close

9 maya etiraf

9 may faşizm üzərində Qələbə günü. Foto: Azərtac

Zərdüşt Əlizadə

Bu ilin Qələbə bayramında ölkə prezidenti xanımı ilə birlikdə qəhrəman Həzi Aslanovun xatirə abidəsinə gül qoydu. KİV bu anımı işıqlandırdı, fəqət əhalinin mütləq əksəriyyəti Böyük Vətən Müharibəsinin Qələbə gününə tam laqeyd qaldı.

Bu laqeydlik tarixin labüd gedişinin qaçılmaz hökmüdür: yaxşı da, pis də unudulur. Nəsillər dəyişir, yeni nəsil yeni qələbə və məğlubiyyətlərə həssas olub keçmişləri unudur.
Heç şübhə etmirəm ki, son Qarabağ müharibəsinin qələbəsi də, vaxtı yetişəndə, məsələn, heç olmasa bir nəsil dəyişəndən sonra, arxa səfə keçəcək. Yəqin ki, yeni müharibələr, yeni qələbələr daha önəmli sayılacaq.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Mənim nəslim, şübhəsiz, Böyük Vətən Müharibəsini yaxından hiss etmiş və xatırlayan sonuncu nəsildir. Müharibədə dayım İsrafil itkin düşmüşdü və nənəm ömrünün sonuna kimi oğul həsrətilə yaşadı.
Hərçənd ki, mən müharibədən bir il sonra dünyaya gəlmişəm, bütün uşaqlığım və gəncliyim bu müharibənin təsiri, nəfəsi və hərarəti ilə dolu keçdi. Ətrafımda xeyli sayda müharibə iştirakçısı gəzib dolanırdı, həyət uşaqları ilə əsasən müharibə oyunları oynayırıdıq.

“Faşist”lərə və “qırmızı”lara bölünüb savaşardıq. Faşistlərə nifrət o qədər böyük idi ki, beş yaşım olanda savaş vaxtı dəmir boru ilə qonşunun oğlunun burnunu vurub sındırmışdım, dədəsi də məni möhkəm kötəkləmişdi. Odur ki, keçmiş müharibənin ağrısını qonşu uşağı da, mən də 50-ci illərin əvvəlində öz bədənimizdə hiss etmişdik.

Məktəb proqramları, gördüyümüz filmlər, oxuduğumuz kitablar – hamısı – müharibəyə həsr olunmuşdu. Müharibədə iştirak ya ondan yayınma, döyüşdə davranış – bunlar hamısı insan dəyərinin meyarı sayılırdı.
Müharibə insanları 15 il sonra da haqlayırdı.

Məktəb dostumgilə, dağlı məhəlləsinə qonaq gedərdim. Həyətlərində tənha təkqıç müharibə veteranı yaşayırdı. Pinəçi idi, sübh tezdən hava qaralana kimi kasıb camaatın köhnə ayaqqabılarını yamayırdı. Səsi-cınqırı çıxmazdı. Yalnız ildə bir dəfə, mayın 9-da, möhkəm içərdi və məhəllənin yuxarı başına çıxıb məhəllə əhlinə xitabən ürəyindəkiləri açardı. İndi anlayıram ki, onun faciəsi nə qədər dərin idi, lakin gəncliyimdə gönüm qalın idi və bu veteranın həyat faciəsini dərk edə bilmirdim, məhəllə əhlinə qoşulub gülürdüm.

Təkqıç veteran nitqini Xruşşovu söyməkdən başlayırdı, ta Sov.İKP-nin liderində söyülməmiş ağız-üz qalmırdı. Sonra keçirdi Brejnevi söyməyə. Onun da xəcalətindən çıxandan sonra Mikoyanı söyürdü, beləliklə, sovet rəhbərliyinin tən yarısını söyəndən sonra bağırırdı: “Stalin kişi adamdır!” Beş-on dəfə bu alqış şüarını təkrar edəndən sonra yenə bağırırdı: “Stalinin də ağzını…”.

Beləliklə, müzəffər generalissimusun da xəcalətindən çıxırdı. Gözünə milis nəfəri dəyəndə asanlıqla taxta qıçını açıb havaya qaldırır, bir ayağı üstündə müvazinətini saxlayaraq taxta ayağını başının üstündə fırladıb çağırırdı: “Yaxın gəlin, çırpım ayağımı sizin başınıza!”.

Milis işçiləri onu yaxşı tanıdıqlarından heç vaxt baş qoşmazdılar, bilirdilər ki, kasıbın kasıbıdır və bir il, ta gələn Qələbə bayramına qədər, onun dilinə araq dəyməyəcək və səsi çıxmayacaq.

