close

Ərdoğan olmasa

Foto: Meydan TV

Zərdüşt Əlizadə

Kamal Kılıçdaroğlu hakimiyyətə gəlsə Azərbaycan-Türkiyə münasibətlərində nə baş verər?

Türkiyə Cümhuriyyətinin prezidenti vəzifəsində möhtərəm Rəcəb Tayyib Ərdoğan olmasa, başqa bir kəs, fərz edək ki, möhtərəm Kamal Kılıçdaroğlu olsa, Azərbaycan-Türkiyə münasibətlərində nə baş verər? Yəni, bu münasibətlər nə dərəcədə bir şiyasətçinin, məhz Rəcəb Tayyib Ərdoğanın şəxsiyyətindən asılıdır?

Ermənistan Elmlər Akademiyasının həqiqi üzvü türkoloq Ruben Safrastyan bu suala belə cavab verdi ki, “heç nə dəyişməyəcək, Türkiyə Azərbaycanın yanında durmaqda davam edəcək”.

Mən erməni aliminin rəyi ilə yüz faiz həmrəyəm. Türkiyə Cümhuriyyətinin prezidenti vəzifəsində möhtərəm Rəcəb Tayyib Ərdoğan deyil, möhtərəm Kamal Kılıçdaroğlu əyləşsə, Türkiyə-Azərbaycan münasibətlərinə zərrə qədər ziyan dəyməyəcək.

Rəhmətlik Tofiq bəy Qasımov demişkən, səbəbləri “bu dəqiqə sizə izah edim”.

1. Hakimiyyətə öz liderinin namizədliyi ilə iddia edən Cümhuriyyət Xalq Partiyası əsla dünyadan bixəbər və naşı AXC deyil, bu partiya (CHP) Türkiyə Cümhuriyyətini idarə etmək sahəsində zəngin nəzəri bilik və əməli təcrübə sahibidir. CHP-nin məmur, alim, bələdiyyə başçıları, iş adamları və hərbçilər arasında xeyli sayda nüfuzlu tərəfdarları var və partiya hakimiyyətə yürüşündə heç də kəmsavad və çılğın mitinq iştirakçılarının sayına və gücünə deyil, möhtəşəm siyasi zəka potensialına söykənir.

2. Belə zəka potensialının sahibi hakimiyyətə 25 illik fasilədən sonra qayıtdıqda dövlət üçün mövcud olan müsbət amilləri nəinki zəiflədəcək, əksinə, hakimiyyətinin dayaqlarını möhkəmləndirmək məqsədilə daha da gücləndirəcək. Türkiyənin şərqində yerləşən varlı, müharibədən təzəcə qalib çıxmış və hər addımda Türkiyəyə sədaqətini bəyan edən bir müttəfiq dövlət ilə münasibətləri pozmaq hakimiyyətə yenicə qayıtmış CHP-nin nəyinə lazımdır? Təbii ki, seçicilərin iradəsi ilə Türkiyə Cümhuriyyətinin prezidenti vəzifəsində möhtərəm Rəcəb Tayyib Ərdoğan deyil, möhtərəm Kamal Kılıçdaroğlu əyləşsə, bundan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ankaraya rəsmi səfərə çıxacaq və bu görüş əsnasında hər iki prezident Türkiyə-Azərbaycan münasibətlərinin dayanıqlı və möhkəm olmasını, heç bir keçici amildən asılı olmadığını bütün dünyaya, ilk növbədə Türkiyə və Azərbaycan xalqlarına nümayiş etdirəcək.

3. Ağıllı türk dövlət başçısı Azərbaycan kimi müttəfiqi günün günorta çağında çıraq ilə axtarmalıdır. Azərbaycan Respublikası Türkiyə Cümhuriyyəti üçün cox, cox mühüm müttəfiqdir.  Nəzərə alsaq ki, sayın Kamal bəy ağıllı və tədbirli siyasətçidir, buna heç kəsin şübhəsi olmasın, onun öz xarici siyasətində Azərbaycan Respublikası ilə ən sıx və mehriban əməkdaşlıq münasibətlərini möhkəmləndirəcəyi danılmaz həqiqət kimi qəbul edilməlidir. 

Səbəbləri sadalayım:

Azərbaycan dünənə qədər özünün karbohidrogen ehtiyatları olmayan Türkiyəyə bölgənin neft-qaz bazarında mühüm və bəzən həlledici oyunçuya çevrilməsinə, hətta bütövlükdə Avropanın energetika sahəsində siyasətinə təsir edə biləcək gücə çevrilməsinə imkan yaratdı;

Azərbaycan beynəlxalq sahədə Türkiyəni daim şantaj edən Ermənistanı əhəmmiyyətli dərəcədə zərəsizləşdirdi;

Azərbaycan Türkiyə üçün Mərkəzi Asiyaya gedən yolda möhkəm körpü və dayaq rolunu ifa edir;

44 günlük müharibədə öz qələbəsi ilə Azərbaycan ordusu təzəcə dünya bazarına çıxmağa cəhd edən Türkiyə hərbi-sənaye kompleksi üçün ən uğurlu təşviqatçı oldu. Rusiya hərbi-sənaye kompleksinin məhsulunun Cənubi Qafqazda aparılmış və Ukraraynada aparılan müharibədə danılmaz uğursuzluqlarını və keyfiyyətsizliyini, Mərkəzi  Asiya dövlətlərinin öz ordularını artıq Rusiya təsirindən uzaq müasir silahla təchiz etmək niyyətini nəzərə alsaq, Türkiyə hərbi-sənaye kompleksinin yeni və cazibədar bazara yolu yalnız Azərbaycandan keçir. Bu yoldan səbəbsiz imtinanı yeni hakimiyyətə türk sənaye ərbabları heç vaxt bağışlamaz;

“türk dünyası” layihəsinin aparıcı oyunçusu olan Türkiyə Cümhuriyyəti bu oyunu postsovet məkanının ən fəal və nüfuzlu dövlətinə çevrilmiş Azərbaycanın dəstəyi olmadan həyata keçirə bilməz və Türkiyə diplomatiyası bu asılılığı gözəl anlayır;

Azərbaycan yatırımları böyük Türkiyə bazarına həlledici də olmasa, sezilən və arzuedilən həcmdə qoyulur və bundan imtina heç bir məntiqlə izah edilə bilməz;

Ərdoğan-Əliyev cütlüyü təbliğatı elə qurub ki, türk ictimai şüuru Azərbaycanın müharibədəki qələbəsini həm də Türkiyənin qələbəsi sayır və bu faydalı amildən imtina edən heç bir türk hökumətini və siyasi xadimini xalq bağışlamaz.

Odur ki, Türkiyə ilə Azərbaycanın müttəfiqliyi elə möhkəm və sarsılmaz dayaqlara söykənir ki, bunu hətta erməni alimi də etiraf edir.

Erməni alimi öz cəmiyyətinə ehtiyatla da olsa anladır ki, Ərdoğanın ali məqamda digər bir şəxslə əvəz edilməsi nəticəsində Azərbaycanın beynəlxalq mövqelərinin zəifləyəcəyinə ümidləriniz əbəsdir.

Ağlınızı başınıza yığın, dünyanı qiymətləndirəndə əsassız istəklərinizlə deyil, qaçılmaz və sərt gerçəkliklə hesablaşın.

Ana səhifəMənim FikrimcəƏrdoğan olmasa