close

Əli Kərimlinin mühafizəçisilə bağlı 13 illik həbs qərarını Ali Məhkəmə də qüvvədə saxladı

Foto: Meydan TV

Vəkil Avropa Məhkəməsinə üz tutacaq

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki üzvlərindən biri, eyni zamanda, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədov haqqında 13 illik həbs hökmünü avqustun 22-də Ali Məhkəmə də qüvvədə saxlayıb. Bu barədə Ali Məhkəmədə Şahin Yusifovun sədrlik etdiyi hakimlər kollegiyası qərar çıxarıb.

Məhkəmədə Niyaməddin Əhmədovun vəkili Zibeydə Sadıqova çıxış edərək deyib ki, müvəkkili təqsirsizdir, onun haqqında çıxarılmış hökm də qanunsuz və əsassızdır. Vəkilin sözlərinə görə, Niyaməddin Əhmədova 2020-ci ilin aprelində öncə 30 sutka inzibati həbs cəzası verilib. Bu cəza başa çatan gün isə haqqında cinayət işi başlanıb.

Vəkil vurğulayıb ki, Niyaməddin Əhmədova qarşı irəli sürülmüş ittihamı təsdiqləyən heç bir sübut-dəlil yoxdur. O, müvəkkilinin işgəncəyə məruz qaldığını da əlavə edib.

Qanunsuz yollarla əldə olunmuş sübutlara istinad edilib. Niyaməddin Əhmədovun ədalətli məhkəmə araşdırması hüququ pozulub”, – Zibeydə Sadıqova əlavə edib.

Prokuror kassasiya şikayətinin təmin olunmamasını təklif edib.

Ali Məhkəmənin hakimləri də bir dəqiqəlik müşavirədən sonra qərarın qüvvədə qaldığını açıqlayıb.

Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, ölkə daxilində hüquqi müdafiə vasitələri tükəndiyinə görə Avropa Məhkəməsinə şikayət olunacaq.

Zibeydə Sadıqova. Foto: Meydan TV

AXCP üzvünə qarşı ittihamda iddia olunur ki, Qabil Məmmədov siyasi mühacir kimi yaşadığı Almaniyadan terror məqsədilə Bakıya pul göndərib. Özü də sosial şəbəkələrdən terrora çağırışlar edib. Niyaməddin Əhmədova da pul göndərib ki, bu prosesdə iştirak etsin.

Niyaməddin Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə 13 il azadlıqdan məhrum edilib.

AXCP fəalı özünü təqsirli bilmir, Əli Kərimlinin mühafizəçisi olduğuna, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi icazəsiz etiraz aksiyasında sona qədər onu tək buraxmadığına görə cəzalandırıldığını deyir.
Niyaməddin Əhmədov deyib ki, AXCP və Əli Kərimlinin əleyhinə ifadə verməsi üçün ağlasığmaz işgəncələrə məruz qalıb.

Ana səhifəSiyasətƏli Kərimlinin mühafizəçisilə bağlı 13 illik həbs qərarını Ali Məhkəmə də qüvvədə saxladı