close

Fazil Mustafanı güllələyən şəxs: “Birinci dəfə yanında uşaq vardı, ona görə vurmadım”

Foto: Meydan TV

“Bu adam açıq-aşkar dini qarşıdurma yaradırdı, heç kim də qabağını almırdı”

Deputat Fazil Mustafaya qarşı sui-qəsddə ittiham olunan 5 nəfərin – Azər Səricanov, Səbuhi Şirinov, Emin Əliyarov, Elşad Əsgərov və Rəşad Əhmədovun işi üzrə növbəti məhkəmə iclası keçirilib. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu cinayət işinin məhkəmə araşdırması Elnur Nuriyevin sədrliyilə, Kamran Muxtarov və Azər Tağıyevdən ibarət hakimlər kollegiyasına həvalə olunub.

Təqsirləndirilən şəxslərdən Azər Səricanov və Rəşad Əhmədov ötən məhkəmə iclaslarında dindirilmişdilər. Qalan 3 nəfər isə bu dəfə ifadə verib.

“İnsanların “qırmızı xətt”ini keçmək olmaz”

Səbuhi Şirinov ifadəsində etiraf edib ki, Fazil Mustafaya özü atəş açıb, lakin neçə güllə atdığını bilməyib. Sonradan öyrənib ki, hadisə vaxtı 7 dəfə atəş açılıb. Onun ikisi deputata dəyib.

O bildirib ki, Fazil Mustafanı öldürmək niyyəti yox idi, bu səbəbdən onu çiynindən və bud nahiyəsindən vurub. Səbuhi Şirinovun sözlərinə görə, o, peşəkar hərbçi olub, xüsusi təyinatlı qüvvələrdə xidmət edib, hədəfi vurmağı bacarırdı:

 “Öldürmək istəsəydim, alnından vurardım. Ya da yaxına gəlib, güllələrin hamısını qarnına doldurardım. Hətta əvvəl heç güllə ilə vurmaq fikrim yox idi. Elə böyründən bir bıçaq vurub demək istəyirdim ki, dilini dinc qoysun. Bunu eləmək üçün birinci dəfə gedəndə yanında uşaq vardı, ona görə həmin vaxt vurmadım”.

Bu əməli törətməsinin səbəblərinə gəlincə, Səbuhi Şirinov ifadəsində bildirib ki, Fazil Mustafa dinlə bağlı səsləndirdiyi fikirlərlə insanların hisslərinə toxunur, şiələri təhqir edirdi:

“Şah İsmayıl Xətaini, Məhəmməd Füzulini belə aşağılamışdı, onları “cahil” adlandırmışdı. Yaxud da deyirdi ki, “Aşura günündə uşaşırlar, kişi ağlamaz. Başa düşmür ki, hər kəs ağlaya bilər. Bu adam açıq-aşkar dini qarşıdurma yaradırdı. Heç kim də qabağını almırdı. Görmürdülər onun elədiklərini?”.

O xatırladıb ki, vaxtilə Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev də insanların dini inancına toxunurdu, təhqir edirdi. Bu səbəbdən Yunis Səfərov onu cəzalandırdı:

 “İnsanların “qırmızı xətt”i var, onu keçmək olmaz”.

Səbuhi Şirinov deyib ki, hadisəni törətdiyi silahı təqsirləndirilən Azər Səricanovdan almışdı. Hadisədən sonra öz evinə gəlsə də, sonradan silahı Azər Səricanova qaytarıb. Lakin o, bu cinayətə görə Azər Səricanovdan pul alması barədə ittihamı qəbul etməyib. Səbuhi Şirinovun sözlərinə görə, ondan pulu evini təmir eləmək üçün borc almışdı.

Səbuhi Şirinov əlavə edib ki, onu “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında – Azər Səricanovla birlikdə olduqları vaxt tutublar. Əvvəl Qaradağ Rayon Polis İdarəsinə gətiriliblər. Onun sözlərinə görə, polis idarəsində ağır işgəncələr verilib:

“Xocalıda adamları öldürmüşdülər. Bunlar burada bizi öldürmədilər, amma olmazın işgəncələr verdilər”.

“Bıçaq sümüyə dirənmişdi”

Təqsirləndirilən şəxslərdən Emin Əliyarov əvvəllər hüquq-mühafizə orqanlarında işləyib, polkovnik-leytenant rütbəsində xidmət edib. Ona qarşı yalnız qanunsuz silah saxlama ittihamı irəli sürülüb.

