close

“Ötən il Azərbaycan ən azı 260 hərbi qulluqçusunu itirib”

Azərbaycan ordusu, Foto: Bumble Dee/shutterstock

Xəzər Hərbi Tədqiqatlar İnstitutu 212 nəfərin döyüş itkisi olduğunu açıqlayıb

Fevralın 21-də Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda 2023-cü illə bağlı keçirdiyi monitorinqin nəticələrini yayıb.

Bildirilib ki, Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru ən azı 260 hərbi qulluqçusunu itirib:

“Onlardan 212 nəfəri döyüş itkiləridir (erməni gülləsi və mina partlayışı), 48 nəfəri isə qeyri-döyüş itkiləridir”.

Ümumilikdə 208 nəfər erməni gülləsindən, 4 nəfər mina partlayışından, 8 nəfər yol-nəqliyyat hadisələrindən və ya müxtəlif avtoqəzalardan, 9 nəfər müxtəlif xəstəliklərdən, 2 nəfər qeyri-nizamnamə hadisələrindən, 2 nəfər silahlı basqından, 1 nəfər ehtiyatsızlıqdan, 6 nəfər isə bədbəxt hadisədən həyatını itirib”, – deyə institut əlavə edib.

Məlumatda ötən il 20 hərbçinin intihar etdiyi qeyd olunub.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu bildirib ki, ölənlərin 228 nəfəri Müdafiə Nazirliyinin, 9 nəfəri Dövlət Sərhəd Xidmətinin, 3 nəfəri Fövqəladə Hallar Nazirliyinin, 17 nəfəri Daxili Qoşunların, 1 nəfər Strateji Obyektlərin Mühafizə İdarəsinin (SOM), 1 nəfər Ədliyyə Nazirliyinin, 1 nəfərsə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİİN) hərbiləşdirilmiş mühafizə idarəsinin əməkdaşları olub:

Onlardan 134 nəfəri əsgər, 50 nəfəri zabit, 44 nəfəri MAXHQ, 26 nəfəri gizir, 3 nəfəri isə kursant rütbəsindəydi. Digər 3 nəfərin rütbəsini müəyyənləşdirmək mümkün olmayıb”.

Qeyd olunub ki, ölüm hadisələrinin əksəriyyəti (ən azı 200 nəfər) lokal əməliyyatlar zamanı baş verib:

Ümumilikdə, araşdırmalar göstərir ki, hadisələrin əksəriyyəti Qarabağ zonasında baş verib. Eyni zamanda, bir sıra ölüm hadisələri Azərbaycan-Ermənistan dövlət sərhədində (Kəlbəcər, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində, o cümlədən Naxçıvan MR-in sərhəd ərazilərində) baş verib”.

Ötən il yaralananlara gəlincə, ən azı 536 hərbi qulluqçunun müxtəlif səbəblərdən yaralandığı və ya xəsarət aldığı bildirilib:

Onların mütləq əksəriyyəti erməni gülləsindən və mina partlayışından xəsarət alıblar”.

Azərbaycanın Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi və digər adıçəkilən qurublar Xəzər Hərbi Tədqiqatlar İnstitutunun monitorinqinin nəticələrinə reaksiya verməyib.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) 2015-ci ilin yanvarından fəaliyyət göstərir.

Think-Tank tipli qurumun araşdırma hədəfində olan əsas məsələlər təhlükəsizlik və müdafiə sektorunda insan haqları, silahlanma, korrupsiya və islahatlar ilə bağlı baş verən proseslərdir.

İnstitut bu istiqamətdə təkcə Azərbaycanı deyil, eyni zamanda, Gürcüstan və Ermənistanı da araşdırır. Həmçinin 3 Cənubi Qafqaz ölkəsinin hərbi quruculuq problemlərini və prioritetlərini müqayisə edir.

Ana səhifəSiyasət“Ötən il Azərbaycan ən azı 260 hərbi qulluqçusunu itirib”