close

Eyni siyasi fəndin qurbanları

Azərbaycan-Ermənistan, Andrii Anna photographers/Shutterstock

Zərdüşt Əlizadə

Azərbaycan təcrid olub dünya dövlətlərinə qarşı təkmi qalacaq?

Cahil ermənilərin beyninə gerçək siyasətlə əsla uzlaşmayan arzu və məqsədləri böyük məharət və məkrlə yeridəndən sonra Minsk qrupunda birləşmiş imperialist nəhəngləri azı 30 il Cənubi Qafqazı və onun iki dövlətini – Ermənistanı və Azərbaycanı – istədikləri qədər oynadıb idarə etdilər. Hər iki dövlət və xalq böyük itki verdi, olmazın məşəqqət və fəlakətlərə düçar oldu.

İkinci Qarabağ müharibəsində Ermənistan məğlub olandan sonra erməni cəmiyyəti tədricən xəstə xülya və məqsədlərdən əl çəkir və sanki gerçəkliyə qayıdır. Sülh müqaviləsinin mümkünlüyü barədə ümidverici bəyanatlar yüksək məqamlı məmurların dilindən tez-tez eşidilir və əhalini sevindirir. Şübhə yoxdur ki, erməni əhalisi müharibədən doyub və bundan sonra övladlarını robiklərin və serjiklərin varlanması naminə qurban vermək istəmir.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Cənubi Qafqaz sabit və möhkəm sülhün astanasındadır? Qorxuram ki, nikbinlik üçün əsas yoxdur. Əgər dünənə qədər siyasi qanunlarla uzlaşmayan yanlış məqsədlərə erməni tərəfi can atırdısa, indi belə yanlış məqsədləri Azərbaycan cəmiyyətinə aşılamaq istəyirlər. İndi bizim tərəfin bəzi nümayəndələri vaxtilə erməni tərəfinin tutduğu təhlükəli mövqeni eynilə olduğu kimi təkrarlayırlar. Məsələ iki qonşu dövlət arasında aparılan sərhəd danışıqlarında hansı meyarların əsas götürülməsi ilə bağlıdır.

Hələlik Qazax rayonunda 11 kilometrlik sərhəd Almatı Bəyannaməsində deyildiyi kimi, sovet vaxtı mövcud olmuş inzibati sərhədlərin dövlət sərhədləri kimi tanınması meyarı əsasında qanuniləşdirilib, hər iki tərəf bu sərhəd boyunca dirəklərini basdırıb və barış arzulayan insanlar asudə nəfəs alıb ki, maşallah, deyəsən sülhə doğru gedirik. Lakin elə bu məqamda təhlükədən xəbər verən ilk işarələr görünüb. Bu işarələr Azərbaycan tərəfinin hələlik ictimai xadimlərinin dilindən səsləndirilib. Allah eləməsin ki, belə cəfəng fikirləri rəsmi nümayəndələrin dilindən eşidək.

Nədir bu təhlükəli fikirlər? Münaqişə tarixini bilənlər xatırlayar ki, erməni tərəfi ilk zamanlar elə-hey “Qarabağı Azərbaycana bolşeviklər qanunsuz qərarla verib” deyirdilər. Onlar qəbul etmək və barışmaq istəmədikləri bu qərar əsasında 70 il ərzində sabit siyasi, inzibati, iqtisadi və hüquqi bir gerçəkliyin təşəkkül tapdığını anlamırdılar. Anlamırdılar ki, onların yanlış hesab etdikləri bu qərarı sovet dövləti, Sovet Konstitusiyası və bunun əsasında beynəlxalq aləm qaçılmaz bir gerçəklik kimi tanıyıb.

Azərbaycan təcrid olub dünya dövlətlərinə qarşı təkmi qalacaq? Əminəm ki, Azərbaycanı Rusiya müdafiə edəcək. Zira Rusiyanın bölgədə tək müttəfiqi nə Ermənistandır, nə də Azərbaycan, Rusiyanın müttəfiqi Münaqişədir. Azərbaycanın beynəlxalq hüquqa zidd mövqeyi Rusiyaya münaqişənin daha 30 il davam etməsini təmin edəcək, bütün dünya ilə üz-göz olmuş və tənha qalmış Azərbaycanı Rusiyaya möhtac və asılı edəcək.

