close

Fazil Mustafaya hücumun iştirakçısı kimi təqdim olunan şəxsə narkotik ittihamı

Narkotika. Foto: DİN

İlkin Süleymanova iki maddə ilə ittiham verilib

Bugünlərdə sosial şəbəkələrdə, müxtəlif saytlarda fotosu yayılaraq, deputat Fazil Mustafaya qarşı silahlı hücumun iştirakçılarından biri kimi təqdim olunan İlkin Elçin oğlu Süleymanova qarşı narkotik ittihamı irəli sürüldüyü məlum olub. Meydan TV-nin hüquq-mühafizə orqanlarındakı mənbədən əldə etdiyi məlumata görə, İlkin Süleymanova Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlama) maddələrilə ittiham irəli sürülüb.

Aprelin 5-də Binəqədi Rayon Məhkəməsində bu maddələrlə onun barəsində həbs qətimkan tədbiri seçilib. Həbs qərarını hakim Fərid Əmirəliyev verib.

Bu maddələrdə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İlkin Süleymanov haqqında cinayət işinin istintaqı Binəqədi Rayon Polis İdarəsində aparılır. Onun üzərindən 3 qramdan artıq narkotik tapıldığı iddia olunur.

Lakin onun yaxınları narkotik ittihamını absurd sayır, İlkin Süleymanovun pis vərdişlərdən tam uzaq olduğunu deyir. Yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, aprelin 2-də saxlanılandan sonra ailə üzvləri iki gün ərzində onun yeri haqda heç bir məlumat ala bilməyib.

“Aprelin 2-də tutulub, iki gün hara saxlandığını bilməmişik. Yalnız ayın 4-də axşam onun yerini öyrənə bildik”, – əmisi Elnur Süleymanov bildirib.

Elnur Süleymanov vurğulayıb ki, qardaşı oğlunun adının deputata qarşı sui-qəsddə hallanması da absurddur. Çünki hadisə baş verən vaxt onun Xocasəndə olduğunu – çörək alıb evinə getdiyini sübut edən kamera görüntüləri var.

Yaxınları hesab edir ki, İlkin Süleymanovun həbsi də son vaxtlar dini inanclı şəxslərə qarşı kütləvi həbslər çərçivəsində həyata keçirilib.

İlkin Süleymanovun hüquqlarını vəkil Zibeydə Sadıqova müdafiə edir. Vəkil deyir ki, o da aprelin 3-də və 4-də İlkin Süleymanovun yerini dəqiqləşdirməyə çalışıb. Yalnız aprelin 4-də axşam təsadüfən onun saxlandığı yer haqda məlumat əldə edə biliblər:

“Rəsmi qaydada heç bir məlumat əldə edə bilmirdik”.

Yerini müəyyənləşdirəndən sonra, aprelin 5-də müvəkkili ilə görüşməyə çalışdığını deyən müdafiəçinin sözlərinə görə, cəhdlərinə baxmayaraq, İlkin Süleymanovla görüşə bilməyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də İlkin Süleymanovla bağlı məsələ barədə ətraflı məlumat vermək istəməyiblər. DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev yalnız onu deyib ki, İlkin Süleymanov barəsində cinayət işi var. Lakin istintaq getdiyinə görə əlavə məlumat verilə bilməz.

Son vaxtlar ölkədə 400-ə yaxın dini inanclı şəxsin həbs olunduğu bildirilir. Bu barədə ictimai fəallar, hüquq müdafiəçiləri məlumat yayıb. Həbs olunanların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Onların yaxınları və vəkilləri bu ittihamların saxta olduğunu bildirir.

Ana səhifəSiyasətFazil Mustafaya hücumun iştirakçısı kimi təqdim olunan şəxsə narkotik ittihamı