close

Fazil Mustafaya sui-qəsddə ittiham olunan şəxs: “İstəyirdim, o da ağrını hiss eləsin”

Foto: Meydan TV

O, sifarişin İrandan gəldiyini inkar edib, amma Rey şəhərinə getdiyini deyib

Deputat Fazil Mustafaya qarşı sui-qəsddə ittiham olunan şəxslərin məhkəmədə dindirilməsinə başlanılıb.

Cinayət işi üzrə 5 nəfər təqsirləndirilən şəxs var: Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinov, Rəşad Əhmədov və Emin Əliyarov.

Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur Nuriyevin sədrliyilə, Azər Tağıyev və Kamran Muxtarovdan ibarət hakimlər kollegiyası baxır.

Yanvarın 22-də keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər zərərçəkmiş qismində tanınan Fazil Mustafanın iştirakının təmin olunmasını tələb ediblər.

Hakim bildirib ki, növbəti məhkəmə iclaslarında lazım olsa, onun iştirakını təmin edəcəklər.

Məhkəmədə prokuror Orxan Kəngərli ittiham aktını elan edib.

İttihamda bildirilir ki, hazırda məhkəmə qarşısına çıxarılan şəxslərin bir neçəsi İranda “Hüseyniyyun” qrupunun üzvlərilə əlaqəli şəxslərdir.

Onlar dini baxışlarına görə Fazil Mustafanın siyasi fəaliyyətinə son qoymaq məsələsini qrupun üzvləri ilə də müzakirə ediblər.

Daha sonra onun hərəkət istiqaməti, yaşadığı ev və s. haqda məlumatlar toplayıblar, planı həyata keçirmək üçün silah əldə ediblər.

İttihama görə, planın icrası üçün İrandan 30 min dollar pul göndərilib.

Həmin vəsaiti təqsirləndirilən şəxslərdən Rəşad Əhmədovun gətirib, Qaradağ rayonundakı evində Azər Səricanova verdiyi də ittihamda yazılıb.

İttihama əsasən, hadisədən sonra bu puldan 15 min manat cinayəti icra edən Səbuhi Şirinova verilib.

Bundan başqa, təqsirləndirilən şəxslərdən bəzilərinin Azərbaycandakı hərbi təyinatlı obyektlər barədə məlumatlar toplayıb, İrandakı xüsusi xidmət orqanlarına göndərməsi barədə iddialar da ittiham aktında əksini tapıb.

Prokuror ittiham aktını elan edəndən sonra adıçəkilən 5 nəfər özlərini qismən təqsirli bildiklərini, ittiham aktında yazılanların bir qismi ilə razılaşmadıqlarını deyiblər.

Ardınca təqsirləndirilən şəxslərdən Azər Səricanov ifadə verib.

O bildirib ki, Fazil Mustafanın cəzalandırılması onun fikri olub. Səbəb isə deputatın dini mövzuda çıxışları, sosial şəbəkələrdə yazdıqları olub.

Onun sözlərinə görə, Fazil Mustafanı öldürmək yox, cəzalandırmaq istəyiblər. Bu səbəbdən də hadisə vaxtı onun həyati əhəmiyyətli orqanlarına yox, çiyin və ayaq nahiyəsindən atəş açılıb:

“Hər kəsin dini etiqad azadlığı var. Dövlət xadimi olmur, kim olursa olsun, heç kim Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sataşa bilməz. Aşura günü keçirənlər haqqında “hürürlər, mələşirlər” fikrini işlətmək nə deməkdir? Yaxud da icra başçısı məscidə girir, deyir: “Mən buradayam, imam Hüseyn hanı?” Nə qədər dözmək olar. Bunun da hərəkətləri 2019-cu ildən mənə toxunurdu. Müvafiq yerlərə şikayət də olunmuşdu, sosial şəbəkədə özünə, oğluna da yazılmışdı. Nəticəsi olmadı. Ona görə qərara gəldim ki, onu cəzalandırmaq lazımdır. Bu, mənim öz təşəbbüsüm olub. Əvvəldən plan onu öldürmək yox, cəzalandırmaq idi ki, o da ağrını hiss eləsin. Bilsin ki, adamların hisslərinə toxunmaq nə deməkdir. Onun çiyninə dəyən güllə başına da dəyə bilərdi. Ona görə dəymədi ki, məqsəd onu öldürmək deyildi”.

Azər Səricanov ifadəsinin davamında bildirib ki, İranın Rey şəhərinə gedib, deputatı vuracaq adamın sonradan qaçıb sığınacaq tapa bilməsi üçün yer axtarıb. Məhz İranı seçməsini isə belə izah edib ki, başqa ölkələr həmin adamı Azərbaycana təhvil verə bilərdi.

İttihamda sui-qəsdin icraçısı kimi təqdim Səbuhi Şirinovla məclislərin birində tanış olduqlarını, Fazil Mustafanın dini fikirləri ilə bağlı söhbət etdiklərini deyən Azər Səricanovun sözlərinə görə, bu məsələdə düşüncələri üst-üstə düşüb:

“Məclislərdən birində Səbuhi ilə tanış oldum. Dedi ki, xüsusi təyinatlılarda müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. Fikirləşdim ki, mənə lazım olan adamdır. Özü də dedi ki, belə fikirlərinə görə hamı onun əlindən zəncir çeynəyir. Mən kənd təsərrüfatı məhsullarının biznesilə məşğul idim. Səbuhiyə də məhsul, yağ vermirdim. Bu işi üzərinə götürəndə dedim ki, yaxşı fikirləş, ailəli adamsan”.

Azər Səricanovun sözlərinə görə, Səbuhi Şirinov razılıq verəndən sonra onun qarşısında şərt qoyub ki, hadisə Fazil Mustafanın ailəsinin, uşaqlarının yanında baş verməsin. Bu səbəbdən uyğun vaxt tapa bilmələri üçün müddət bir qədər uzanıb.

O əlavə edib ki, Səbuhi Şirinova qayınatasından qalmış “Kalaşnikov” avtomatını verib:

Səbuhi işi görəndən sonra bizə gəldi. Paltarlarını samovarda yandırdım. Bir qədər sonra Səbuhiyə 15 min manat pul verdim. Soruşdu ki, nə puldur? Dedim ki, “sənin şirinliyindir, get, evini təmir elə”.

Azər Səricanov cinayətin İrandan gələn sifarişlə törədilməsi, bu məqsədlə Rəşad Əhmədov vasitəsilə ona 30 min dollar çatdırılması barədə ittiham aktında yazılanları qəbul etmir.

Məhkəmə prosesi fevralın 16-da davam edəcək.

Növbəti iclasda Azər Səricanov vəkillərin, prokurorun və hakimlərin suallarını cavablandıracaq.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə), 228 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə), 274 (dövlətə xəyanət), 277 (dövlət xadimi, ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq, fəaliyyətinə görə qisas almaq məqsədilə həyatına sui-qəsd etmək) maddələrilə ittiham irəli sürülüb.

Fazil Mustafaya qarşı silahlı hücum martın 28-də saat 21:51-də onun yaşadığı evin qarşısında – Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında baş verib.

Ona “Kalaşnikov” konstruksiyalı avtomat silahdan atəş açıldığı bildirilir.

Hadisə nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağı və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Ana səhifəSiyasətFazil Mustafaya sui-qəsddə ittiham olunan şəxs: “İstəyirdim, o da ağrını hiss eləsin”