İkinci mənə toxunan müharibə Vyetnam müharibəsi oldu. Varlığımla vyetnamlılara qələbə arzulayırdım. Cəbhə uzaqda idi, əlim çatmırdı, fakultəmizdə oxuyan 6 vyetnamlı tələbə ilə bir il məşğul olub onların ərəb dilindən qiymətlərini yüksəldəndə qəlbən sevindim ki, dolayısı yolla olsa da, qəhrəman Vyetnam xalqına xeyrim dəydi. 8 il sonra Cənubi Yəməndə mütərçimlik edirdim, sabiq tələbəm Çen küçədə qaçıb əlimdən tutdu və iftixarla “Müəllim, mən Vyetnam səfirliyində işləyirəm” dedi. Ürəkdən sevindim.

Üçüncü müharibəm Misir-İsrail müharibəsi oldu. 1969-1971-ci illərdə hərbi qulluğumu mütərcim kimi Misrin Hava Hücumundan Müdafiə qoşunlarının qərargahında keçirdim. Gündə 12-13 saat işləyirdim, tez-tez Süveyş kanalı boyunca cəbhəyə yollanırdım. Tək mən yox, Bakıdan azı 20 ərəb dili mütərcimi Misrə ordu quruculuğunda kömək edirdi. Bir nömrəli mütərcim azərbaycanlı Hüseynov Zahid idi, hər müşavirədən sonra prezident Cəmal Əbdül Nasir onu qucaqlayıb təşəkkür edirdi.

İş təhlükəli idi. Mənim bəxtim gətirdi, bu müharibədən sağ qayıtdım, lakin neçə ölüm gördüm! O cümlədən fakultəmizin futbol komandasının hücumçüsü, əla mütərcim və gözəl yoldaş Ziyəddin Yusifov 6-cı piyada diviziyasının qərargahına atılmış İsrail raketindən həlak oldu.
1970-ci ilin may ayının 2-də kanal bölgəsində açıq səma altinda dayanıb şığıyan İsrail təyyarələrinə atılan sovet və Misir raketlərinə tamaşa edəndə təhlükəni anlayıdrdım və düşünürdüm ki, “yolda dayanmış bir “QAZ-69” və üç-dörd adam o qədər böyük qənimət deyil ki, təyyarəçi bizi hədəf götürsün”.

Özümün görüb yaşadığım dörd müharibə nə bəşəriyyəti, nə də xalqımı dəyişə bilmədi. İndi uzaqdan sevdiyim iki xalqın – rus və Ukrayna – qanlı savaşına baxıram, bağrım qanla dolur. Düşünürəm: birgə müştərək qələbəni bölə bilməmiş böylə iki yaxın xalq bir-birini qırırsa, bəşəriyyəti nə gözləyir?

Həmin gün 8 İsrail təyyarəsi vuruldu, 3 raket divizionu dağıdıldı, o cümlədən Bakıdan Misrə gətirilmiş 28-ci zenit-raket diviziyasının iki əsgəri, əkiz Məmmədov qardaşları həlak oldu. Allah anamın və nişanlımın dualarını eşitdi, cəbhədən sağ qayıtdım.

Dördüncü yaşadığım müharibə Qarabağ müharibəsi oldu. Mahiyyətini və təşkilatçılarını gözəl bilirdim və xalqıma var gücümlə izah etməyə çalışırdım ki, onun bəlasından yayınmaq və qurtulmaq olar. Fəqət müharibə dəllalları məndən güclü çıxdılar, müharibəni qızışdırıb məqsədlərinə çatdılar. Xalqımın başına böyük bəlalar gəldi.

Təxminən 30 il sülhpərvər Arzu Abdullayevaya kömək etdim, elə özüm kimi sülh arayan beş-altı nəfər vicdanlı azərbaycanlı ilə erməni tərəfinin ictimai fəallarını müharibəni qansız-qadasız bitirməyin mümkünlüyünə inandırmağa çalışdıq. Səd heyf, tək Geopgiy Vanyandan və onun tək bir məslək dostundan savayı erməni cəmiyyətində məntiqi fikri qavramağa qadir olan bir kəs tapammadıq.

Dedik “müharibə qaçılmazdır, basılacaqsınız”. Dedilər: “Biz pomidor alverçilərinə məğlub olmarıq”.

Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, canları ilə, qanları ilə Qarabağı xilas etdilər. Xalqımız onların da, qazilərin də qarşısında minnətdar olmalıdır. Lakin nə baş verir? Elə-hey oxuyuram ki, “filan qazı məmur biganəliyi qarşısında çarəsiz qalıb intihar etdi”.

Özümün görüb yaşadığım dörd müharibə nə bəşəriyyəti, nə də xalqımı dəyişə bilmədi. İndi uzaqdan sevdiyim iki xalqın – rus və Ukrayna – qanlı savaşına baxıram, bağrım qanla dolur. Düşünürəm: birgə müştərək qələbəni bölə bilməmiş böylə iki yaxın xalq bir-birini qırırsa, bəşəriyyəti nə gözləyir?

Dünya var-dövlətini axıra kimi bölə bilməmiş yüksək məqamlı siyasətçilər elə hey nüvə müharibəsindən danışırlar.
Allah axırımızı xeyirli eləsin. Biz heç, həyatımızı sürmüşük, nəvələrimiz yazıqdır.

Ana səhifəMənim Fikrimcə9 maya etiraf