close

Şevçenko qiyamdan danışdı: “Rusiya elitasının 90 faizi xəyanətkardır”

Foto: “Telegram”

Mirqədirov isə deyir ki, Putin də məğlubiyyətlə üzləşsə, hakimiyyət dəyişikliyi qaçılmaz olacaq

İyunun 24-də Rusiyada hakimiyyəti devirmək cəhdi oldu.

“Vaqner” hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojin iyunun 23-dən 24-nə keçən gecə hərbi hərəkətə başladığını elan edərək Moskvaya doğru yürüş edib.

O, əvvəlcə Rostov, ardınca isə Voronej şəhərlərini nəzarətə götürüb.

Günün birinci yarısında Prezident Vladimir Putin xalqa müraciətində baş verənləri xəyanət adlandırıb və qiyamı təşkil edənlərlə bağlı orduya əmr verildiyi bildirib.

Günün ikinci yarısı Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı ilə razılaşaraq Priqojinlə danışıq aparıb.

Nəticədə Y.Priqojin hərbi yürüşü dayandıraraq Belarusa gedib.

Onun barəsində açılan cinayət işi isə ləğv edilib.

“Hakimiyyət daxili çəkişmə idi”

Rusiyalı jurnalist Maksim Şevçenko 24 iyul hadisələrini hakimiyyətdaxili qrupların çəkişməsi adlandırıb:

Bu, Rusiya elitasının qlobal çəkisməsi idi. Bilirsiniz, Rusiya elitasının 90 faizi xəyanətkar və Qərbə bağlıdır“.

Jurnalist deyib ki, Yevgeni Priqojin öz həyatını Vladimir Putinə borcludur, onun barəsində iki cinayət işi olub və prezident onu əfv edib.

Bu barədə Maksim Şevçenko “Facebook” səhfəsində videomüraciətində bildirib.

Şevçenko hadisələrə qiyam, yoxsa tamaşa müstəvidə yanaşaraq bildirib ki, əvvəlcədən baş verənləri qiyam adlandırmağın əleyhinə olub:

Mən inanmıram ki, Putinə hər şeyə görə borclu olan adam ona qarşı qiyam qaldırsın. Hətta o, hipotetik şəkildə qəlbinin dərinliyində nəsə hazırlayırdısa belə, onun rəhbərlik etdiyi strukturda bu, mümkün deyildi”.

“Nəzərə alın ki, “Vaqner” bir hərbi struktur kimi nə Müdafiə Nazirliyinə, nə FTX-yə tabedir. Putinin sanksiyası olmadan belə bir qurum yaradılır, silah əldə edir, kiçik qrupdan tabora, 20 minlik orduya çevrilir və savaşın önündə gedir. Mənə deyirlər ki, “vaqner”çilər belə döyüşür, filan. Sual edirəm, axı nə olan şeydir “Vaqner”, strukturu nədən ibarətdir?  Cavab verirlər ki, bunun nə mənası var. Əsas odur ki, oğlanlar döyüşür. Sonradan məlum olur ki, onlar silahları hərbi kəşfiyyatdan alırlar”, – deyə Maksim Şevçenko əlavə edib.

Maksim Şevçenko. Foto: Wikipedia

M.Şevçenko “Vaqner”in əsas simasının Utkin olduğunu bildirir:

“Priqojin danışmaq üçün rol alıb, halbuki orada tamam başqa mütəxəssislər var ki, onların arasında I və II Çeçen savaşının veteranları, SSRİ Baş Kəşfiyyat İdarəsinin və digər güclü qurumların simaları yer alıb. Bir sözlə, Priqojin oyuncaqdır. “Vaqner”dəki zabitlərin çoxu Ryazan Hava Desant Qoşunları Hərbi İnstitutunu bitirənlərdir. Bəli, Priqojinin tənqidlərinin 90 faizi doğrudur, çünki söhbət etdiyim hərbçilərdən vəziyyəti bilirəm. Amma bununla belə Priqojin Putinə loyal adamdır, ona görə onun etdiyini qiyam adlandırmaq olmaz”.

O, Priqojinin cəzalanmayacağını düşünür:

Nəyə görə onu cəzalandıracaqlar? Bəli, helikopter vurulub, yadınıza gəlirmi, II Qarabağ savaşında gözlənilmədən helikoprer vurulmuşdu, kimi cəzalandırdılar? Elə həmin helokopterin vurulmasından sonra da atəşkəs oldu, müharibə bitdi. Halbuki həmin helikopteri heç kim gözüylə görməmişdi. Bilirsiniz, vurulan helikopterlər olmurlar, anlamaq olmur nədir bu?!”.

