close

Ermənistana təhvil verilən hərbçilərdən biri ötən həftə 18 il həbs cəzası almışdı

Qagik Voskanyan. Foto: Meydan TV

Qagik Voskanyanın işi üzrə məhkəmə istintaqı dekabrın 7-də başlamış, elə həmin gün də başa çatmışdı

Bakıda bir həftə əvvəl 18 il həbs cəzası kəsilmiş Ermənistan hərbçisi Qagik Voskanyan öz ölkəsinə göndərilib. Dekabrın 13-də Azərbaycanın Ermənistana təhvil verdiyi 32 nəfərin arasında Qagik Voskanyan da olub. Bu barədə Azadlıq radiosunun Ermənistan xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, əsirlərin qarşılıqlı şəkildə təhvil verilməsi barədə Azərbaycanla Ermənistanın dekabrın 7-də birgə bəyanatından cəmi bir neçə saat əvvəl Bakıda Voskanyana hökm oxunmuşdu. O, 18 il azadlıqdan məhrum edilmişdi.

1983-cü il təvəllüdlü Qagik Voskanyan avqustun 16-da Kəlbəcər ərazisində saxlanılıb. Cinayət işinin materiallarında iddia edilirdi ki, o, kəşfiyyat-diversiya qrupunun üzvü olub. Ermənistan hərbçisi Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək sərhədi keçib. Məqsədi də terror törətmək olub. Onun saxlanılarkən silahlı olması, Azərbaycan hərbçilərinə silahlı müqavimət göstərməsi də ittihamda əksini tapıb. Hətta 5 nəfər azərbaycanlı hərbçi onun işi üzrə zərərçəkmiş qismində tanınmışdı. İttihama görə, Voskanyan onları öldürməyə cəhd edib.

Onun işi üzrə məhkəmə istintaqı dekabrın 7-də başlamış, elə həmin gün də başa çatmışdı.

Həmçinin dekabrın 7-də Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistandan isə 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunmuşdu.

Dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi prosesi baş tutub.
Ermənistan Azərbaycanın 2 hərbi qulluqçusu – Hüseyn Axundov və Aqşin Bəbirovu təhvil verib.

Ana səhifəSiyasətErmənistana təhvil verilən hərbçilərdən biri ötən həftə 18 il həbs cəzası almışdı