close

Emin Əmrullayevi sevindirən qələbə

Basketbol milli komandası. Foto: Federasiyanın sosial media hesabı

Turan Muxtar

“Belə yarışda əcnəbilər hesabına nəticə qazanmaq özünü aldatmaqdır”

Basketbol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının (C divizionu) qalibi olub. Azərbaycan millisi Andorrada təşkil edilən yarışın final oyununda yerli komanda ilə qarşılaşıb. Andorranı 57:45 hesabı ilə məğlub edən Azərbaycanın U-16 komandası heç bir görüşdə uduzmadan qitə çempionluğunu qazanıb.

Yığma komanda Avropa çempionu olan kimi elm və təhsil naziri, həm də, Azərbaycan Basketbol Federasiyasının prezidenti olan Emin Əmrullayev sosial şəbəkə hesabında sevincək paylaşım edib:

Ürəkdən təbrik edirəm! Afərin qızlarımıza!!!”

“Urrra” qışqıraraq, sevinməyə dəyərmi? Və ya, Azərbaycanın hakimiyyətyönlü mediasının Andorrada əldə olunan nəticə barədə “tarixi uğur”, “möhtəşəm qələbə” başlıqları altında tirajladıqları xəbərlər həqiqəti əks etdirirmi?

Birincisi, Azərbaycanın 16 yaşadək basketbolçulardan ibarət milli komandası Avropanın ən zəiflərinin yer aldığı C divizionunda qələbə qazanıb. Amma bunu çox da dərd etməyə dəyməz. “İdmanda istənilən qələbəyə sevinmək olar” deyib, üzərindən keçə bilərik.

Dərd, özü də, ağır dərd odur ki, Emin Əmrullayevi sevincək edən, ölkənin hakimiyyətyönlü mediasının adına “tarixi uğur” dediyi uğuru Azərbaycan basketbolçuları qazanmayıblar! Ela Nur Gökçölün, Şilan Akbingölün, Deniz Gökçölün, Melek Sine Koçun Azərbaycana nə dəxli var? Bunlar hamısı türkiyəli basketbolçulardır. Onlar Azərbaycanda yetişməyiblər, Azərbaycan basketbolu ilə əlaqələri yoxdur. Hətta milli komandanın baş məşqçisi Evren Alkaya da türkiyəlidir.

“Futbolinfo.az” saytının baş redaktoru Vüsal Mahmudov Meydan TV-yə açıqlamasında bildirib ki, 16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisinin qələbəsini ümumxalq bayramına çevirməyə dəyməz. Onun fikrincə, Azərbaycanın bu idman növündə heç bir gələcəyi yoxdur, nəticəni də milliləşdirilən idmançılar qazanıb:

Vüsal Mahmudov. Foto: sosial media hesabı

“16 yaşlı qızlardan ibarət Azərbaycan millisinin qitənin ən zəiflərinin yer aldığı C divizionunda qələbəsini ümumxalq bayramına çevirməyə dəyməz. Bu idman növündə heç bir gələcəyimiz yoxdur, nəticəni də milliləşdirilənlər qazanıb. Andorra ilə final matçında komandamız 57 xal toplayıb, onun 44-nü Ela Nur Gökçöl, Şilan Akbingöl və Deniz Gökçöl hesabına yazdırıb. Turnirin önəmini, iştirakçıların səviyyəsini nəzərə alsaq, belə yarışda əcnəbilər hesabına nəticə qazanmaq özünü aldatmaqdır.

Turnirin ən yaxşı oyunçu beşliyində əsl gürcü və əsl erməni yer alıb: fakt budur. Biz isə yenə pulu əcnəbilər üçün havaya sovururuq, gənc nəslin yetişməsi üçün heç nə etmirik. O yarışı qazanmaqdansa, bir basketbolçu qazanmaq daha dəyərli olardı”.

Başqalarının yetişdirdiyi idmançıları pul, yaxşı şərait vəd etmək qarşılığında Azərbaycanın müxtəlif idman növləri üzrə milli komandalarına cəlb edib, sonra hansısa çox da əhəmiyyətli olmayan yarışda uğur qazanaraq, bunu “tarixi uğur” kimi insanlara sırımaq çoxdankı “adət”dir. Hörmətli nazir, federasiya rəhbəri Emin Əmrullayev Azərbaycan millisinin formasında meydana çıxan türkiyəli basketbolçuları ürəkdən təbrik etmək əvəzinə, ürəkdən işləsə, bəlkə, bir gün doğrudan da, azərbaycanlı basketbolçuları da təbrik etmək şərəfinə nail olar.

Ana səhifəİdmanEmin Əmrullayevi sevindirən qələbə