close

Fəal təhqir olunduğunu, ABŞ səfirliyi hər kəsə hörmətlə yanaşıldığını deyir

Foto: Meydan TV

İlkin Rüstəmzadə: “Soruşdum ki, insan haqları fəalı olmaq cinayətdirmi? Cavab vermədi”

İctimai fəal İlkin Rüstəmzadə ABŞ-ın Azərbaycandakı səfirliyində təhqir olunduğunu deyir.

Bu barədə İlkin Rüstəmzadə aprelin 13-də “Facebook” səhifəsində paylaşım edib.

İ.Rüstəmzadənin sözlərinə görə, ABŞ səfirliyinə viza üçün müraciət edib, ancaq müsahibədə ABŞ konsulu ona: “Sən insan haqları fəalısan və türmədə olmusan, buna görə sənə viza verilmir”, – deyib.

“Bildirdim ki, mən Avropa məhkəməsindən bütün ittihamlar üzrə bəraət almışam, hökumət mənə təzminat ödəyib. Cavab verdi ki, bilirik, amma insan haqları fəalısan və ağır cinayətlə uzun müddət həbsdə olmusan. Soruşdum ki, insan haqları fəalı olmaq cinayətdirmi? Cavab vermədi”, – deyə ictimai fəal əlavə edib.

O qeyd edib ki, söhbət zamanı ona keçmiş həyat yoldaşı ilə qısa müddət evli olduğu, bunun da şübhələri artırdığı deyilib və kitablarının açıq satışında olmasından təəccüb ifadə edilib:

“Bu gün ABŞ konsulu mənim qürurumu təhqir etdi. ABŞ səfirinin evinə şam yeməyinə çağırdığı adama dedi ki, sən cinayətkarsan. Bu ölkədə haqqımı heç kimə yedirtməmişəm, ABŞ konsuluna da yedirtmərəm. Sonadək mübarizə aparacağam”.

Foto: ABŞ səfirliyi

İlkin Rüstəmzadənin iddiaları ilə bağlı Meydan TV ABŞ səfirliyinə sorğu ünvanlayıb.

Cavad verilib ki, məxfilik məsələlərinə görə fərdi viza hallarına münasibət bildirmir.

Səfirlik həmçinin hər kəsə hörmətlə və lazımi diqqətlə yanaşdığını da əlavə edib.

NİDA üzvü İlkin Rüstəmzadə 2013-cü il mayın 17-də həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə), sonradan isə 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddəsi irəli sürülüb.

İ.Rüstəmzadə 8 il azadlıqdan məhrum edilmişdi.

İlkin Rüstəmzadə və daha 7 nəfər “Əsgər ölümlərinə son!” Aksiyasından sonra saxlanmışdılar.

O, 2019-cu ilin martında əfv sərəncamı ilə azad edilib.

Ana səhifəSiyasətFəal təhqir olunduğunu, ABŞ səfirliyi hər kəsə hörmətlə yanaşıldığını deyir