close

Ermənistanda Əliyevin tələbini yerinə yetirirlər? Paşinyan yeni Konstitusiya qəbul etməyi təklif edir

Nikol Paşinyan. Foto: Meydan TV

“Jamnews”un materialı əsasında

“Ermənistan Respublikasının yeni Konstitusiyaya ehtiyacı var, dəyişikliklərə deyil, məhz yeni Konstitusiyaya. Və bu məsələ geniş müzakirə obyektinə çevrilməlidir”, – Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.

“Paşinyan mahiyyət etibarı ilə Azərbaycan Prezidenti İlham Əliyevin tələbini yerinə yetirir. Belə ki, Azərbaycan Prezidenti Ermənistanda “revanşizm cəhdi”nin olmayacağı ilə bağlı Bakıya zəmanət verilməsinin zərurəti haqda danışıb”, – erməni ekspertləri deyirlər.

Baş nazir məhz bu məqsədlə yeni hüquq bazasının qəbulunu təklif edir, analitiklər həmçinin Türkiyə tərəfinin təzyiqini də istisna etmirlər.

Ermənistan Konstitusiyasında 1990-cı ildə qəbul olunmuş Müstəqillik haqqında bəyannaməyə istinad var. Həmin istinadın birinci abzasında Ermənistan SSR və Dağlıq Qarabağın Milli Şurasının 1989-cu il 1 dekabr tarixli müştərək qətnaməsinin (“Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqda”) adı çəkilir.

Bundan əlavə, bəyannamədə dövlətçiliyin formalaşması ilə bağlı əsas müddəalar - digər ölkələrlə münasibətlərin qurulmasından tutmuş “Osmanlı Türkiyəsində 1915-ci il erməni soyqırımının beynəlxalq səviyyədə tanınması” tələbinə qədər öz əksini tapıb.

“Biz Azərbaycandan, Azərbaycan bizdən əlavə zəmanət istəyir”

Paşinyan “Vətəndaş müqaviləsi” hakim partiyanın təşəbbüs qrupunun iclasında yeni Konstitusiyanın qəbul olunmasının zərurətini bəyan edəndən sonra deyib:

“Biz Azərbaycandan, Azərbaycan bizdən əlavə zəmanət istəyir”.

Baş nazir izah edib ki, söhbət bir-birinə qarşı ərazi iddialarının istisna edilməsinin təminatından gedir. Onun dediyinə görə, hər iki tərəf sülh müqaviləsi üzrə təkliflərdə “bu gün belə olmasa, gələcəkdə ərazi iddialarına” çevrilə biləcək sətiraltı məna axtarır.

Lakin o, yeni Konstitusiya təklifinin bu təminatların təmin edilməsi ilə bağlı olub-olmadığını birbaşa açıqlamayıb.

“Üçüncü Ermənistan Respublikası sütunlarından birinə təcavüz”

Parlament müxalifəti Baş nazirin təklifini bu cür qiymətləndirib.

Onların fikrincə, Paşinyan bu şəkildə Türkiyə-Azərbaycan tandeminin “daha bir tələbini təmin etmək üçün zəmin hazırlayır”:

“Türkiyə ilə Azərbaycan tərəfinin Ermənistan Respublikasına qarşı daim sürdüyü tələblər ER-nın əsas sənədlərindən Arsax (Qarabağ) xalqının öz müqəddəratını təyinetmə hüququ və erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasına sadiqlik haqqında müddəaların çıxarılması idi”.

Şərhlər

Politoloq Suren Surenyans deyir ki, yeni Konstitusiya yeni respublikanın yaradılmasını nəzərdə tutur.

“Paşinyana “Ermənistanın müstəqilliyi haqda deklarasiyanı redaktə etmək (Əliyevin “revanşizm” adlandırdığını istisna etmək), yeni “kadastr” şəhadətnaməsi ilə “qanuni” sərhədləri müəyyən etmək üçün yeni Konstitusiya lazımdır”, – Surenyans qeyd edib.

“Əliyev hələ 2023-cü ilin dekabrında bəyan etmişdi ki, Bakı Yerevanın “revanşizm”in istisna edilməsinə zəmanət verəcəyini gözləyir”, – politoloq Tiqran Qriqoryan xatırladır.

O, Azərbaycanın ekspert və siyasi çevrəsinin nümayəndələrinin bu mövzu ilə bağlı məqalələrini araşdırıb və azərbaycanlı ekspert Rusif Hüseynovdan sitat gətirir. Azərbaycanlı ekspert deyir ki, “Ermənistan qanunvericiliyində əvvəlki kimi Azərbaycana qarşı ərazi iddiaları mövcuddur”.

“Ermənistan Konstitusiya Məhkəməsinin sülh sazişini rədd edə biləcəyi və ya gələcəkdə hakimiyyət dəyişikliyinin ərazi iddialarına gətirib çıxara biləcəyi ssenarilərin proqnozlaşdırıldığı hüquqi fon Azərbaycanda narahatlıq doğurur”, – politoloq öz “Facebook” səhifəsində yazıb.

Politoloq Tevan Poqosyan Paşinyanın Əliyevin tələblərini təbliğ etməsi fikri ilə razıdır.

O deyir ki, Konstitusiyaya düzəlişlər edildiyi təqdirdə müstəqillik haqda deklarasiyaya əsaslanmış ilk iki maddə dəyişilməz qalardı:

“Müstəqillik haqda deklarasiya Arsaxın (Qarabağın) mövcudluğu və onun Ermənistana birləşdirilməsi məsələlərini əsas götürür. Paşinyan isə deyir ki, gəlin bu kağızı cıraq və tullayaq, çünki Əliyev tələb irəli sürüb, mənsə onu yerinə yetirməliyəm”.

“Hakim komanda gələcəkdə yeni bəyannamənin qəbul olunması məsələsini qaldıracaq ki, orada “Arsax” (Qarabağ) sözü işlənsin”, – Poqosyan istisna etmir.

“Müstəqillik haqda bəyannamədə Türkiyə üçün də “ağrılı nöqtələr” var”, – politoloq Stepan Qriqoryan hesab edir:

“Ermənistanla Dağlıq Qarabağın birləşməsi haqda yazılanlarla yanaşı, Türkiyənin Qərbi Ermənistan və Anadoluda törətdiyi soyqırımın tanınması ilə bağlı məqalə də var”.

Qriqoryan deyir ki, Paşinyanın məhz hansı dəyişikliklər barədə düşündüyünü, onlara həqiqətən zərurət olub-olmadığını, yoxsa bunun təzyiq altında edilib-edilmədiyini düşünmək lazımdır.

Onun fikrincə, yeni Konstitusiya vacib dəyişiklikləri nəzərdə tutur.

Əgər Konstitusiyanın əsas müddəaları, idarə modeli dəyişmirsə, Baş nazir yeni Konstitusiyanı necə təsəvvür edir ki?”– ekspert təəccüblə deyir.

Ana səhifəSiyasətErmənistanda Əliyevin tələbini yerinə yetirirlər? Paşinyan yeni Konstitusiya qəbul etməyi təklif edir