close

Əliyev ABŞ rəsmisi ilə görüşdü, sülhü müzakirə etdi

Foto: president.az

Coşua Hak Cənubi Qafqazda sülh prosesini dəstəklədiyini bildirib

Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunda dövlət katibi köməkçisinin müavini Coşua Hakla görüşüb.

Tərəflərin regionda sülhün və sabitliyin təmin edilməsi, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi ətrafında fikir mübadiləsi apardığı bildirilir.

Məlumatı “president.az” yayıb.

Bildirilir ki, Prezident İlham Əliyev Azərbaycanın regional sülh gündəliyi, Yerevan-Bakı arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi və tezliklə imzalanması ilə bağlı niyyətini bir daha ifadə edib.

ABŞ-in Azərbaycandakı səfirliyi Coşua Hаkın bir sıra məsələləri müzakirə etmək üçün yüksək səviyyəli rəsmilər, biznes ictimaiyyəti və vətəndaş cəmiyyəti ilə görüşmək üçün oktyabrın 15-dən 27-dək Ankarada, Bakıda və Yerevanda olacağını bildirib.

“O, regionda olarkən ABŞ-ın Cənubi Qafqazda davamlı və ləyaqətli sülhü dəstəkləmək işini davam etdirəcək”, – deyə səfirlik əlavə edib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib. Çıxışında isə Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

İkinci Qarabağ münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Ana səhifəSiyasətƏliyev ABŞ rəsmisi ilə görüşdü, sülhü müzakirə etdi