close

“Təşkilatın hesabında olan 25 000 dollar mənimsənildi”

Foto: TaniaKitura/shutterstock

Aytən Fərhadova

Vakuumlanan Vətəndaş Cəmiyyəti və ya Baş Prokurorluğun illərlə davam edən “QHT işi”

“Hesabımız “Zaminbank”da idi və o bank bağlandıqdan sonra Dövlət Sığorta Fondu əmlakımızı geri qaytarmalı idi, ancaq hesabımızda olan 25 000 dollar mənimsənilib. Bundan başqa, 2 000 manata yaxın vəsait də vardı ki, Azərbaycan hökuməti onu da mənimsəyib. Bununla bağlı dəfələrlə müraciət olunub, ancaq heç bir rəsmi reaksiya yoxdur”.

Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyinin sədri, Almaniyada yaşayan Elçin Abdullayev belə deyir.

Mənimsəmək deyəndə mədəni mənimsənilib. Hamısı deyir ki, bankın əmlakı satılanda pulun veriləcək. Bankın əmlakı da 10 ildir ki, satılmır. Mən bilirəm, pulum niyə verilmir. Bu, QHT-lərlə, onların hüquqi qeydiyyatı ilə bağlı idi”.

Foto: Elçin Abdullayevin şəxsi arxivindən

E.Abdullayevin sözlərinə görə, indiyə qədər hesablarındakı həbsin götürülməsi ilə bağlı heç kimə müraciət etməyib. O, hüquqi baxımdan özünün də müraciət etməsini doğru hesab etmir:

Bizim ərizəmizin olub-olmamağı heç nəyi dəyişmir. Xitam vermək istəsələr, verəcəklər”.

Ümumiyyətlə, hakimiyyətə inanmadığını deyən E.Abdullayev onunla bağlı cinayət işi qaldırıldığını da bildirib.

Vətənə çağırış

2022-ci ildə dərc olunan Azərbaycanda QHT/VCT-lərin xəritələnməsi və ehtiyacların qiymətləndirilməsi hesabatına görə Azərbaycanda 4500-ə yaxın QHT qeydiyyatdan keçib və 300-dən çox qeydiyyatdan keçməmiş qrup fəaliyyət göstərir.

Hesabatda vurğulanır ki, 2013-cü ilin sonunda Azərbaycanda VCT-lərin davamlılığına xələl gətirən bir sıra qərarlar qəbul edilib, o cümlədən vətəndaş cəmiyyətinin qeydiyyatı, fəaliyyəti və maliyyələşdirilməsi haqqında qanunlar – “Qrantlar”, “Qeyri-hökumət təşkilatları”, “Hüquqi şəxslərin qeydiyyatı” haqqında qanunlar və “Dövlət Reyestri” haqqında qanuna, “İanələr” haqqında qanuna və İnzibati Xətalar Məcəlləsinə çoxsaylı məhdudlaşdırıcı dəyişikliklər edilib.

Bəzi QHT-lərin hesabına qoyulan həbslərə gəlincə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Ülviyyə Qarayeva bildirib ki, hesablarına həbs qoyulan QHT və onların rəhbərləri ilə bağlı Baş Prokurorluğa hər hansı müraciət ünvanlamayıblar.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

2023-cu ilin may ayında “QHT işi” ilə əlaqədar Baş Prokurorluq ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələrini quruma dəvət edib.

Belə ki, QHT Platformasının 3 üzvü – Şəhla İsmayıl, Samir Əliyev və Mirvari Qəhrəmanlı Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədovla görüşüb.

Görüşün məqsədi bu cinayət işinə xitam verilmənin tərkib hissəsi olaraq 2014-2016-cı illərdə istintaqa cəlb olunan bütün təşkilatlarla prosesin yekunlaşdırılması olub. Bu görüş nəticəsində 3 təşkilatın işinə xitam verilib. Həmin təşkilatlar Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi, Qadınlar Rasional İnkişaf Uğrunda İctimai Birliyi və İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi olub.

