close

Evini emalatxanaya çevirən rəssam: “Sənətimə hər şeyi fəda edərəm”

Foto: Meydan TV

Surə Mustafayeva Bakıda fərdi sərgiyə hazırlaşır

O, səhər tezdən qalxıb Göyçay şəhərinin bir tərəfindən digər tərəfinə üz tutur. 30 ilə yaxın doğma bildiyi emalatxanasına. Əslində yaşayış yeri olan bu ev rəssam-pedaqoq Surə Əlisəftər qızı Mustafayevanın sənətinə olan sevgisin səbəbindən emalatxanaya çevrilib.

“Ac-susuz qalsam belə günlərlə, aylarla otaqdan çıxmaram. Sənətimə hər şeyi fəda edərəm”, – rəssam deyir. Söhbətinə davam edir:

Surə Mustafayeva. Foto: Meydan TV

“Həyat yoldaşım irad bildirir ki, gərək sən ailə həyatı qurmazdın. Ev işini gecə görüb, səhər tezdən bu məkana qaçıram ki, işləyim, kimsə məni narahat etməsin. Sənət naminə ailə və övlad yükü çətin olsa da, daşıyıram”.

“200-dən artıq əl işim var”

Üç otağın hər bir guşəsi irili, xırdalı əl işləri ilə bəzədilib. Masa üstündə sərgilənən rəngli karandaşlar, fırçalar, heykəllər və divardan asılan hazır tablolar rəssamın sənətinə necə həssas və bağlı olduğunu göstərir.

Foto: Meydan TV

1991-1997-ci illərdə sənətim üzrə ali təhsil aldım. 1997-ci ildən Göyçay şəhər 7 nömrəli tam orta məktəbdə pedaqoq kimi çalışmağa başladım. Rəssamlıq uşaqlıq sevgim idi, bütün fənləri yaxşı oxusam da, ikinci sinifdən qərarım bu oldu və xəyanət etmədim məqsədimə”.

Surə Mustafayeva deyir ki, 200-dən artıq əl işi var.

“Regionda olduğumuza görə çox çətinliklər yaşayırıq”

Surə Mustafayevanın sözlərinə görə, son illər regionda istedadlı gənclərin sayı artıb. Ona görə də hesab edir ki, bölgədə Rəsm Qalereyasının yaradılmasına ehtiyac var. Ancaq onun bu təklifinə hələ dəstək verən yoxdur:

Foto: Meydan TV

“İki ildə üç böyük sərgi keçirdik. İkisi qrup sərgi idi. Diqqət, maraq çox idi. Biz region rəssamları bunun davam etdirilməsini çox istəyirik, ancaq dəstək lazımdır. İcra hakimiyəti, rayon mədəniyyət rəhbərliyi dəstək olmasa çətindir”.

Rəssam deyir ki, hər birinin arzusu Bakıda, bölgələrdə sərgilər keçirmək, tanınmaqdır. Bu sənətlə bağlı ciddi töfhə vermək üçün isə Rəsm Qalereyasına ehtiyac var:

Foto: Meydan TV

Regionda olduğumuza görə çox çətinliklər yaşayırıq. Qalereya olarsa, kənd, rayon camaatı orda toplanaraq sərgilərdən, əsərlərdən yararlanar. Mədəniyyət, sənət haqqında fikir formalaşar, kimin övladında bu istedad varsa yönəldər, həm də paytaxt mədəniyyəti ilə fərq azalar. Rəssamlar olaraq bir yerdə toplaşıb yeni ideya və problemlərin həlli istiqamətində çalışarıq”.

“İnsanların emalatxanaya girib, maraqla baxması belə adamı sevindirir”

Rəssam deyir ki, məhz çətinliyə görə bir müddət emalatxana məkanı seçsə də, yüksək vergi və icarə haqqı ona mane olub. Deyir ki, bu regionda yaşayan rəssamların ümumi ciddi problemidir.

