close

Əli Əliyevin partiyası fəaliyyətini dayandırdı

Əli Əliyev. Mənbə: Video Screenshot Meydan TV

VİP qanunda tələb olunan imzaları toplaya bilmədiyini deyir

İyunun 24-də Vətəndaş və İnkişaf Partiyası (VİP) fəaliyyətini dayandırıb.

Bu barədə partiyanın yaydığı bəyanatda qeyd olunur.

Bəyanatda deyilir ki, VİP fəaliyyət göstərdiyi 17 il ərzində 3 dəfə parlament (2010, 2015, 2020), 2 dəfə isə prezident (2013, 2018) seçkilərində öz namizədi ilə iştirak edib.

Partiyanın fəaliyyətinin dayandırılmasına gəlincə, bildirilir ki, bu qərar ölkə başçısı tərəfindən təsdiqlənən “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq atılıb:

“”Siyasi partiyalar haqqında” yeni qanunun işlənməsi və qəbulu prosesinin davam etdiyi, həmçinin qanunun qəbul edildiyi vaxtda VİP sədri Əli Əliyevin həbsdə saxlanılması partiyamızın vəziyyətini digər siyasi təşkilatlarla müqayisədə daha da ağırlaşdırıb. Bu da partiyanın qanuna uyğunlaşma istiqamətində həyata keçirilən fəaliyyətinə ciddi əngəl yaradıb”.

Partiya bəyan edir ki, bu səbəblər yeni qanunvericiliyə uyğunlaşmaq üçün tələb olunan imzaların toplanmasını da mümkünsüz edib.

Ona görə də VİP fəaliyyət göstərib-göstərməməyini müzakirəyə çıxarıb.

Partiya müzakirələrin nəticəsi olaraq, fəaliyyətini dayandırmağı qərara aldığını deyir.

Azərbaycanda hansı partiyalar buraxılıb?

Son bir neçə ayda Azərbaycanda 20-dən çox partiya özünü buraxıb. Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.

2022-ci ilin dekabrında Milli Məclisin “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.

Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.

Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.

2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.

Ana səhifəSiyasətƏli Əliyevin partiyası fəaliyyətini dayandırdı