Görüşdən sonra QHT Platformasının üzvlərinə məktub ünvanlanıb və xaricdə yaşayan QHT təşkilatları nümayəndələrinə cinayət işinə xitam verilmə ilə bağlı məlumat çatdırılıb.

Fariz Namazlı
Foto: Fariz Namazlının şəxsi arxivindən

Vəkil Fariz Namazlının sözlərinə görəsə, bu işi Baş Prokurorluğun İstintaq İdarəsi aparır və cinayət işi hələ də açıq vəziyyətdə qalıb:

2014-cü ildə cinayət işi açılanda ümumi olaraq açılıb, yəni ölkədə fəaliyyət göstərən bir sıra yerli və beynəlxalq QHT-lərin fəaliyyətləri ilə bağlı açılmışdı. Orada konkret QHT-lərin adları göstərilməyib. Həmin cinayət işinin çərçivəsində bəzi QHT-lərin bank hesablarına həbs və onların ölkədən çıxışlarına qadağa qoyulmuşdu. Ona görə orada konkret kimlərin adının olmasını demək olmur. Həm də əksəriyyətinin bank hesablarına həbslər və şəxslərin ölkədən çıxışına qadağalar götürülüb”.

… Azərbaycana mənim kimi şəxslər üçün geriyə dönmək lüzumsuzdur, çünki təhlükə hələ də qalır”

Cəsur Məmmədov – Almaniyada yaşayan  QHT təmsilçisi deyir ki, onun fəaliyyətinə qarşı təhlükə olduğu üçün ölkəni tərk edib:

Daha doğrusu, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən söhbət gedir. Məni 2014-cü ildə 3 dəfə MTN-ə (2015-ci ildə bu qurum ləğv olundu, bazasında DTX yaradıldı – red) aparıldım və orada təhdid olundum. Nazir Eldar Mahmudovun adından hədələndim və mənə bildirildi ki, təhlükəsizlik, eləcə də hərbi sistemlə bağlı tənqidi dayandırmalıyam. Bundan başqa, keçirdiyim görüşlərlə bağlı onlara məlumat verməliyəm. Mən də buna razı ola bilməzdim”.

C.Məmmədov təkcə Milli Təhlükəsizlik Nazirliyi deyil, Müdafiə Nazirliyi tərəfindən də hədələndiyini bildirir. Nəinki ona, həm də ailə üzvlərinə qarşı təhlükə ola biləcəyini görən jurnalist bundan sonra Azərbaycanda fəaliyyətinin mümkünsüz olduğunu anlayıb.

Cəsur Sümərinli
Foto: Cəsur Məmmədovun şəxsi arxivindən

Həmin vaxt isə C.Məmmədovun “Ayna-Zerkalo” qəzetində NATO ilə birgə layihəsi olub və bu layihə zamanı qurum layihə məbləğini “Ayna-Zerkalo”ya  ödəyib:

Həmin vəsait donduruldu və indiyə qədər o vəsaiti hər hansı bir formada götürə bilməmişəm. Mənim fəaliyyətim məhdudlaşdırıldı və Azərbaycanı tərk etdim. O dövrdən də mənə qarşı təhdidlər davamlı olub və mən özümə qarşı hər hansı yumşalma hiss etməmişəm. Mənimlə hər hansı bir formada əlaqə saxlanmayıb. Düşünürəm ki, mənim kimi şəxslər üçün geriyə dönmək lüzumsuzdur, çünki təhlükə hələ də qalır”.

Cəsur Məmmədov təşkilatı ilə bağlı Şəhla İsmayıldan məlumat aldığını və “yumşalma”nın ona şamil olunmadığını bildirdi.

Əgər xarici ölkələrdə yaşayn QHT mənsubları onlara hər hansı müraciətin olmadığını və ölkəyə qayıtdıqları təqdirdə Qubad İbadoğlunun aqibətini yaşamayacaqlarından əmin deyillərsə, o zaman bu müraciət kimləri əhatə edib?

