close

Lavrovun çıxışına reaksiya: “Azərbaycan fəaliyyətini Rusiya ilə birgə koordinasiya edir”

Portrait of Sergey Lavrov. Source: Meydan TV

Əli Kərimli deyir ki, baş verən hadisələrdə sinxron yanaşma görünür

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda çıxışı zamanı ABŞ-ı tənqid edib.

Xəbəri TASS Agentliyi yayıb.

Lavrov bildirib ki, ABŞ postsovet ölkələrində, xüsusən də Mərkəzi Asiya və keçmiş SSRİ ərazisində öz KİV və QHT-lərini fəallaşdırıb.

Onun sözlərinə görə, Vaşinqton qeyri-hökumət təşkilatları (QHT) ideyasını öz təsir aləti kimi istifadə edir.

O, postsovet ölkələrində bu ideyanın aktivləşdirildiyini vurğulasa da, Ermənistan və Qırğızıstanın adını xüsusi çəkib.

“Birləşmiş Ştatlar minlərlə qeyri-hökumət təşkilatı yaradıb. Onlardan çoxu postsovet məkanındadır və bu sahədə xüsusən də Ermənistan və Qırğızıstanda yüzlərlə insan çalışır.”

O çıxışında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) də adını çəkib.

Bildirib ki, bir çox fondlar Amerika bürokratiyasının bir hissəsi olan ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə 90% maliyyələşir və pul alır.

Onun fikrincə, həmin fondların əsas məqsədi bu qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərdiyi ölkələrdəki proseslərə birbaşa təsir və müdaxilə etməkdir.

Lavrovun Qərbin əleyhinə səsləndirdiyi bu ittihamların fonunda Azərbaycanda da anti-Qərb təbliğatı davam edir. Eyni zamanda, müxtəlif media quruluşları, qeyri-hökumət təşkilatları ABŞ-a yaxınlıqda ittiham olunur, jurnalistlər həbs edilir, onlara qarşı hökumət mediasında kampaniya aparılır.

Lavrovun çıxışı ilə Azərbaycanda baş verənlər eyni mərkəzdən qaynaqlanırmı?

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Meydan TV-yə deyib ki, hadisələr eyni mərkəzdən koordinasiya edilir.

Onun sözlərinə görə, artıq Azərbaycan hakimiyyəti Rusiya ilə müttəfiqliyə sadiqliyini nümayiş etdirir:

Əli Kərimli
Foto: Meydan TV

“Çox təəssüf ki, Azərbaycan hakimiyyəti bizim çox vaxt ironiya ilə dediyimiz Rusiya ilə müttəfiqlik münasibətlərini tam ciddi şəkildə həyata keçirir. İndi, həqiqətən də, Azərbaycan və Rusiya hakimiyyətləri, yəni iki hakim qruplaşma müttəfiq siyasəti yürüdür. Bu müttəfiqliyin əsas birləşdirici məqamı da regiona Qərbi – Avropa Birliyini və ABŞ-ı buraxmamaqdır. Bu məsələdə Rusiya və Azərbaycan hakimiyyətlərinin maraqları tam üst-üstə düşür”.

“Perspektivdə Azərbaycanı təklənmək, təcrid olunmaq gözləyir”

Kərimli deyir ki, Azərbaycan hakimiyyətini buna məcbur edən kənar qüvvə yoxdur, öz istəyidir:

“Mən bir çoxlarından fərqli olaraq hesab etmirəm ki, Azərbaycanı buna məcbur edirlər. Əksinə, Azərbaycan hakimiyyəti özü şüurlu şəkildə bu fəaliyyətini Rusiya ilə koordinasiya edir. Lavrovun çıxışı və bu gün Azərbaycanda həyata keçirilənlər göstərir ki, Bakı və Kreml rəhbərliyi öz fəaliyyətlərini birgə koordinasiya edir, burada bir sinxronluq görünür. Ölkəmiz adına buna çox təəssüf edirəm. Çünki Azərbaycan hakimiyyəti gündən-günə işğalçı Rusiya ilə daha da yaxınlaşır və bu siyasət dayanmasa, çox təəssüf ki, Azərbaycan da dünyanın əksər demokratik ölkələri ilə münasibətlərini korlayacaq. Perspektivdə isə Azərbaycanı təklənmək, təcrid olunmaq gözləyir”.

“Biz Rusiya və Belarusa olan münasibəti görürük, İlham Əliyev də görməlidir”

Qərblə münasibətlərin pisləşməsinə gəlincə, AXCP sədri bildirib ki, bu, Azərbaycana ciddi problemlər yaradacaq:

“Biz Rusiya və Belarusa olan münasibəti görürük. Bunu İlham Əliyev də görməlidir. Əgər Rusiya və Belarusun yolunu getməyi seçərsə, onda Qərbin də Rusiya və Belarusa nələr etdiyini unutmaq olmaz. Çünki bu, çoxsaylı sanksiyalar, böyük iqtisadi potensialı itirmək, ölkədə sosial vəziyyətin həddindən artıq pisləşməsi deməkdir. Yəni bu, hərtərəfli problem yarada bilər”.

“Bu gün sirr deyil ki, sərmayənin də, texnologiyanın da, diplomatik və siyasi gücün də mütləq əksəriyyəti Qərbin əlində cəmləşib. Demokratiya sammitindən də göründü ki, 140 qədər dövlət Rusiyaya qarşı koalisiyadadır və bu çox ciddi rəqəmdir. Mən heç bir dövlətə, xüsusən də öz vətənimə arzulamaram ki, belə bir koalisiyaya qarşı dayansın və təcrid olunsun”, – Əli Kərimli deyib.

Ana səhifəXəbərlərLavrovun çıxışına reaksiya: “Azərbaycan fəaliyyətini Rusiya ilə birgə koordinasiya edir”