close

Mediaya basqı fonunda Milli Mətbuat Günü

Media. Foto: Ülviyyə Əli.

Müstəqil jurnalistlər həbs olunub, onlarla şəxsin ölkədən çıxışına qadağa qoyulub

Bu gün, iyulun 22-də Azərbaycan milli mətbuatı 149 yaşını tamamlayır. Son səkkiz ay Azərbaycanda mediaya kəskin basqı və jurnalistlərin həbsi ilə yadda qalıb.

Ötən ilin noyabrından bugünədək ölkədə azı 4 media qurum hədəfə alınıb – “AbzasMedia”, “Toplum TV”, “meclis.info” və “Kanal 13”. Hər 4 media qurumdan birlikdə ondan çox jurnalist həbs edilib. Eyni zamanda, onlarla jurnalistin və ailə üzvlərinin bank hesablarına həbs qoyulub, onların ölkədən çıxışı yasaqlanıb.

Təqiblər 2023-cü ilin sonu daha çox araşdırmaları ilə tanınan müstəqil media “AbzasMedia”ya basqı ilə başlayıb. Növbəti ilin əvvəlində isə “Toplum TV”-nin ofisinə basqın edilib, əməkdaşları həbs olunub.

Noyabrın 20-də “AbzasMedia”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı saxlanılıb. Ancaq sözügedən cinayət işi üzrə həbslər bu il də davam edib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib. Məhkəmə istintaq zamanı prokurorluğun ittihamlarını qəbul etsə, jurnalistləri 8 ilədək həbs cəzası gözləyir.

Foto: “AbzasMedia”

Jurnalistlər ittihamları rədd edir, həbslərini “AbzasMedia”da hökumət rəsmiləri ilə bağlı dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

İlin ilk rübündə də həbslər, ölkədən çıxışa qoyulan qadağalar, bank hesablarının bloklanması, ailə üzvlərinin sıxışdırılması eyni templə davam edib.

Yanvarın 13-də “AbzasMedia” işi ilə bağlı cinayət işi üzrə şahid qismində dindirilmək üçün çağırılan jurnalist Elnarə Qasımova şübhəli şəxs qismində saxlanılıb, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham olunub. Bu günədək azadlığa buraxılmayıb.

Martın 6-da müstəqil media qurumu olan “Toplum TV”-nin ofisinə polis basqın edib, əməkdaşların telefonları əllərindən alınıb, axtarış aparılıb, eyni zamanda kanalın əməkdaşları saxlanılıb.

“Toplum TV”. Foto: Meydan TV

“Toplum TV” ilə bağlı da CM-nin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsilə cinayət işi açılıb.

Axtarış həmçinin ötən ilin sonunda yaradılmış III Respublika platformasının ofisində də aparılıb.

Bu işə görə Akif Qurbanov, Ruslan İzzətli, Ələsgər Məmmədli, Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov və İlkin Əmrahov həbs edilib.

Hər birinin evində axtarış aparılıb və “pul tapılıb”.

Daha sonra “Toplum TV”-nin baş redaktoru Xədicə İsmayılova dindirilib.

“meclis.info” saytının rəhbəri İmran Əliyev aprelin 18-də axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Həbsdə olan digər jurnalistlər kimi ona qarşı da Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. O, Azərbaycanda qeydiyyatdan keçirilməyən qrant müqavilələrilə vəsaitlərin alınması və ölkəyə qaçaqmal yoluyla gətirilməsində ittiham olunub. Bugünədək azad edilməyib.

İmran Əliyev. Foto: Meydan TV

Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, peşə fəaliyyətlərinə görə sıxışdırıldıqlarını deyirlər.

Həmin media qurumları ilə əməkdaşlıq etmiş və ya bu iş üzrə dindirilmiş şəxslərin əksəriyyətinə ölkədən çıxış qadağası qoyulub. Qeyri-rəsmi hesablamalara görə, 200-dən artıq şəxs bu cinayət işi ilə əlaqədar ölkədən çıxa, bank hesablarından istifadə edə bilmir.

Yerli müstəqil jurnalistlər, beynəlxalq media qurumları hakimiyyəti jurnalistlərə qarşı qorxutma taktikasını dayandırmağa çağırır.

Azərbaycan rəsmiləri isə daim açıqlamalarında bildirirlər ki, ölkədə heç kim gördüyü işə, söylədiyi sözə və siyasi baxışına görə hədəfə alınmır.

Ana səhifəSiyasətMediaya basqı fonunda Milli Mətbuat Günü