close

Bayden xalqa müraciət etdi, Ukrayna və İsrail üçün yardım istədi

Co Bayden. Foto: screenshot Reuters-dən

Bu, gələcək nəsillər üçün daha dinc və firavan bir dünyanın qurulmasına kömək edəcək”

Oktyabrın 20-də ABŞ Prezidenti Co Bayden televiziya ilə xalqa müraciət edib.

Baydenin çıxışı Ukrayna və İsrailə dəstəyi ifadə edib.

Konqresə müraciət edən prezident hər iki xalqa yardım paketi ayırmağa çağırıb.

Bildirib ki, o, Ukraynaya hərbi yardım üçün milyardlarla dolların ayrılması üçün müraciət təqdim edəcək.

BBC-in rusdilli xidməti Baydenin konkret rəqəm açıqlamadığını yazsa da, ilkin məlumata görə, bu dəstəyin 100 milyard dollar civarında olacağını ehtimal edib.

Co Bayden İsrail və digər müttəfiqlərə dəstək paketini isə sabah təqdim edəcəyini vurğulayıb.

Amerika mətbuatının yazdığına görə, bu 100 milyardın 60-ı Ukraynaya, 14 milyardı isə İsrailə ayrılacaq.

Bu, nəsillər boyu Amerikanın təhlükəsizliyinə dividendlər ödəyəcək ağıllı bir investisiyadır. Bu, Amerika ordusunu qorumağa, həm də uşaqlarımız və nəvələrimiz üçün daha təhlükəsiz, daha dinc və firavan bir dünya qurmağa kömək edəcək”, – deyə Bayden bildirib.

ABŞ Prezidenti rusiyalı həmkarından da danışıb:

“HƏMAS və Putin fərqli təhdidləri təmsil edirlər, lakin onlar bunu ümumiləşdirir: hər ikisi qonşu demokratiyanı tamamilə məhv etmək istəyir”.

Terrorçular terrorun, diktatorlar təcavüzün əvəzini ödəmədikcə daha çox xaosa, ölümə və təcavüzə səbəb olurlar. Nəticədə Amerika və dünya üçün xərclər və təhlükələr artmaqda davam edir. Ona görə də biz Putinin hakimiyyət ehtirasını və Ukraynaya nəzarət etmək istəyini dayandırmasaq, o, özünü yalnız Ukrayna ilə məhdudlaşdırmayacaq”.

Bayden onu da vurğulayıb ki, Amerika liderliyi dünyanı birləşdirən bir şeydir:

Amerika alyansları bizim təhlükəsizliyimizi təmin edir. Amerika dəyərləri bizimlə çalışmaq istəyənləri tərəfdaşımıza çevirir. Ukraynanı tərk etsək, İsraildən üz döndərsək, bütün bunları təhlükə altına qoyacağıq. Gəlin, kim olduğumuzu unutmayaq. İstər müsəlmanlara qarşı olsun, istər yəhudilərə, istərsə də başqalarına qarşı – bütün nifrət formalarını rədd edirik. Böyük millətlərin etdikləri budur və biz də böyük millətik”.

ABŞ Prezidenti çıxışından əvvəl İsraildə olub və Təl-Əvivə dəstəyini ifadə edib.

Oktyabrın 19-da Co Bayden Ukrayna prezidenti Vladimir Zelenskiylə danışıb.

Zelenski ABŞ-ın daimi köməyinə görə ona təşəkkür edib.

Rusiya-Ukrayna müharibəsinin qısa xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Yaxın Şərqdə nə baş verir?

Oktyabrın 7-də HƏMAS gözlənilmədən İsrailə hücum edib.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü mayor Nir Dinar 7 oktyabrı 2001-ci ilin 11 sentyabrına bənzədib:

“Bu, bizim 11 sentyabr hadisəmizdir. Onlar bizi təəccübləndirdi və bir çox yerdən – həm havadan, həm yerdən, həm də dənizdən sürətlə gəldilər”.

HƏMAS-ın Livandakı nümayəndəsi Usamə Həmdan “Reuters”ə deyib ki, hücum fələstinlilərin İsrailin hərbi gücü və imkanlarından asılı olmayaraq məqsədlərinə çatmaq iradəsinə malik olduğunu göstərib.

Hazırda Qəzza bölgəsində müharibə davam edir.

Hər iki tərəfdən xeyli sayda insan itkisi və dağıntıların olduğu bildirilir.

Ana səhifəDünyaBayden xalqa müraciət etdi, Ukrayna və İsrail üçün yardım istədi