close

Fazil Mustafaya qarşı silahlı hücumla əlaqədar 4 nəfərin tutulduğu bildirilir (yenilənib)

Foto: Meydan TV

Bəzi media qurumları həbs olunanların  6 nəfər olduğunu qeyd edib. DİN-in şöbə rəisi Elşad Hacıyev isə Meydan TV-yə deyilib ki, onun yaydığı məlumatda 4 nəfərdir. Ola bilsin mətbuat məlumatı istintaqdan alıb. İstintaqı isə Dövlət Təhlükəsizlik Xidməti aparır.


 Saxlanılanların kimliyi açıqlanmır

Milli Məclisin üzvü Fazil Musatafaya qarşı silahlı hücumla əlaqədar dörd nəfərin Qaradağ rayonu ərazisində saxlanılması haqda məlumat yayılıb. Saxlanılan şəxslərin hazırda Dövlət Təhlükəsizliyi Xidmətində dindirildikləri, onların yaşadıqları evlərdə axtarış keçirildiyi bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti hadisədə şübhəli bilinən şəxslərin saxlanması xəbərini təsdiqləyib. Lakin saxlanılanların kimliyi və s. haqda əlavə məlumatlar açıqlanmayıb.

Yayılan məlumatlara görə, şübhəli şəxslər saxlanılarkən silah səsləri eşidilib, atəş açılıb. Bu barədə rəsmi açıqlama verilmədiyinə görə əməliyyatın detalları məlum deyil.

Fazil Mustafaya qarşı silahlı hücum martın 28-də saat 21:51-də onun yaşadığı evin qarşısında – Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında baş verib. Ona “Kalaşnikov” konstruksiyalı avtomat silahdan atəş açıldığı məlum olub. Hadisə nəticəsində Fazil Mustafanın bədənin sağ çiyin qurşağı və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası aldığı bildirilir.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələrilə cinayət işi başlanıb.

Dövlət Təhlükəsizliyi Xidməti bu hadisəni terror aktı kimi qiymətləndirib. Xarici İşlər Nazirliyi öz açıqlamasında istintaqın ilkin rəyinə əsaslanaraq hadisədə İran izi göründüyünü bildirib.

Ana səhifəSiyasətFazil Mustafaya qarşı silahlı hücumla əlaqədar 4 nəfərin tutulduğu bildirilir (yenilənib)