close

MSK 22 partiyanın maliyyə hesabatı təqdim etmədiyini deyir

Foto: MSK

Partiya sədrləri müxtəlif səbəblər gətirir, Nemət Pənahlı MSK-nı yalan yaymaqda günahlandırır

22 partiya 2022-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib.

Bu barədə məlumat MSK-nin saytında yayılıb.

Məlumatda dövlət qeydiyyatına alınmış 59 siyasi partiyadan 37-sinin hesabatı komissiyaya təqdim etdiyi qeyd olunub.

Keçən il üzrə maliyyə hesabatını təqdim etməyən siyasi partiyalar aşağıdakılardır:

1. Milli Demokrat-İdrak Partiyası (MDİP)
2. Vahid Azərbaycan Milli Birlik Partiyası (VAMBP)
3. Müstəqil Azərbaycan Partiyası (MAP)
4. Azərbaycan Kommunist Partiyası (AKP)
5. Azərbaycan Milli Dövlətçilik Partiyası (AzMDP)
6. Azərbaycan Vətənpərvərlər Partiyası (AzVP)
7. Azərbaycan Naminə Alyans Partiyası (ANAP)
8. Azərbaycan Liberal Partiyası (ALP)
9. Azərbaycan Vahid Kommunist Partiyası (AzVKP)
10. Sosial Ədalət Partiyası (SƏP)
11. Milli Konqres Partiyası
12. Azərbaycan Respublikaçılar Partiyası (ARP)
13. ”Azərbaycan Mübarizləri” Partiyası (AMP)
14. Azərbaycan Azad Respublikaçılar Partiyası (AARP)
15. Azadlıq Partiyası
16. Azərbaycan Tərəqqi Partiyası
17. Azərbaycan Milli Demokrat Partiyası (AMDP)
18. Aydınlar Partiyası
19. Azad Demokratlar Partiyası (AzDP)
20. Gələcək Azərbaycan Partiyası (GAP)
21. Haqq Ədalət Partiyası (HƏP)
22. Azərbaycan Yüksəliş Partiyası (AY Partiya)

Hesabatı təqdim etməyən Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli Meydan TV-yə deyib ki, o, hər il MSK-ya müvafiq sənədləri verir:

“Həm də maliyyə hesabatları aprelin 20-nə qədər verilir, hələ 15 gün var. Onsuz da hər il hesabatları təqdim edəndə yazıram ki, iqtidarın məsuliyyətsizliyi ucbatından fəaliyyət göstərə bilmirik”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirib ki, maliyyə məsələsi ilə müavini məşğul olur, ancaq o da insult keçirib: “Güman ki, yaxın günlərdə heüsabatı hazırlayıb verəcəyik”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli MSK-nin xəbərini təsdiqəyib: “Hələ hazır deyil, bilmirəm, nə vaxta hazır olacaq”.

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı MSK-nin məlumatını həqiqətəuyğun saymır: “MSK yalan danışır, bu günlərdə hesabatımızı vermişik”.

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanla əlaqə saxlamaq mümkün olmayıb.

Siyahıda adı olan Milli Konqres Partiyasının sədri İxtiyar Şirin 2022-ci ilin noyabrında vəfat edib.

Tərəqqi, Azərbaycan Naminə Alyans, Azad Respublikaçılar partiyaları isə ötən həftə fəaliyyətlərini dayandırıblar.

Ana səhifəSiyasətMSK 22 partiyanın maliyyə hesabatı təqdim etmədiyini deyir