close

Ərdoğan “Nova Kaxovka” bəndi ilə bağlı komissiyanın yaradılmasını təklif edir

Foto: Teleqram

Türkiyə lideri problemi Zelenski və Putinlə müzakirə edib

İyunun 7-də Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiya liderləri ilə telefonla danışıb.

R.T.Ərdoğan Volodimir Zelenskiyə və Vladimir Putinə “Nova Kaxovka”  bəndinin partlayışı ilə bağlı istintaq komissiyasının yaradılmasını təklif edib və “Türkiyə olaraq biz buna hazırıq”, – deyə bildirib.

Türkiyə Prezident Rusiya və Ukrayna ekspertlərinin, BMT-nin iştirakı ilə komissiyanın yaradıla biləcəyini söyləyib.

“Hurriyet” qəzetinin yazdığına görə, Ərdoğan həmçinin bütün dünyanın Taxıl Konsensusunun davam etdirilməsinə verdiyi əhəmiyyəti vurğulayaraq, birgə səylərlə qurduqları razılaşmanın qlobal ərzaq böhranının həllində mühüm rol oynadığını qeyd edib.

Rəcəb Tayyib Ərdoğan. Foto: Meydan TV

Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı ilə telefon söhbəti barədə “Twitter” hesabında paylaşım edib:

““Nova Kaxovka” bəndində Rusiyanın terror aktının humanitar və ekoloji nəticələri, həm də Zaporojye AES-lə bağlı risklər haqda bildirdim. O cümlədən, Ukraynanın fəlakətin aradan qaldırılması üçün təxirəsalınmaz ehtiyaclarından danışdım”.

O, münaqişənin həlli, həbsdə olan Ukrayna vətəndaşlarının, xüsusilə Krım tatarlarının geri qaytarılması, taxıl təşəbbüsünün davam etdirilməsi və genişləndirilməsi məsələsində Türkiyənin dəstəyinin vacib olduğunu da qeyd edib.

V.Putin və V.Zelenski. Foto: Meydan TV

Rusiya Prezidenti isə R.T.Ərdoğanla telefon danışığında bəndin dağılmasına görə Kiyevi ittiham edib:

Vladimir Putin deyib ki, Kiyev hakimiyyəti Qərb kuratorlarının təhriki ilə əvvəllər olduğu kimi döyüş əməliyyatlarının eskalasiyasına stavka edir, hərbi cinayətlər törədir, terror metodlarından açıq istifadə edir, Rusiya ərazisində diversiya aktları həyata keçirir”.

BMT Baş katibinin sözçüsü Stefan Düjarrik dünən keçirdiyi brifinqdə bildirib ki, təşkilatın hər hansı bir araşdırma komissiyası yaratması üçün qanunverici orqandan müvafiq mandat lazımdır.

Xerson. Foto: “Reuters”

O, Rəcəb Tayyib Ərdoğanın hələ də BMT-nin Baş katibi Antonio Quterreşə bu barədə məlumat vermədiyini əlavə edib.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel Türkiyə liderinin partlayışı araşdırmaq üçün beynəlxalq komissiya yaratmaq təşəbbüsünü şərh etməkdən imtina edib.

Mənim araşdırma aparmaq üçün hər hansı beynəlxalq qurumun yaradılması barədə deməyə sözüm yoxdur”, – deyə Patel iyunun 7-də keçirilən növbəti brifinq zamanı deyib.

Patel əlavə edib ki, Vaşinqton nə baş verdiyini öyrənməyə davam edir və Kiyev hakimiyyəti ilə əlaqə saxlayır.

İyunun 6-da Ukraynada Dnepr çayının üzərindəki bənd partladılıb.

Hadisəyə görə Rusiya və Ukrayna bir-birlərini günahlandırıb.

Ukrayna 42 min insanın daşqın təhlükəsi altında olduğunu və yüz minlərlə insanın içməli sudan məhrum qalacağını bildirib.

Ana səhifəSiyasətƏrdoğan “Nova Kaxovka” bəndi ilə bağlı komissiyanın yaradılmasını təklif edir