O, ifadəsində bildirib ki, Fazil Mustafaya qarşı sui-qəsd hazırlanmasından, bu planın həyata keçirilməsindən qətiyyən xəbəri olmayıb. Onun sözlərinə görə, təqsirləndirilən Azər Səricanovla 20 ildir tanışdılar. Hadisədən iki gün sonra Azər Səricanov onlara gəlib, əlində də bir çanta gətirib:

“İçində nə olduğunu mənə demədi. Gördüm ki, narahatdır, səbəbini soruşdum. Dedi ki, “Fazil Mustafa məsələsi bizlikdi”.

Emin Əliyarovun sözlərinə görə, Azər Səricanovun onlara gətirib qoyduğu çantada cinayətdə istifadə edilmiş silahın olduğunu bilməyib. Çünki çantanın içinə baxmamışdı. Polislər onun evinə gələndə bunu öyrənib.

Təqsirləndirilən Elşad Əsgərov da məhkəmədə ifadə verib. O təsdiqləyib ki, Fazil Mustafanın evinin yerini müəyyənləşdirib. Hadisə günü Səbuhi Şirinovu ora özü aparıb və sonra da maşınla evinə qaytarıb. Onun sözlərinə görə, Fazil Mustafa dini mövzuda çıxışları ilə onları bu addımı atmağa vadar edib:

“Mən özüm sakit təbiətli adamam. Əgər bu işə qol qoymuşamsa, deməli, bıçaq sümüyə dirənmişdi”.

Əvvəllər şirkətdə və başqa işlərdə çalışdığını, son vaxtlar isə taksi sürücüsü kimi fəaliyyət göstərdiyini deyən Elşad Əsgərovun sözlərinə görə, İrana 8 dəfə gedib-gəlməsini bu məsələdə ona qarşı əks arqument kimi istifadə etməyə çalışırlar:

“Elədirsə, mən beş dəfə də Rusiyaya getmişəm. Yazıblar ki, guya Fazil Mustafanın siyasi fəaliyyətinə son qoymaq istəmişəm. Bu ittiham mənə aid deyil axı. Anlayıram ki, cəza verilməlidir. Amma nəyi niyə eləmişəmsə, ona görə cəza olmalıdır”.

Elşad Əsgərov ifadəsində bildirib ki, Səbuhi Şirinovla da taksidə tanış olub. Söhbət əsnasında Fazil Mustafanın səsləndirdiyi fikirlər barədə danışıblar. Məlum olub ki, onunla bağlı eyni fikirdədilər.

“Fazil Mustafa məhkəməyə gəlsin”

Təqsirləndirilən şəxslərin dindirilməsi yekunlaşıb. Hakim bildirib ki, növbəti məhkəmə iclasında şahidlər dindiriləcək. Lakin vəkillər buna etiraz ediblər. Onlar bildirib ki, şahidlərdən əvvəl zərərçəkmiş dindirilməlidir. Onlar Fazil Mustafanın məhkəməyə məcburi gətirilməsini tələb ediblər.

Hakim Elnur Nuriyev bildirib ki, hər məhkəmə iclasının vaxtı barədə zərərçəkmişə SMS vasitəsilə bildiriş göndərilir. Yenə də göndəriləcək. Əgər gəlməsə, onun məhkəməyə məcburi gətirilməsi məsələsi müzakirə oluna bilər.

Məhkəmə prosesi martın 15-də davam edəcək.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə), 228 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə), 274 (dövlətə xəyanət), 277 (dövlət xadimi, ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq, fəaliyyətinə görə qisas almaq məqsədilə həyatına sui-qəsd etmək) maddələrilə ittiham irəli sürülüb.

İttihama əsasən, deputata qarşı sui-qəsd planı İranda müzakirə olunub. Daha sonra bu planın icrası üçün Bakıya 30 min dollar pul göndərilib. Həmin vəsaiti təqsirləndirilən şəxslərdən Rəşad Əhmədov gətirib Azər Səricanova verib. Hadisədən sonra bu puldan da Səbuhi Şirinova verilib.

Fazil Mustafaya qarşı silahlı hücum martın 28-də saat 21:51-də onun yaşadığı evin qarşısında – Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında baş verib. O, bud və çiyin nahiyəsindən xəsarət alıb.

Ana səhifəSosialFazil Mustafanı güllələyən şəxs: “Birinci dəfə yanında uşaq vardı, ona görə vurmadım”