close

Əziz Orucovun həbs müddəti artırıldı

Əziz Orucov, foto: Meydan TV

Müstəntiq istintaqın bitmədiyini deyir

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun istintaq dövründə həbsdə saxlanma müddəti artırılıb. Bu barədə fevralın 21-də Səbail Rayon Məhkəməsində qərar çıxarılıb.

Prokuror məhkəməyə təqdimat göndərib ki, Əziz Orucov haqqında həbs qətimkan tədbirinin müddəti uzadılsın. Məhkəmədə iştirak edən müstəntiq təqdimatı müdafiə edib. Deyib ki, “Kanal 13” rəhbəri ilə bağlı istintaq hələlik başa çatmayıb. Bir sıra istintaq hərəkətləri aparılmalıdır. Bu müddətdə Əziz Orucovun həbsdə qalması məqsədəuyğundur. Çünki öncədən seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatanda azadlığa buraxılsa, istintaqdan yayınmaq, şahidlərə təsir göstərmək ehtimalı var.

Məhkəmədə Əziz Orucov və vəkili buna etiraz edib, onlar təqdimatın təmin olunmamasını istəyiblər.

Əziz Orucov bildirib ki, heç bir cinayət törətməyib, jurnalist fəaliyyətinə – “Kanal 13”ə görə cəzalandırılır.

Lakin hakim təqdimatı təmin edib və Əziz Orucov haqqında həbs qətimkan tədbirinin müddəti daha 1 ay artırılıb.

Əziz Orucov noyabrın 27-də saxlanılıb, ertəsi gün Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onun evində və kanalın ofisində axtarış aparılıb.

“Kanal 13” rəhbərinə qarşı əvvəl Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham irəli sürülüb. İttihamda göstərilib ki, o, Səbail rayonu ərazisində tikinti üçün dövlət orqanlarının icazəsi olmadan ev inşa etdirib.

Dekabrın 19-da Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham verilib.

Əziz Orucov isə bu ittihamların absurd olduğunu bildirib, həbsini rəhbərlik etdiyi kanalın fəaliyyətilə əlaqələndirib.

Son 3 ay ərzində Azərbaycanda çoxsaylı jurnalistlər həbs olunub. Onların arasında korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” nəşrinin direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, saytın layihə rəhbəri Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalist Nərgiz Absalamova, bir sıra internet televiziyasının əməkdaşı olan reportyor Teymur Kərimov da var.

Ana səhifəSiyasətƏziz Orucovun həbs müddəti artırıldı