close

DSK-nın göstəricisi: Son 6 ildə Azərbaycanda düyü istehsalı azalıb

Düyü. Foto: Meydan TV

Hökumət uzun müddət çəltik istehsalının artırılması ilə bağlı heç bir tədbir həyata keçirməyib”

Düyü Azərbaycanda ən çox idxal olunan ərzaqlar siyahısındadır. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatından  görünür ki, 2023-cü ilin ilk 6 ayında Azərbaycana 36 430.50 ton düyü idxal edilib.

Dövlət Statistika Komitəsinin (DSK) ərzaq məhsullarının istehsalı ilə bağlı ilbəil yaydığı məlumatlardan görünür ki, son 6 ildə Azərbaycanda düyü istehsalı azalıb. Məsələn, 2015-ci ildə 15,9 min ton təmizlənmiş düyü istehsal edilib, 2021-ci ildə isə bu rəqəm 10 min tona enib. Yəni 36,7 faiz azalma olub.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirir ki, yerli düyü istehsalının azalması fonunda son 10 ildə düyüdən istifadə 2,3 dəfədən çox artıb. Onun sözlərinə görə, 2011-ci il il ərzində düyü istehlakı 27,4 min ton olubsa, bu, 2021-ci ildə 63,4 min tona qalxıb.

Dövlət Statistika Komitəsi
Source: stat.gov.az

Ekspert deyir  ki, bu da düyü idxalını artırıb. 2022-ci ildə Azərbaycana 42,5 milyon dollar dəyərində 50,2 min ton düyü idxal edilib. Bu da əvvəlki illə müqayisədə 7,4, dəyər ifadəsində isə 25,4 faiz çoxdur.

“2023-cü ilin əvvəlindən isə düyü idxalı kəskin şəkildə artıb. Belə ki, 2023-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə düyü idxalı fiziki çəkidə 15,3, dəyər ifadəsində isə 22,1 faiz artıb”.

Vahid Məhərrəmova görə, Azərbaycanda düyü ilə özünütəminetmə səviyyəsi aşağıdır. Bildirir ki, DSK-nın hesabatında Azərbaycanda düyü ilə özünütəminetmə səviyyəsi 2021-ci ildə 17,7 faiz göstərilsə də, bu göstərici özünütəminetmə səviyyəsini deyil, ümumi istehlak edilən məhsulda daxili istehsalın payının göstəricisidir.

Ekspert qeyd edir ki, beynəlxalq normaya əsasən, il ərzində adambaşına düyü istehlakı norması 32,8 kiloqramdır. Azərbaycan istehsal etdiyi 10 min ton (adambaşına 1 kiloqram) düyü ümumi tələbatın təxminən 3 faizi qədərdir:

“Bu da o deməkdir ki, Azərbaycanda düyü ilə özünütəminetmə səviyyəsi 3 faiz civarındadır. 2019-2020-ci illər mövsümündə dünya üzrə düyü istehlakı adambaşına 53,9 kq təşkil edib. Ümumiyyətlə, son 20 il ərzində ölkədə düyü istehsalı kəskin şəkildə azalıb, əvəzində isə idxal artıb. Belə ki, 2000-ci ildə ölkədə 22,2 min ton düyü istehsal olunduğu halda, sonrakı illərdə bu göstərici 2 dəfədən çox aşağı düşüb”.

Vahid Məhərrəmov bildirir ki, son 1 ildə düyünün idxal dəyəri də 16,7 faiz artıb. Onun sözlərinə görə, 2021-ci ildə ölkəyə idxal edilən düyünün 1 tonunun idxal dəyəri 725,38 dollar olduğu halda, 2022-ci ildə 1 ton düyünün idxal dəyəri 121,62 dollar artaraq 847,00 dollar edib. Son iki ildə isə ümumiyyətlə, düyünün idxal dəyəri 23,7 faiz artıb.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov, Foto: Meydan TV

“Azərbaycan hökuməti dünya ərzaq bazarında tez-tez baş verən kəskin qiymət dəyişmələrindən, xüsusən qiymət artımlarından daxili bazarı qorumaq üçün əhalinin ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan tələbatını daxili istehsal hesabına ödənilməsi məsələsini özünün prioritet vəzifəsi hesab etməlidir. Uzun müddət Azərbaycan hökuməti çəltik istehsalının artırılması ilə bağlı ciddi işlər görməyib”.

Ekspert əlavə edir ki, hətta hökumətin 2016-cı ildə qəbul etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də çəltik, düyü istehsalı ilə bağlı hər hansı tədbir nəzərdə tutulmayıb. Əvvəllər qəbul edilmiş dövlət proqramlarında da bu sahəyə diqqət ayrılmayıb. Yalnız 5 il əvvəl, 2018-ci ilin fevral ayında “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” qəbul edilib.