Bu gerçəkliklə barışa bilmirdilər və onu təftiş etmək üçün zorakı üsullara əl atırdılar. Hamının tanıdığı hüquqi gerçəkliyi təftiş etmək cəhdlərinin aqibətini həm Almaniya, həm SSRİ, həm də ABŞ XX əsrdə öz acı təcrübəsində görmüşdür.

Erməni tərəfi bu sadə həqiqəti tanımaq istəmədi, hansısa tarixi ədaləti axtardı, 30 il müharibə apardı, nəticəsi göz önündədir.

İndi eşidirəm ki, Azərbaycanın savadlı sayılan diplomat və ictimai xadimləri Azərbaycanla Ermənistan arasında gedən sərhədlərin delimitasiyası danışıqlarında Almatı Bəyannaməsində təsbit edilmiş hüquqi meyara (sovetin inzibati sərhəddi indinin dövlət sərhəddidir) deyil, sərhədin hər ayrıca hissəsi barədə sovet dövründə qəbul edilmiş “ədalətsiz” qərarların müzakirəsi və təftiş edilməsi üsuluna söykənmək istəyirlər. Sadə dillə desək, əgər münaqişənin ilk mərhələsində, erməni tərəfi Kremlin məkrli dəstəyinə güvənib “Qarabağı Stalin və Orconikidze Azərbaycana verib” deyirdisə, indi Azərbaycan tərəfi ordusunun və zərinin gücünə güvənib “Filan ərazini filan ildə Ermənistana filan qərarla bolşevik hakimiyyəti verib” deyəcək.

Təbii ki, Ermənistan bu iddia ilə razılaşmayacaq, necə ki, vaxtilə Azərbaycan ermənilərin beynəlxalq hüquqla uzlaşmayan iddialarını qəbul etməmişdi. Azərbaycan qəbul etməmişdi və beynəlxalq hüquqa söykənmişdi. Dünyanın bütün dövlətləri, ürəkdə Ermənistana rəğbət bəsləsələr də, qanuna tabe olub Azərbaycanın mövqeyini rəsmən tanımalı olmuşdular.
İndi isə onlar Azərbaycanın beynəlxalq hüquqla uzlaşmayan mövqeyini qəbul etməyib Ermənistanla həmrəy olacaqlar.

Azərbaycan təcrid olub dünya dövlətlərinə qarşı təkmi qalacaq? Əminəm ki, Azərbaycanı Rusiya müdafiə edəcək. Zira Rusiyanın bölgədə tək müttəfiqi nə Ermənistandır, nə də Azərbaycan, Rusiyanın müttəfiqi Münaqişədir. Azərbaycanın beynəlxalq hüquqa zidd mövqeyi Rusiyaya münaqişənin daha 30 il davam etməsini təmin edəcək, bütün dünya ilə üz-göz olmuş və tənha qalmış Azərbaycanı Rusiyaya möhtac və asılı edəcək.

Şübhə etmirəm ki, siyasi savadı əzəldən olmamış yerli əhali hakimiyyətin bu ziyanlı mövqeyini böyük sevinc və ehtirasla müdafiə edəcək. Necə ki, erməni cəmiyyəti Yerevandakı və Stepanakertdəki  ilk mitinqlərdə ehtirasla “miatsum” bağırırdı və tarixi ədalətin zəfərinə inanırdı, bizim əhali də eyni fəndə uyacaq və eyni tələyə düşəcək.

Futbol birincilikləri hər il keçirilir və bitmək bilmir. Görünür, 30 il münaqişədən xeyli bəhrələnmiş, qazanıb varlanmış hakim siyasi siniflər və onları təhrik edən imperialist dövlətləri münaqişə ocağının sönməsi ilə heç cür razılaşmaq istəmirlər və min illərlə sınaqdan keçmiş köhnə fəndlərini yenə işə salırlar. Cahil kütlə isə yenə bu fəndə uyur, aldanır və köklü maraqlarını bada verməyə razılaşır.

Köklü maraq sülh, dinc yanaşı yaşama, qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq, əhalinin hüquqlarının tanınması və müdafiəsi, səmərəli hüquqi dövlət sisteminin yaradılmasını tələb edir.

Əvəzində əhaliyə kif iyi verən qanlı münaqişə, istibdad quruluşunun əbədiləşdirilməsi, yeni münaqişə boyunduruğu təklif edilir.
Bu dəfə əhali bu təklifin ziyanını və məkrini anlayıb ondan imtina edə biləcəkmi?

Ana səhifəMənim FikrimcəEyni siyasi fəndin qurbanları