close

Erkin Qədirli: “Yaxın ilyarımda dörd seçki olacağını düşünürəm”

Referendum. Foto: GagoDesign/shutterstock

Deputat konstitusion islahatların aparılacağını güman edir

REAL Partiyasının Siyasi Komitəsinin üzvü, Erkin Qədirli yaxın bir ilyarım müddətdə (2023-2025) Azərbaycanda dörd seçki dönəminin olacağını güman edir.

Deputat 2023-cü ilin payızında referendum, gələn ilin noyabrında Milli Məclisə seçkilər, dekabrda bələdiyyə, 2025-ci ilin aprelində isə prezident seçkilərinin keçiriləcəyini qeyd edib.

Bu barədə “Telegram” kanalında yazan Erkin Qədirlinin sözlərinə görə, referendum haqda çox və çoxdan danışılır:

“Bunun obyektiv səbəbi vardır – sistem köhnəlib, onun idari xərcləri və siyasi riskləri artıb, səmərəliyi isə azalıb. Üstəlik, Vətən Müharibəsindəki qələbədən sonra gələcək dönəmlər üçün bu sistem yararsızdır”.

“İyun ayında Milli Məclis dövlət büdcəsinə bir sıra dəyişikliyi təsdiqlədi. O dəyişikliklərin arasında 2023-ü ilin qalan hissəsində seçki xərclərinin az qala 50 faiz artırılması var. Bu, böyük bir artımdır və referendumun məhz bu il olacağını söyləməyə tutarlı əsas verir. Boşuna bu qədər pul ayırmazlar”, – deputat vurğulayıb.

REAL Partiyasının üzvü referendumun konstitusion islahatlarla bağlı olacağını düşünür:

Tam yeni bir konstitusiyamı olacaq, yoxsa indikinə dəyişikliklər ediləcək? Ritorik sual deyil. İndiki konstitusiyada bir çox maddəyə əlavə və dəyişikliklərin edilməsi qadağandır. Konstitusiyanın mətni bunu aydın qadağan edir. Odur ki, əgər həmin maddələrə dəyişiklik etmək niyyəti varsa, onda gərək tam yeni bir konstitusiya qəbul olunsun. Bu, prinsipcə mümkündür, amma buna gediləcəkmi? Burasını söyləmək çətindir. Bu seçimin həm müsbət, həm mənfi tərəfləri vardır. Riskləri də az deyil. İndiki konstitusiyaya dəyişikliklərin ehtimalı daha yüksəkdir”.

Nələr dəyişə bilər?

Erkin Qədirli hesab edir ki, bu suala cavab vermək üçün siyasi elitanın içində olmaq gərəkdir.

“Belə bir imkanın olmadığı bir ortamda ancaq güman etmək qalır. Sırf hüquqi arzularla düşünsək, aşağıdakı gümanlar ağlabatan görünür: Yerli özünüidarəetmə sistemin köklü islahatı. İcra hakimiyyətinin başçıları təsisatı ləğv olunacaq. Bu təsisatı hələ 1991-ci ildə Prezident olmuş Ayaz Mütəllibov yaratmışdı. Həm də  indiki konstitusiyadan öncə qurulub və o vaxtdan heç dəyişməyib. Çox köhnə və səmərəsiz bir sistemdir. Mütəllibov onu SSRİ-də olmuş rayon və şəhər xalq deputatları və onların icraiyyə komitələrinin yerinə qurmuşdu. Faktiki olaraq, yerli icra başçıları keçmiş Kommunist Partiyasının rayon və şəhər birinci katibləri yerini tutdular. Bir sözlə, bu sistemlə bundan sonra irəliyə getmək alınmayacaq. Ləğv olunmalıdır”.

Erkin Qədirli, Foto: Real Partiyası

Bəs, onun yerinə nə qurulsun? Deputat hesab edir ki, öncə bələdiyyələr böyüdülməli və gücləndirilməlidir.
“Bunun üçün onları dövlət hakimiyyəti sisteminə salmaq lazımdır. İndiki konstitusiyaya görə bələdiyyələr dövlət hakimiyyəti sisteminə aid deyillər. Ayrıca, bələdiyyələrin statusu və səlahiyyətləri qanunla, icra başçılarının statusu və səlahiyyətləri isə Prezidentin təsdiq etdiyi əsasnamə ilə nizamlanır. Yəni, burada bir legitimlik böhranı da vardır”,-deyə Qədirli əlavə edib.

Deputat Azərbaycanda inzibati-ərazi bölgüsünün də dəyişdirilməli olduğunu bildirib:

“Ümumi ərazisi onsuz da kiçik olan bir ölkədə 66 rayona, 14 respublika tabeli şəhərə və 12 şəhər rayonuna nə gərək var? Hərəsində də icra başçısı və s. İdari xərclər, korrupsiya ehtimalı, siyasi risklər və s. baxımdan yararsız bir sistemdir. Amma bunlar sonranın işidir, konstitusiyaya dəyişiklik tələb etmir. Referendumda bələdiyyələr böyüdülər və gücləndirilərsə, inzibati-ərazi dəyişikliyi cari qanunvericilkdə etmək asan olacaq. İnzibati-ərazi vahidlərin arasında Naxçıvan Muxtar Respublikası da var. Onun ləğv oluna biləcəyi ehtimalı ciddi düşünülürsə, onda onu ancaq konstitusion referendumla etmək mümkün olacaq. Bunun da müsbət və mənfi yan təsirləri mümkündür”.

Sonda Qədirli layihəni görmədən nəsə deməyin doğru sayılmadığını vurğulayaraq əlavə edib ki, bununla belə, kontekst aydındır:
“İcra başçılarının ləğvindən sonra yerli iqtisadi, sosial və mədəni məsələlər keçəcək bələdiyyələrin səlahiyyətinə. Siyasi riskləri idarə etmək üçünsə hazırda sınaqdan keçirilən Prezidentin yerlərdə səlahiyyətli nümayəndələri təsisatı düşünülür, Türkiyədəki vali sisteminə oxşar”.

Azərbaycanda sonuncu dəfə referendum 2016-cı ilin 26 sentyabrında konstitusiyaya dəyişiklik etmək məqsədi ilə referendum keçirilib.

Konstitusiyaya edilən dəyişiklik nəticəsində Azərbaycanda prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılıb. Eyni zamanda, prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyəti verilib və prezidentlik vəzifəsi üçün tələb olunan minimal (35 yaş) yaş həddi aradan qaldırılıb. Bundan əlavə, dəyişiklik nəticəsində Azərbaycanda vitse-prezidentlik postu yaradılıb.

Ana səhifəSiyasətErkin Qədirli: “Yaxın ilyarımda dörd seçki olacağını düşünürəm”