ci ildə Sovet İttifaqının dağılması zamanı sərhədlər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması və delimitasiya prosesi üçün əsas olmalıdır”.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətYerevanda olan ATƏT sədri: “İştirak etmədiyimiz prosesə daxil ola bilmərik”