Baş Prokurorluq jurnalist sorğusunu cavablandırmadı

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-nin sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə bildirib ki, həmin görüşdə ondan iki nəfər QHT təmsilçisinin nömrəsi istənilib. Həmin şəxslərin də nömrələrini verib, baxmayaraq ki, onların hər ikisi Azərbaycandadır və prokurorluq əməkdaşlarının həmin şəxslərlə əlaqə saxlaması mümkündür. 

Mirvari Qəhrəmanlı. Foto: Gülzar Məmmədli

Cinayət işi ilə bağlı qurumun mətbuat xidmətinin əməkdaşı Kənan Zeynalova dəfələrlə müraciət olunsa da, Baş prokuror Kamran Əliyevin adına göndərilən jurnalist sorğusu cavabsız qaldı.

Cavabsız qalan suallar

  • 1. 2014-2016-cı illər “QHT işi” ilə əlaqədar neçə təşkilatın hesabına həbs qoyulub?
  • 2. Hazırda neçə təşkilatın hesabından həbs götürülüb?
  • 3. Xarici ölkələrdə yaşayan QHT rəhbərlərindən hər hansı birinin ölkəyə dönəcəyi təqdirdə həbs təhlükəsi varmı?

Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədov isə onun məsələ ilə bağlı mediaya danışmaq səlahiyyətinin olmadığını bildirib.

Baş Prokurorluq. Foto: Meydan TV

QHT Platformasının idarə heyətinin üzvü və koordinatoru Şəhla İsmayıl Meydan TV əməkdaşı ilə söhbətində bildirib ki, Milli Platformada hesablarına həbs qoyulan təşkilatlar olub, amma sonradan bu həbslərin hamısı götürülüb. Onun sözlərinə görə, son zamanlar bu məsələyə toxunulmur. O, həmçinin Baş Prokurorluqdan “QHT işi”nə xitam verilməsi ilə də bağlı onlara məlumat verildiyini də vurğulayıb:

Bizi Baş Prokurorluğa çağırdılar və QHT işinə xitam verilməsinə dair dolğun məlumat verdilər. Hətta platformanın bir neçə üzvünün də nömrələrini istədilər. Mən də yalnız insanların özləri ilə danışandan sonra nömrələri verə biləcəyimi dedim və kim razılıq verdisə, onun nomrəsini verdim. Lakin heç həmin insanlarla əlaqə saxlamadılar. Həmin prosesin davamı sanki olmadi. Hər halda mənə görünən tərəfi olmadı”.

Şəhla İsmayıl
Foto: Şəhla İsmayılın şəxsi arxivindən

Şəhla İsmayılın sözlərinə görə, ondan 4 nəfərin telefon nömrəsi istənilib ki, həmin şəxslərin də ikisi Azərbaycanda yaşayır:

Ümumiyyətlə, doğrusu o situasiya çox qəribə oldu. Guya çox intensiv bu xitamvermə prosesi başladı, ancaq başlamadan da demək olar ki, qurtardı. Ayrıca bəlkə kimlərisə də dəvət ediblər, demirlər. Biz yeganə 3 nəfərik ki, bizi çağırdılar və mən də bu situasiyanı danışdım. Bir variant idi işlətdilər, guya istədilər görsünlər ki, bizim reaksiyamız necə olacaq. Biz də bildirdik ki, razı olarlarsa, nömrələrini verərik. Razı olan bir nəfər oldu ki, onunla da əlaqə saxlanılmayıb”.

Hökumətin “QHT işi”nə xitam verməsinə skeptik yanaşan Elçin Abdullayev isə deyir ki, hazırki dövrdə hakimiyyət hər hansı bir platforma, vətəndaş cəmiyyəti, insan haqları təşkilatı və ya insan haqları bəyannaməsini tanımır və tanımaq da istəmir.

Elçin Abdullayev bu kimi təşəbbüslərin hökumətin özlərinin əməkdaşlıq etmək istədiyi adamlara yol açmaq niyyətindən irəli gəldiyini söylədi:

“Mən bu təşəbbüsə dəstək verməyəcəm, çünki bu prosesdə olmaq istəmirəm”.

Ana səhifəSiyasət“Təşkilatın hesabında olan 25 000 dollar mənimsənildi”