“Prezidentin sərəncamında dövlət proqramının qəbul edilməsində məqsədin kənd təsərrüfatın ənənəvi sahələrindən olan çəltik istehsalının inkişaf etdirilməsi, əhalinin bu məhsula tələbatının ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi olduğu qeyd edilib. Bildirilib ki, “son illər kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişafı, əhalinin düyüyə olan tələbatının ödənilməsi və çəltik istehsalının artırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər görülüb və müsbət nəticələr əldə olunub”. Dövlət proqramını hazırlayanlar düyüyə olan tələbatın ödənilməsi və çəltik istehsalının artırılması istiqamətində müsbət nəticələr əldə olunduğunu qeyd etməklə sahədə mövcud olan problemləri ört-basdır etməyə çalışır. Reallıqda isə hökumət uzun müddət çəltik istehsalının artırılması ilə bağlı heç bir tədbir həyata keçirməyib. Elə bu səbəbdən də yuxarıda qeyd edildiyi kimi ölkədə düyü istehsalı 20 ildə 2 dəfədən çox (2000-ci ildə 22,2 min tondan 2021-ci ildə 10 min tona qədər) azalıb, idxalı isə 2,8 dəfə (2000-ci ildə 17,8 min ton, 2022-ci ildə 50,2 min ton) artıb”.

Vahid Məhərrəmov bildirir ki, Dövlət Proqramının icrası ilə bağlı açıqlamalarda “2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq” deyilir. Onun sözlərinə görə, sənəd 2018-ci ilin fevralındaqəbul edilsə də, qarşıya qoyulan hədəflər reallığı özündə əks etdirmir.

“Əvvəla, ölkədə illik düyü istehlakı proqram qəbul edilməzdən əvvəl 2017-ci ildə 60 min ton, sonrakı ildə də 60 min tondan yuxarı olub. Bu gedişlə 2025-ci ilə qədər tələbatın ciddi artacağı gözlənilir. Dövlət proqramında nəzərdə tutulduğu kimi 2025-ci ilədək 40 min ton çəltik istehsal etməklə, tələbatın yalnız bir hissəsini ödəmək mümkün olacaq. Bu isə heç də proqramda nəzərdə tutulduğu kimi ölkənin “düyü ilə özünütəminetmə səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırılması” demək deyil. İkincisi də, gələcəkdə hər hektardan 40 sentner məhsul əldə etmək 2025-ci il üçün heç də yaxşı göstərici deyil. Qeyd etməliyəm ki, hələ 2000-ci ildə ölkə üzrə hər hektardan orta məhsuldarlıq 50,2 sentner, Astara rayonu üzrə 74,5 sentner təşkil edib”.

2005-ci ildə Lənkəran-Astara iqtisadi rayonu üzrə hektardan məhsuldarlıq 73,2 sentnerə, Lənkəran rayonunda isə 85 sentner qədər qalxıb.

Vahid Məhərrəmov bildirir ki, müasir texnologiya hər hektardan 80-100 sentner çəltik əldə etmək imkanı verir. Onun sözlərinə görə, Azərbaycanda məhsuldarlığı ən azı 2 dəfə artırmaq üçün münbit torpaq-iqlim şəraiti və digər resurslar var.

“Dövlət Proqramda qarşıya qoyulan hədəflər heç də böyük deyil. Təsəvvür edin, Azərbaycanda 1937-ci ildə primitiv üsullarla 50,3 min ton çəltik istehsal olunub. Həmin il hektardan məhsuldarlıq 30,4 sentner təşkil edib. İndiki hakimiyyət isə müasir texnologiyanın tətbiqi sayəsində 2025-ci ilədək çəltikçilikdə məhsuldarlığı 40 sentnerə, məhsul istehsalını isə 40 min tona çatdırmağı qarşıya məqsəd qoyub.

Dövlət Proqramının qəbulundan 5 il müddət keçib. Hətta hökumət qarşıya qoyduğu kiçik hədəflərə də nail olmaq üçün üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmir. Bu səbəbdən də yaxın üç ildə çəltik istehsalının 40 min tona çatdırılacağı real görünmür”.
Ekspertin fikrincə, çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün qəbul edilmiş dövlət proqramı qeyri-peşəkar və səthi hazırlanıb.
Düyü son illər Azərbaycanda həm də qiymətində artım olan ərzaqlar siyahısındadır.

Ana səhifəİqtisadiyyatDSK-nın göstəricisi: Son 6 ildə Azərbaycanda düyü istehsalı azalıb