close

Məmməd Əzizovun apelyasiya şikayəti qismən təmin olundu

Bakı Apelyasiya Məhkəməsi. Foto: “e-huquq.az”

Vəkil bu qərardan da apelyasiya şikayəti verəcək

Bakı Apelyasiya Məhkəməsi “Nida” Vətəndaş Hərəkatının keçmiş üzvü, 2013-cü ilin martında təşkilatın keçirdiyi “Əsgər ölümlərinə son!” aksiyası öncəsi həbs olunan Məmməd Əzizovun şikayəti ilə bağlı qərarını açıqlayıb.  Fəal xeyli vaxtdır ki, 3 il təqsirsiz həbsdə saxlandığına görə ona dəymiş ziyanın kompensasiyasını almaqdan ötrü məhkəmələrdə mübarizə aparır. Nəsimi Rayon Məhkəməsində ona dəymiş ziyanın əvəzi olaraq, 36 min manat kompensasiya kəsilsə də, gənc fəal bundan narazı qalaraq, apelyasiya şikayəti vermişdi. O, əsassız həbsdə saxlandığı müddətdə dəymiş ziyana görə 100 min manat təzminat tələb edirdi.

Bakı Apelyasiya Məhkəməsində Məmməd Əzizovun şikayətinə baxılıb. Bu barədə məlumat verən vəkili Fariz Namazlı bildirib ki, şikayət qismən təmin olunub. Nəsimi Rayon Məhkəməsinin kəsdiyi 36 min manatlıq kompensasiya 66 min 700 manata qaldırılıb.

Məmməd Əzizov 3 il 10 gün həbsdə olub. Nəsimi Rayon Məhkəməsi hər ay üçün 1000 manatdan hesablamaqla, 36 min manat kompensasiya təyin etmişdi:

“Eyni cinayət işi üzrə Məmməd Əzizovla bərabər cinayət təqibinə məruz qalmış, onunla demək olar, eyni müddətdə həbsdə saxlanılan şəxslərə mənəvi zərərə görə 66 min 700 manat vəsait ödənilməsi barədə Ali Məhkəmənin Plenumunun qərarı var. Bakı Apelyasiya Məhkəməsi də həmin qərara istinad edərək, Məmməd Əzizova 66 min 700 manat kompensasiya ödənilməli olması nəticəsinə gəlib”.

Məmməd Əzizov. Foto: arxiv

Məmməd Əzizov 2013-cü ildə daha 7 nəfər NİDA-çı ilə birlikdə “Molotov kokteyli” hazırlama və kütləvi iğtişaşlar planlaşdırma ittihamıyla məhkəmə qarşısına çıxarılmış, 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il 6 ay müddətinə azadlqıdan məhrum edilmişdi. O, 2016-cı ildə azadlığa buraxılmışdı.

2021-ci ilin fevralında Avropa Məhkəməsi Əzizovun, eləcə də onunla birlikdə mühakimə olunmuş Şahin Novruzlunun şikayətləri üzrə qərarında hər iki ərizəçiyə münasibətdə Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulması qənaətinə gəlmişdi. Bunun ardınca, Ali Məhkəmənin Plenumu hər iki gənc fəala münasibətdə bütün daxili məhkəməmə qərarlarını ləğv edib, onlara bəraət vermişdi. Lakin əsassız həbsdə saxlandığı müddətdə kompensasiya təyin olunması məsələsinə münasibət bildirməmişdi.

Vəkil Fariz Namazlı qərardan narazı qalıb və apelyasiya şikayəti verəcəyini bildirib.

Avropa Məhkəməsi Məmməd Əzizov və onunla birlikdə mühakimə olunan Şahin Novruzlu haqqında qərarında yazır ki, onlar siyasi motivlərlə cəzalandırılıb.

Məhkəmə düşünür ki, Əzizov və Novruzluya cinayət təqibinin başlanılması, barələrində həbs tədbirinin seçilməsi, məhz əsgər ölümləri ilə əlaqədar hökumətə qarşı keçirilən nümayişlərdə fəal iştirak etdiklərinə görə NİDA üzvlərini cəzalandırmaq və susdurmaq məqsədi daşıyıb”, – Avropa Məhkəməsinin qərarı belə olub.

Onlarla yanaşı, o zaman NİDA-nın İdarə Heyətinin üzvü olan Zaur Qurbanlı, Rəşad Həsənov, Rəşadət Axundov və Üzeyir Məmmədli, İlkin Rüstəmzadə və Bəxtiyar Məmmədov da həbs olunmuşdu. 2014-cü ilin mayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə onlara 6 ildən 8 ilə qədər həbs cəzası verilmişdi. Onlar sonradan əfv sərəncamı ilə azadlığa buraxıldılar.

Avropa Məhkəməsi Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədliyə münasibətdə də eyni qərarı qəbul edib. Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin qərarı əsasında onların da işinə yenidən baxıb, ittiham hökmünü ləğv edib və bəraətverici əsaslarla cinayət işinə xitam verilib.

Ana səhifəSiyasətMəmməd Əzizovun apelyasiya şikayəti qismən təmin olundu