close

Erməni analitikləri “Dağlıq Qarabağ”ın ləğv olunması barədə fərmanı qeyri-qanuni adlandırıblar

Foto: Reuters

“Prezident respublikanı ləğv edə bilməz”

“Kavkazski uzel”in materialı

“Samvel Şahramanyanın Artsax Respublikasının (“Dağlıq Qarabağ Respublikası”nın) ləğv edilməsi barədə fərmana qol çəkməyə ixtiyarı yox idi. Konstitusiyanın 93-cü maddəsi ona bu cür səlahiyyət vermir”, – politoloq Ara Papyan və Andrias Qukasyan bəyan edib.

Bu gün “Dağlıq Qarabağın prezidenti” Samvel Şahramanyanın “Artsax Respublikası”nın (“Dağlıq Qarabağ Respublikası”nın) mövcudluğunun sona yetməsi barədə fərmanı dərc edilib.

“Artsax Respublikasını (“Dağlıq Qarabağ Respublikası”nı) Kreml buraxıb”, – politoloq, beynəlxalq hüquqşünas Ara Papyan “Kavkazski uzel”ə deyib.

“Artsaxın (“Dağlıq Qarabağ Respublikası”nın) siyasi elitası Kremlin göstərişi ilə müstəqilliyini elan edib. Bu, Ermənistanla birləşmənin qarşısını almaq üçün atılmış siyasi addım idi. Artsax (“Dağlıq Qarabağ Respublikası”) müstəqil olduğu halda onun sakinləri Ermənistanın pasportunu əldə etməyəcəkdilər və xaricə getmək üçün Ermənistanda viza almayacaqdılar. 1990-cı illərin əvvəllərində Kreml müstəqillik oyununa başladı və həmin oyun bu gün bitdi. Müstəqillik oyunu Artsaxın (“Dağlıq Qarabağ Respublikası”nın) süquta uğramasının əsas səbəbi oldu”, – o, “Kavkazski uzel”ə bəyan edib.

 Bununla yanaşı, ekspert hesab edir ki, Samvel Şahramanyanın bu cür fərmana qol çəkməyə ixtiyarı yox idi.

“Artsax (“Dağlıq Qarabağ Respublikası”) müstəqilliyini referendumla elan edib, buraxılması barədə qərarı da yalnız referendum yolu ilə verə bilərdilər. Prezident müstəqillik elan etməyib”, – beynəlxalq hüquqşünas qeyd edib. Onun dediyinə görə, dövlət müəssisələri və təşkilatların 2024-cü il yanvarın 1-dək buraxılması barədə qanun heç bir əhəmiyyət kəsb etmir. “Bütün institutlar artıq buraxılıb. Heç nə qalmayıb. Təkcə ordunu dövlət strukturu saymaq olardı, Rusiya tərəfindən tərk-silah ediləndən sonra ondan da geriyə bir şey qalmayıb”, – politoloq aydınlaşdırıb.

“Dağlıq Qarabağ Konstitusiyasının 93-cü maddəsinə görə, prezident respublikanı ləğv edə bilməz”, – siyasətçi-hüquqşünas Andrias Qukasyan qeyd edib.

“Bu fərmanı “Telegram” kanalda dərc ediblər, KİV də  informasiyanın səhihliyini yoxlamadan onu yayıb. Prezident fərmanları sadəcə mətnlə deyil, həm də onun prezidentin qolu olan surəti ilə müşayiət olunur. Mən hələ onu da demirəm ki, mətn əvvəlcə rus dilində idi, onu daha sonra erməni dilinə tərcümə ediblər. Fərmanlar rəsmi nəşrlərdə dərc olunur. İnformasiya qərargahı normativ aktların yayılması üçün səlahiyyətli struktur sayılmır”, – o, “Kavkazski uzel”ə bəyan edib.

Ana səhifəSiyasətErməni analitikləri “Dağlıq Qarabağ”ın ləğv olunması barədə fərmanı qeyri-qanuni adlandırıblar