Foto: Meydan TV

“İki il öncə emalatxana götürdüm. 19 tələbəm vardı, hələ axın da vardı. Çünki o ərazidə emalatxana yoxdur deyə çox insan həsrətində idi və övladlarını yönləndirirdi oraya. İnsanların emalatxanaya girib, maraqla baxması belə adamı sevindirir ki, öyrənmək istəkləri var. Altı ay işlədə bildim. Çünki vergi və icra haqqı getdikcə artırdı. Nəticədə evimi emalatxanaya çevirmək qərarım qətiləşdi. Evimi beləcə emalatxanaya çevirdim. İndi həm özüm, həm tələbələrim burada çalışır. Hazırda 10-a yaxın tələbəm var. Onlardan bəzisi Türkiyədə, Bakıdadadır. Hətta oxuyub rəssam kimi geri dönənlər də var”.

Danlaq, etiraz eşitsəm də, mənim üçün sənət öncüldür”

Bir sıra yerli və beynəlxalq sərgilərə qatılan rəssam qadın rayonda iki dəfə keçirilən qrup sərgilərinə əsərləri ilə qoşulub. Əsərləri baxış və diqqət cəlb edib. Rəssam deyir ki, regionda rəssamlıq üçün tələb olunan ləvazimatlar da baha və əlçatmazdır. Çox vaxt sifarişlə paytaxtdan gətirdilir. Bütün çətinliklərə rəğmən istedad, səbr və fədakarlığı rəssamlıq üçün önəmli hesab edir. Hətta səbəbsiz deyil ki, emalatxanasında toplanan 100-ə yaxın əsərlərdən bəzilərinin yaşı 30-a yaxındır. Deyir ki, sərgiyə çıxardığı, emalatxanasında topladığı əsərlər satış üçün deyil:

Foto: Meydan TV

“Ən yaşlı əsərlərimin 27-28 yaşı var. Onlar üçüncü kursda işıq kölgə vasitəsilə çəkdiyim ilk və unudulmaz işlərim idi. Yerindən duran rəssam olur. Sanırlar ki, rəssamlığın elmi, nəzəriyyəsi yoxdur. Var. Rəssamlıq tarixini, nəzəriyyələrini, rənglər aləmini araşdırmadan, məktəb keçmədən reklamla çox da qabağa getmək olmaz. Bütün janrlarda işləyirəm. Rəssam var ki, rəngə önəm verir, rəssam var ki, gözəl rəsm çəkməyə. Düşünürəm ki, rənglərin dili ilə heç bir qurma olmadan məzmunu göstərə bilirsən. Odur ki, bər rəsmin üzərində günlərlə çalışıram”.

“Səhər saat səkkizdən burada oluram, nə qədər çəyinliyim olsa da. 9-dan 12-yə qədər dərsimi keçirəm. Sonra axşam 8-ə qədər öz işlərimin üzərində çalışıram. Sənət naminə danlaq, etiraz eşitsəm də, mənim üçün sənət öncüldür. Hətta övladlarım, həyat yoldaşım etiraz etsə belə. Tələbələrimə də deyirəm, birinci istək, fədakarlıq, həvəs və təbii ki, istedaddır. İstedadı olmayanı məcbur etməyək. Festivallarda, sərgilərdə, onlayn sifarişlərdə əl işlərimiz satılır da, satılmır da. Əslində mənim üçü hiss və duyğularımın kətana, tabloya köçürülməsidir. Bilim ki, boşa getməyib”, – Surə Mustafayeva deyir.

“Sənətin yaşı önəmlidir ki, təcrübə daha çox qazanırsan”

Surə Mustafayevanın sənəti ilə bağlı böyük arzuları var. Bu arzular digərlərinə qeyri-real görünsə də, o, bunu zamanla reallaşdıracağına əmindir:

Foto: Meydan TV

Hazırda əl işlərimin üzərində çox çalışıram və çoxlu işləyəcəyim rəsmlərim var. Bakıda fərdi sərgimə hazırlaşıram. Miniatür keçidlərim, kompozisiyalarım, ağac üzərində oyma işlərim var. Planımda sərgilərimi davamlı etmək və təhsilimi davam etdirib Rəssamlıq Akademiyasında ixtisasım üzrə dərs deməkdir. Yaş mənim üçün sadəcə rəqəmdir. Sənətin yaşı önəmlidir ki, təcrübə daha çox qazanırsan. O günü səbrsizliklə gözləyirəm”.

Foto: Meydan TV
Ana səhifəMədəniyyətEvini emalatxanaya çevirən rəssam: “Sənətimə hər şeyi fəda edərəm”