close

Əli İsa Cabbarov: “Sədrin kim olacağını müzakirə etmək hələ tezdir”      

Azərbaycan kinosu. Foto: natatravel/shutterstock

 

Kino ittifaqları birləşir

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə Heyəti Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə (ARKİ) vahid ad altında birləşmək məqsədli bəyanat yayıb.

Bəyanatda deyilir ki, eyni adda iki qurumun fəaliyyət göstərməsi kinematoqrafçılar arasında həmrəyliyə, ümumilikdə Azərbaycan kinosunun inkişafına ciddi mane olur:

Kinomuzda uğurla islahatların aparılması üçün iki qohum təşkilatın birliyi mütləqdir. Biz Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) üzvlərinə müraciət edib, birləşmək istiqamətində birgə fəaliyyətə çağırırıq. Bu birlik təşkilatlar arasında ədalətlilik prinsipi əsasında olmalıdır”.

1963-cü ildən fəaliyyət göstərən Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ), həm də 2012-ci ildə yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) fəaliyyətinin təməl prinsipi həmrəyliyə xidmət etməkdir. Məhz buna görə də ARKI-nin sədri təsisçiləri və AKİ-nin idarə heyəti birgə verdiyimiz bu bəyanatla bildirmək istəyirik ki, Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyik yubileyi ərəfəsində vahid, yeni idarəetmə formasında birləşmək qərarına gəldik. Bu təşəbbüs hər iki ittifaqın ümumi rəyini ehtiva edir və kollegial qəbul edimiş qərardır”, – ARKİ-nin bəyanatında deyilir.


AKİ-nin katibi Əli İsa Cabbarov Meydan TV-yə bildirib ki, hər iki ittifaqın rəhbərliyi birləşmək üçün təşəbbüs qaldırıb. Birləşdikdən sonra kinoittifaqa kimin rəhbərlik edəcəyinə gəlincə, Əli İsa Cabbarov deyir ki, bu haqda danışmaq hələ tezdir:

Birləşmək hər iki təşkilatın birgə təşəbbüsüdür. Quruma kimin rəhbərlik edəcəyi, hələ ki, bu günün müzakirə olunacaq məsələsi deyil. Niyyətimiz birlikdir. Bu, bir günün yaxud da bir həftənin işi deyil. Hər iki təşkilatın maliyyə və hüquqi öhdəlikləri var. Bu məsələlər tam həll edildikdən sonra sədr ilk yaranacaq təşkilatın təsis qurultayında ümumi iclasda seçiləcək”.

Əli İsa Cabbarov
Foto: sosial şəbəkə

2022-ci il dekabrın 17-də ARKİ məlumat yaydı ki, İttifaqın nizamnaməsinə uyğun olaraq Şəfiqə Məmmədova iclas iştirakçılarının yekdil razılığına əsasən, yenidən İdarə Heyətinin sədri seçilib.

2022-ci ilin dekabrın 22-də isə Xalq artisti, rejissor Şeyx Əbdül Mahmudovbəyov üzvü olduğu ARKİ-nin sədri Şəfiqə Məmmədovanı saxta seçkilərdə ittiham etdi.
O bildirdi ki, Şəfiqə Məmmədova ARKİ-nin bir neçə üzvü ilə iclas keçirərək, özünü yenidən qurumun sədri seçib.
Şeyx Əbdül Mahmudovbəyov dəfələrlə hər iki Kino İttifaqın birləşdirilməsini təklif etsə də, buna müsbət reaksiya gəlmədi.

Şəfiqə Məmmədova və Şeyx Əbdül Mahmudovbəyov. Foto: “azerforum.az”

Digər İttifaqın – AKİ-nin sədri, Xalq artisti Rasim Balayev baş verənlərə münasibət bildirərkən dedi ki, bütün ölkələrdə kino ittifaqı birdir.

“Bir ölkədə iki kino ittifaqını yaradanlar, bu şəraiti yaradan adamlar düşünməlidir. Düşünməlidirlər ki, bundan sonra necə olacaq?”, – AKİ sədri əlavə etmişdi.

Bunun ardınca, 2023-cü ilin yanvarında isə bir qrup kino xadiminin ARKİ üzvlüyündən imtina etdiyi məlum oldu.

Ümumilikdə iyirmiyə yaxın incəsənət nümayəndəsi seçkilərin saxtalaşdırılmasına görə qurumu tərk etdiyini açıqladı.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) 2012-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) alternativ olaraq yaradılıb. Həmin ildən İttifaqa Xalq artisti, aktrisa Şəfiqə Məmmədova rəhbərlik edir.

Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) 1981-ci ildən Rüstəm İbrahimbəyov rəhbərlik edirdi.

Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov
Foto: Meydan TV

2012-ci ildə Rüstəm İbrahimbəyovun siyasi baxışlarına görə İttifaq Hökumət Evindəki ofisindən çıxarılıb.

Müxalif siyasi qüvvələrin birləşdiyi Milli Şura 2013-cü ilin prezident seçkisində Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürəndən sonra AKİ-də ciddi problemlər yaranıb.
Rüstəm İbrahimbəyov Moskvaya gedəndən sonra İttifaqın fəaliyyəti dayanıb.
Bir neçə ildən sonra İttifaq yenidən fəaliyyətini bərpa edib.

Ölkədə iki kino ittifaqının fəaliyyət göstərməsi kino adamları arasında ciddi problemlər, söz-söhbətə, ayrı-seçkiliyə səbəb olub.
Vaxtilə Azərbaycan Kinematoqrafçılar İttifaqında birləşmiş rejissorlar, kino adamları iki ayrı cəbhədədirlər.

2022-ci ilin martında Rüstəm İbrahimbəyov vəfat edib.
Ardınca AKİ-də qurultay keçirilərək, sədr postuna Xalq artisti, aktyor Rasim Balayev gətirilib.

Ana səhifəMədəniyyətƏli İsa Cabbarov: “Sədrin kim olacağını müzakirə etmək hələ tezdir”