close

“Ermənilərin kütləvi köçü Azərbaycanın əleyhinə işləyə bilər”

Foto: Reuters

Deputat ermənilərin təbliğatını “qarayaxma kampaniyası” adlandırır

Razılaşmalara əsasən, Rusiya sülhməramlı kontingenti Qarabağın yerli sakinlərinin 5 avtobus və 41 şəxsi avtomobilinin Ermənistana müşayiətini təmin edib.

Bu barədə Rusiya sülhməramlılarının Qarabağdakı qərargahı sentyabrın 24-də axşam saatlarında məlumat yayıb.

Ermənistan mediası 337 Qarabağ sakininin Qoris rayonunun Kornidzor kəndinə gəldiyini paylaşıb.

“Politico” nəşrinin jurnalisti Gabriel Gavin “X” (Twitter) hesabında foto paylaşaraq qeyd edib ki, yüzlərlə, bəlkə də, minlərlə insan Qarabağı tərk etdiyi üçün Kornidzor magistralında tıxac yaranıb.

Ermənistan hökumətinin sentyabrın 25-i saat 12:00-a olan məlumatında Qarabağdan 4850 məcburi köçkünün gəldiyi bildirilir:

“Onlardan 3900-ü üzrə məlumatlar tərtib edilib, 950-nin ehtiyaclarının qiymətləndirilməsi isə müəyyənləşmə mərhələsindədir. Əvvəlcədən müəyyən edilmiş yaşayış yeri olmayanların hamısı üçün hökumət müvafiq yaşayış yeri təmin edir”.

Azərbaycan hökuməti Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı Şahin Mustafayevin sədrliyi ilə komissiya yaratsa da, ermənilərin köçməyə üstünlük verməsi bir sıra sualları gündəmə gətirib.

Bəs köç kütləvi hal alarsa, onların məcburi köçkün və ya qaçqın olması Azərbaycanın əleyhinə etnik təmizlənmə kimi qiymətləndirilə bilərmi?

Hüquq müdafiəçisi Arzu Abdullayeva şübhə etmir ki, başlanan proses Azərbaycanın əleyhinə çevriləcək:

“Hələ ötən əsrin 90-cı illərində Azərbaycan Ermənistanın təcavüzünə məruz qalanda ABŞ Konqresi 907-ci düzəlişi qəbul etdi. Halbuki Azərbaycanın əraziləri işğal olunurdu. Bu gedişatda başqa bir amil də var, rəsmi təbliğat zəif aparılır və həmçinin Azərbaycan hökumətinin insan hüquqlarına münasibəti ona inamı azaldır. Açıq şəkildə deyirlər ki, siz öz vətəndaşlarınızın hüquqlarını təmin edə bilmirsinizsə, başqa xalqlara münasibətiniz necə olacaq”.

Arzu Abdullayeva. Foto: Meydan TV

Arzu Abdullayeva deyir ki, hökumət insan hüquqlarının durumunda ciddi dəyişikliklərə getməlidir, çünki bu yöndə addımlar Qarabağ məsələsində müsbət imic gətirər.

Hüquq müdafiəçisi onların hökumətə ermənilərin reinteqrasiya ilə bağlı təkliflərinin olduğunu da vurğulayıb:

İnamsızlıq vətəndaş cəmiyyətinin fəal iştirakçı olmaması idi. Nəticədə vətəndaş diplomatiyasını gücləndirə bilmədik. Hərçənd ki, ermənilərlə vətəndaş cəmiyyəti müstəvisində danışıqlar olub, Helsinki Vətəndaş Assambleyası olaraq 10 bənddən ibarət təkliflər paketini də hazırlamışdıq. Artıq müzakirələrə başlamaq istəyirdik, hökumətin də mane olmayacağına inanırdıq. Əfsuslar ki, geosiyasi oyunlarda Azərbaycan diktə edən tərəf olmadığından indiki mənzərə yarandı”.

“Konkretləşdirsək, Rusiyanın planları sülh prosesinə mane oldu. Nəticədə nə baş verdi: Azərbaycan qınaq obyektinə çevrildi. Amma bütün bunlara rəğmən Şahin Mustafayevin sədrliyi ilə komissiya yaradıldı ki, tələfat çox olmasın. Əgər komissiya vətəndaş cəmiyyət ilə əlbir işləsəydi, qarşı tərəfin inamı çox olardı və Azərbaycan beynəlxalq təşkilatların hədəfinə gəlməzdi”, – deyə o bildirib.

Arzu Abdullayeva hesab edir ki, indi də Azərbaycan informasiya savaşında uduzur:

Məsələ ondadır ki, Azərbaycan işğal olunan ərazilərini qaytarır, amma bir xarici media orqanları yazır ki, rəsmi Bakı etnik təmizləmə edir, aqressiya göstərir. Ona görə hökumət vətəndaş cəmiyyəti ilə təmas qurmalıdır. Əks halda, sülhə nail olub, irəli getmək olmayacaq”.

Milli Məclisin deputatı Elman Məmmədov Meydan TV-yə deyib ki, onsuz da Ermənistanın bəzi rəsmi qurumları və bunların himayəçiləri bir neçə gündür qarayaxma kampaniyasına start veriblər:

Guya Azərbaycan Qarabağda etnik təmizləməyə başlayıb, hətta soyqırım ifadəsini də səsləndirirlər. Halbuki Azərbaycan hökuməti bildirib ki, heç kim zorla yaşadığı ərazidən qovulmur, yaxud köçürülmür. Hətta bununla bağlı komissiya yaradılıb. İkinci, Qarabağda sonuncu antiterror əməliyyatından sonra separatçıların qoyub qaçdığı sadə ermənilərə Azərbaycanın müvafiq qurumlarının hansı yardım etməsi bütün rəsmi kanallarda yayımlandı. Nəhayət, Prezident İlham Əliyev sonuncu müraciətdə ermənilərə xitabən söylədi ki, qalın yaşayın, təhlükəsizliyiniz və təminatınız olacaq. Artıq Xankəndinin enerji təminatı da Azərbaycana qoşuldu, yanacaq da göndərildi. Necə etnik təmizləmə ola bilər ki, ölkə başçısı dinc sakinlərin zərər çəkməməsi üçün göstəriş vermişdi. Çünki problemimiz terrorçularladır, onlar da silahlarını təhvil verirlər. İndi biz erməniyə yalvaracağıq ki, getmə… Axı hər bir insan yaşayış yerini seçməkdə sərbəstdir”.

Elman Məmmədov
Foto: arxiv

Elman Məmmədovun sözlərinə görə, sadə ermənilər 30 ildən çox separatçıların girovluğunda zülmlə yaşayıblar:

Qalsalar, hər cür təminatları olacaq. Prezident də son çıxışlarında bu məsələni xüsusi vurğuladı. Azərbaycanda nə qədər etnik azlıqlar var, onlardan biri də ermənilər olacaq ki, sərbəst yaşayacaqlar. Məncə, bu cür anti-Azərbaycan kampaniyasının arxasında aparıcı dövlətlər və beynəlxalq təşkilatlar da var, onlar məgər, separatçıların qoyub qaçdıqları sadə erməniləri görmürlərmi? Yaxşı görürlər, sadəcə, Azərbaycanın inkişafını istəmirlər”.

Ana səhifəSiyasət“Ermənilərin kütləvi köçü Azərbaycanın əleyhinə işləyə bilər”