close

Əziz Orucov şübhəli şəxs qismində saxlanılıb

Əziz Orucov, foto: Meydan Tv

Telekanal rəhbərinə verilən ittiham bəlli olub

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun şübhəli şəxs qismində tutulmasına qərar verilib. Bu barədə Meydan TV-yə məlumat verən vəkili Bəhruz Bayramov bildirib ki, ona qarşı Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi başlanıb.

“Əziz Orucovun şəxsi evi yoxdur, qohumlarının evində yaşayır. Torpaq sahəsi alıb ki, özünə ev tiksin. O ərazidəki torpaq sahələrində yüzlərlə ev tikilib. Amma Əziz Orucov buna görə şübhəli şəxs qismində saxlanılır. Evində, ofisində axtarış aparılır”, – Bəhruz Bayramov bildirib.

Müdafiəçi əlavə edib ki, qanuna görə 48 saat ərzində şübhəli şəxs qismində saxlanıla bilər. Bu müddətdə ya ona ittiham elan edilib, təqsirləndirilən şəxs qismində cəlb olunmalı, barəsində həbs və ya alternativ növdə qətimkan tədbiri seçilməlidir, ya da sərbəst buraxılmalıdır:

“Hətta təqsirləndirilən şəxs qismində cəlb olunsa belə, onun barəsində həbs qətimkan tədbiri seçilməsinə əsas yoxdur. Çünki yaşayış yeri məlumdur, qaçıb gizlənmək fikri də yoxdur. Cinayət Məcəlləsinin 188.2 maddəsi az ağır cinayətlər kateqoriyasına aiddir”.

Bu maddədə 3 ilə qədər azadlığın məhdudlaşdırılması (elektron qolbaqla hərəkət) və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəXəbərlərƏziz Orucov şübhəli şəxs qismində saxlanılıb