close

Təqaüdçülərə verilən qeyri-işlək kreditlərin miqdarı açıqlanıb

Foto: By Matej Kastelic/Shutterstock

İqtisadçı: “İldən-ilə təqaüdçülərin kredit borcları artır”

2022-ci ildə əhaliyə verilən qeyri-işlək kreditlərin (QİK) 15 faizini təqaüdçülər alıb.

Kreditlərin böyük hissəsi, 48 faizi sabit gəlirli, dövlət sektorunda çalışan insanlara verilib.

25 faiz kredit isə özəl sahələrdə çalışanların payına düşüb. Ən kiçik, ümumi məbləğin 11 faizi isə depozit təminatı üçün ayrılıb.

Məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci il üçün açıqladığı maliyyə sabitliyi hesabatındandır.

İqtisadçı Qubad İbadoğlu deyir ki, ildən-ilə təqaüdçülərin kredit borcları artır.

O, bunun səbəbini bankların, xüsusən də, “Paşa Holdinq”ə məxsus “Kapital Bank”ın bankomatlar vasitəsilə təqaüdçülərə təklif etdiyi asan kredit təklifində görür.

İqtisadçı təqaüdçülərə diqqətli olmağı, bu yolla kredit götürüb, absurd faiz ödəməməyi məsləhət görür.

İqtisadçı son 4 ildə təqaüdçülərə verilən kreditləri hesablayıb.

Bu, 2018-ci ildə 519,6 milyon manat, 2019-da 693,3 milyon manat, 2020-də 695,6 milyon manat, 2021-də 677,8 milyon manat və nəhayət, 2022-ci ildə ən yüksək həddə çataraq 863,1 milyon manata çatıb.

Onun hesablamalarından görünür ki, təkcə 2022-ci ildə pensiyaçılar banklardan bir il əvvəllə müqayisədə 185 milyondan artıq kredit götürüb.

Beləliklə, Azərbaycanda hər pensiyaçının banklara orta hesabla 775 manat borcu yaranıb. Bu, özündən əvvəlki illə müqayisədə hər pensiyaçıya 110 manat və ya 37,2 faiz artım deməkdir. Çünki il ərzində pensiyaçıların sayı azalmaqla yanaşı onların banklara olan borcları artıb”, – iqtisadçı bildirir.

Qubad İbadoğlu bu borcların necə artdığına da diqqət çəkir.

Onun sözlərinə görə, “Kapital Bank”ın bankomatlarından pensiyasını alan hər kəsə təklif edilir ki, 100 manat əlavə pul götür, gələn pensiyada 106 manat ödəyərsən:

“Əlacsız qalan, işıq-qaz pulunu, ərzağını və dərmanını aydan-aya çatdırmayan pensiyaçıların çoxu da bu ilk baxışdan cəlbedici olan təklifə aldanıb, “bəli” düyməsini basır və əlavə 100 manat götürərək borca girirlər. Bununla da özlərinin məsrəflərini və “Kapital Bank”ın gəlirlərini artırırlar. Nəticədə də pensiyaçıların borcları sürətlə artmağa başlayır”.

Qubad İbadoğlu
Mənbə: Meydan TV

İqtisadçı çox yox, 40 faiz təqaüdçünün bu təklifi dəyərləndiyi zaman bankın nə qədər qazana biləcəyini də hesablayıb:

Birlikdə sadə hesablama aparaq. Əgər bu təklifdən pensiyaçıların 40 faizi istifadə etsə, təxminən 500 min nəfər deməkdir. Beləliklə, “Kapital Bank” ildə 1 pensiyaçıdan 72 manat, 500 min pensiyaçıdan isə 36 milyon manat qazana bilər”.

Ekspert bildirir ki, görünən rəqəmlər təqaüdçülərin vəziyyətinin acınacaqlı olmasından xəbər verir.

O, hökuməti bununla bağlı təcili tədbir görməyə çağırır.

 “Kapital Bank” ASC-nin səhmlərinin 99.87 faizi “Paşa Holdinq”ə, 0,13%-i isə fiziki şəxslərə aiddir.

Ölkə üzrə pensiyaların yarısını bu bank ödəyir.

Mərkəzi Bankı “Maliyyə dayanıqlılığı” hesabatından aydın olur ki, Azərbaycanda ən böyük üç bankın aktivlər üzrə bazar payı 65 faizə çatıb.

Həmin üç bankın biri dövlətə (Beynəlxalq Bank), ikisi prezidentin ailə üzvlərinə (“Paşa Bank” və “Kapital Bank”) məxsusdur. Bu bankların depozit portfelindəki bazar payı 70 faiz, kreditlər üzrə isə 48 faizdir.

Bankların illik mənfəətinin təxminən dörddə üçü də məhz bu üç banka çatır.

Ana səhifəİqtisadiyyatTəqaüdçülərə verilən qeyri-işlək kreditlərin miqdarı açıqlanıb