close

Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən film “Oskar”da

Foto: Oscar

Filmdə iddia olunur ki, Baqramyan Azərbaycanda etnik təqiblərə məruz qalıb

Amerikanın Hərəkətli Şəkil Sənətləri və Elmləri Akademiyası 10 kateqoriya üzrə “Oskar” film mükafatlarına namizədlərin qısa siyahısını açıqlayıb.

“Ən yaxşı xarici bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı musiqi”, “Ən yaxşı qısametrajlı sənədli film”, “Ən yaxşı makiyaj və saç düzümü”, “Ən yaxşı mahnı”, “Ən yaxşı qısametrajlı animasiya”, “Ən yaxşı qısametrajlı film”, “Ən yaxşı səs”, “Ən yaxşı vizual effektlər” nominasiyalarında filmlərin siyahısı təqdim olunub.

Siyahıya Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlardan bəhs edən film də salınıb.

Rejissor Mstislav Çernovun Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günlərindən bəhs edən “Mariupolda 20 gün” sənədli filmi iki kateqoriya -“Ən yaxşı sənədli film” və “Ən yaxşı xarici film” nominasiyalarında siyahıya düşüb.

Mariupolda 20 gün” müharibənin ilk günlərinin sənədli xronikasıdır.

Rejissor Mstislav Çernov, fotoqraf Yevgeni Maloletka və prodüser Vasilisa Stepanenkonun daxil olduğu “Associated Press”in müxbirlərindən ibarət qrup 20 gün ərzində Mariupolda baş verən hərbi əməliyyatları lentə alıblar.

İsrail-Fələstin münaqişəsi fonunda isə rejissor Ayelet Menaheminin filmi siyahıya salınmayıb.

Söhbət İsrailin “Yeddi nemət” (“Seven Blessings”- “Sheva Berachot”) filmindən gedir. Bu film “Ən yaxşı xarici film” kateqoriyasında qısa siyahıya daxil edilməyib.

Yeddi nemət” – rejissor Ayelet Menahemi tərəfindən 2023-cü ildə çəkilmiş İsrail komediya-dram filmidir.

Digər siyasi motivli film isə Ermənistan-Azərbaycan münqaqişəsini özündə əks etdirir.

“The Last Repair Shop” (rejissorlar Ben Prauduft və Kris Bauersin) qısametrajlı sənədli filminin qəhrəmanı erməni əslilli Stiv Baqramyandır.

Filmdə iddia olunur ki, Baqramyan 1980-ci illərdə Azərbaycanda etnik təqiblərə məruz qalıb.

“The Last Repair Shop” “Ən yaxşı qısametrajlı sənədli film” nominasiyasında qısa siyahıya düşüb.

Film bu kateqoriya üzrə təqdim olunmuş 114 film arasından seçilib.

Azərbaycan da 2007-ci ildən “Xarici dildə ən yaxşı film” üzrə “Oskar” mükafatına filmlərini təqdim edir.

Bu, Azərbaycan Respublikası Kinematoqrafiya İttifaqının (ARKİ) “Oskar” komitəsi tərəfindən həyata keçirilir.

İndiyədək “Qafqaz” (“Caucasia”) – rejissor Fərid Hümbətov (2007), “Qala” (“Fortress”) – rejissor Şamil Nəcəfzadə (2008), “Sahə” (“The Precinct”) rejissor İlqar Safat (2010), “Buta” (“Buta”) – rejissor İqlar Nəcəf (2012), “Çölçü” (“Steppe Man”) – rejissor Şamil Əliyev (2013), “Nabat” (“Nabat”) – rejissor: Elçin Musaoğlu (2014), “Nar bağı” (“Pomegranate Orchard”)– rejissor İlqar Nəcəf (2017), “Daxildəki ada” (“The Island within”) – rejissor Rüfət Həsənov (2021), “Yaradanlar” (“Creators”) – rejissor Şamil Əliyev (2022) filmləri “Oskar”a təqdim olunsa da, namizədlikləri irəli sürülməyib.

Bu il isə “Xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar”a ümumiyyətlə, heç bir film təqdim olunmayıb.

“Oskar” komitəsinin katibi, kinorejissor Şamil Əliyev Meydan TV-yə deyir ki, film istehsalatı dayanıb.

Heç bir studiya “Oskar”a uyğun parametrlərdə film çəkməyib.

Uyğun parametrli filmlərin də “Oskar”ın şərtlərinə görə prokatı təşkil edilməyib.

““Oskar” elə-belə tədbir deyil ki, ora nə film gəldi, göndərəsən. Ötən il ərzində film çəkilişləri dayandı. Heç bir studiya, heç bir prodüser mərkəzi film təqdim etmədi. Prodüserlər özləri belə qərara gəliblər ki, “Oskar”a tutarlı, layiq film yox imiş. Ora təqim ediləcək film müəyyən müddətdə prokatda olmalı idi. Keçən illərdə istehsalatı bitmiş filmlərin prokatı lazımi səviyyədə olmamışdı. Bəzi filmlər verilə bilərdi. Amma həmin filmlərin də prokata çıxmalarında müəyyən problemlər yarandı. Keçən ilin avqustun sonuna qədər, filmlər prokata çıxmalı idi”.

Katib hesab edir ki, baş verənlər Kino Agentliyinin yaranması ilə əlaqədardır.

O deyir ki, Mədəniyyət Nazirliyində müəyyən struktur dəyişikliyi baş verdiyi üçün film istehsalatı dayanıb.

Sevda Sultanova daha öncə mövzu ilə əlaqədar demişdi ki, Amerikanın Hərəkətli Şəkil Sənətləri və Elmləri Akademiyasına sanballı film göndərmək üçün Azərbaycanda il ərzində heç olmasa 20-30 film çəkilməlidir.

İki il öncəyə qədər dövlət büdcəsindən ayrılan vəsaitlə 4-5 film istehsalata buraxılırdı.

2023-cü ildə dövlət sifarişi ilə bir film də olsun istehsalata buraxılmayıb.

Ana səhifəMədəniyyətErmənistan-Azərbaycan münaqişəsindən bəhs edən film “Oskar”da