close

“Amnesty International” Azərbaycan hakimiyyətini fəalların həbsinə son qoymağa çağırdı

“Amnesty International”. Foto: Derick P. Hudson/shutterstock

Təşkilat 5 nəfərin haqsız yerə tutulduğunu deyir və bunu “siyasi motivli həbs” hesab edir

Azərbaycan hakimiyyəti müharibə əleyhdarı fəalların siyasi motivli təqibinə son qoymalıdır”.

Bu barədə “Amnesty International” insan haqları təşkilatı “X” (“Twitter”) platformasında paylaşım edib.

Təşkilat bildirib ki, Azərbaycan hakimiyyəti sosial mediada müharibə əleyhinə yazılarına görə 5 nəfəri haqsız yerə həbs edib:

Həmin fəallar Azərbaycanın “Dağlıq Qarabağ”a son hərbi hücumuna qarşı çıxış ediblər” – deyə, “Amnesty International” bildirib.

Sentyabrın 20-dən başlayaraq Azərbaycanda bir sıra fəallar prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə çağırıldığını bildirib. Sonradan onlardan bir neçə nəfərinin məhkəmələrin qərarı ilə 30 gün müddətinə inzibati qaydada həbs olunduğu açıqlanıb.

Həbs edilənlərdən Nurlan Qəhrəmanlı (Libre), Emin İbrahimov, Əmrah Təhməzov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycanın Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə ittiham ediliblər. Hər biri 30 gün azadlıqdan məhrum ediliblər.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının koordinatoru Afiəddin Məmmədov barəsində isə 2 aylıq həbs qəti imkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq) və 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib.

Gənc fəal Nemət Abbasov İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 30 gün azadlıqdan məhrum edilib.

Həbs edilənlər və vəkilləri cəzalandırmanın əsl səbəbini Azərbaycanın sentyabrın 19-da Qarabağda başlatdığı hərbi əməliyyatların əleyhinə yazdıqları fikirlərlə əlaqələndiriblər.

Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb.

Tank əleyhinə minaya düşən iki böyük yük avtomobilinin içində 14 nəfər həyatını itirib. Bunlardan yeddisi polis, qalanı mülki şəxs olub.

Azərbaycan həmin minaların erməni diversiya qrupları tərəfindən yeni basdırıldığını açıqlayıb.

Bir gün sonra Azərbaycan Qarabağda lokal anti-terror tədbirlərinə başladığını elan edib. Tələbi erməni silahlı qüvvələrinin regiondan çıxarılması olub.

Ermənistan isə açıqlama verərək bildirib ki, “Qarabağda erməni qüvvələri yoxdur və Azərbaycanın etdiyi irimiqyaslı təcavüzdür”.

Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlanıb. Razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Sonra Azərbaycanın Yevlax rayonunda Qarabağ erməni icmasının nümayəndələri ilə görüş barədə razılığa gəlinib. İlkin açıqlamada Qarabağdakı silahlıların təslim olduğu bildirilsə də, sonradan onlardan bəzilərinin dirəndiyi ilə bağlı fikirlər səsləndirilib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezident”i Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. Bunu sentyabrın 19-da yaranmış vəziyyətlə əlaqələndirib.

Ana səhifəSiyasət“Amnesty International” Azərbaycan hakimiyyətini fəalların həbsinə son qoymağa çağırdı