M.Şevçenkonun sözlərinə görə, Şoyqu və Gerasimovun dünən görünməmələri onların istefaya göndərilməsi üçün əsasdır:

“Tədricən onları istefaya göndərəcəklər”.

“Rusiya elitası üçün Priqojin məqbul fiqur deyildi

Siyasi şərhçi Rauf Mirqədirov Meydan TV-yə deyir ki, Rusiyada hərbi rəhbərliyin arasında münaqişə çoxdan davam edir.

Rauf Mirqədirovun sözlərinə görə, 24 iyunda həmin münaqişə maksimum nöqtəsinə çatdı və həll olundu.

Onun sözlərinə görə, Rusiyada uzun illərdir ki, sistemli və sabit idarəetmə qurulmayıb:

Rusiya böyük ölkədir və nüvə dövlətidir. Nüvə dövlətində 2014-cü ildən sonra başlanan böhran şəxsi orduların yaradılması ilə davam etdi: Şoyqunun, Kadırovun, Priqojinin və digərlərinin… Bu, əslində, Rusiyanın bir dövlət kimi institutsional sistemə malik olmamasının göstəricisi idi və gec-tez hərbi qarşıdurma olacaqdı. Bəli, avtoritar lider hamının maraqlarını nəzarətdə saxlaya bilir. Elə ki uğursuz müharibənin böhranı yaranır, ətraf birincinin nəzarətindən çıxmasa da, onların qarşıdurmasını dayandıra bilmir. Onlar artıq qurbanlıq axtarırlar və fərdi problemlərini məqsədə çevirirlər. Belə olanda, Putin seçim etməliydi. Priqojin hiss edəndə ki Putin onu seçmir, onda özü addım atdı”.

Mirqədirov deyir ki, Rusiya elitası üçün Priqojin məqbul fiqur deyildi:

Onu dəstəkləyən qüvvələr var idi, amma onu qəbul etməyənlər daha çoxdur. Qiyamın yatırılacağı isə əvvəlcədən məlum idi. Putin yalnız bir halda məğlub ola bilərdi, o da əgər geciksəydi. Yəni Priqojin çox böyük ərazilər tutsaydı, ordunun və silah-sursatın əksər hissəsini götürsəydi, vəziyyət Putinin əleyhinə olacaqdı. Ancaq böyük dövlətlərin başçılarının xüsusi təyinatlı hissələri olur, onlar əsasən hakimiyyətin təhlükəsizliyinə cavabdehdir. Əgər onlar işə salınsaydı, Priqojin üçün yaxşı olmayacaqdı”.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

İkinci, Priqojin o halda qalib gələrdi ki, əhali arasında böyük dəstəyi olardı. Bəli, Rostov və Voronejdə Priqojinin əleyhinə aksiyalar olmadı, amma ona ciddi dəstək də yox idi. Məsələn, Rusiya Ukraynanın rusdilli kiçik şəhərlərini işğal edəndə insanlar etiraz aksiyaları edirdi. Dünənki hadisələr cəmiyyətdə Putinin ciddi dəstəyinin olmadığını da göstərir. Aydındır ki, rus cəmiyyəti müharibənin məğlubiyyətlə başa çatmasını istəmir. Çünki onlar məğlubiyyəti rus imeriyasının və dövlətinin sonu hesab edirlər. Ona görə cəmiyyət müharibənin məğlub şərtlərlə başa çatmasını istəmir”.

R.Mirqədirov xatırladıb ki, Rusiyada hakimiyyətin laxlaması çox böyük kataklizmlərlə müşahidə olunub:

 “Bu, II Aleksandrın da, Stolıpinin də, I Nikolayın da, Qorbaçovun da hakimiyyətləri dövründə yaşanıb. Halbuki hər biri islahatlara cəhd edib. Problem ondan ibarətdir ki, Putin o cür acınacaqlı məğlubiyyətə düçar olmayıb, məsələn, Qorbaçovun Əfqanıstan məğlubiyyəti kimi. Putin də elə hərbi məğlubiyyətlə üzləşsə, hakimiyyət dəyişikliyi qaçılmaz olacaq”.

Ana səhifəSiyasətŞevçenko qiyamdan danışdı: “Rusiya elitasının 90 faizi xəyanətkardır”