close

Əliyev Mədət Quliyevi nazir vəzifəsindən azad etdi, yeni vəzifə verdi

Vüqar Mustafayev və Mədət Quliyev.

Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin edilib

Mədət Quliyev müdafiə sənayesi naziri vəzifəsindən azad edilərək Təhlükəsizlik Şurası katibinin müavini təyin olunub.

Bu barədə noyabrın 18-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin edilib.

Vüqar Mustafayev bundan əvvəl Müdafiə Sənayesi Nazirliyində müavin vəzifəsindəydi.

Vüqar Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub.

O, 2004–2008-ci illərdə Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında, 2010–2013-cü illərdə isə Xəzər Universitetində təhsil alıb.

V.Mustafayev 2014-cü ildən PAŞA Holdinq MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb.
2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A. Ş. şirkətinin Müşahidə Şurasının Sədri olaraq təyin edilib.

2019-cu ildən müdafiə sənayesi naziri olan Mədət Quliyev 1996–2001-ci illərdə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001–2002-ci illərdə həmin idarənin rəisi olub.

Mədət Quliyev 2002–2004-cü illərdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, 2004–2006-cı illərdə İnterpolun Milli Mərkəzi Bürosunun, 2006–2011-ci illərdə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin, 2011-ci ildə Ədliyyə nazirinin müavini-Penitensiar Xidmətinin rəisi vəzifələrində çalışıb.

O, 2015-2019-cu illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olub.

 1995-ci ildə Milli Qəhrəman adı alan M.Quliyev həmçinin Azərbaycan Velosiped Federasiyasının prezidentidir.

Ana səhifəSiyasətƏliyev Mədət Quliyevi nazir vəzifəsindən azad etdi, yeni vəzifə verdi