“Yaxın bir neçə ildə yerli “Ağçiçək”, “Telman” sortları olmayacaq”
Yerli kartof sortlarının sıradan çıxması təhlükəsi var. Bunu Meydan TV-yə kartof istehsalı ilə məşğul olan fermerlər deyirlər.
Onlardan biri, gədəbəyli fermer Çingiz Məmmədovun sözlərinə görə, dədə-babadan kartofçuluqla dolanıblar.
Yerli əhalinin təxminən 80-85 faizi kartofçuluqla məşğul olub. Amma son illər kartof istehsalı azalıb:
“Mövsümdə yerli bazarda kartofun kiloqramı 1 manat-1 manat 20 qəpikdən olub. Çünki xərclər artıb, təlabat var, amma məhsul azdır. Bakı bazarlarında çox vaxt xaricdən idxal edilən kartofları yerli məhsul adı ilə satışa çıxarırlar”.
Fermer deyir ki, yerli sortları yetişdirmək çətindir, gübrə bahadır, xərclər son bir neçə ildə 4-5 dəfə bahalaşıb.
Gədəbəyli fermerlər bildirilər ki, yaxın bir neçə ildə yerli “Ağçiçək”, “Telman” sortları olmayacaq, onların yerini digər sortlar tutacaq.
Qubalı fermerlər isə yerli alma sortlarının sürətlə xarici sortlarla əvəzləndiyini deyirlər. Fermerlər bildirirlər ki, yerli sortlar sərfəli deyil, xarici sortlar isə həm uzunmüddət saxlamaq olur, həm də görkəmi yaxşıdır.
“Onsuz da Rusiyada bazara çıxış imkanları get-gedə daralır, yerli bazarda isə almaya tələbat yüksək deyil. Elə təsərrüfatlar var ki, məhsulları zay oldu, əlavə fəhlə tutub, xərc çəkib zibilliyə atdılar”,- qubalı fermer Salman Süleymanov söyləyib.
Azərbaycan Elmlər Akademiyasının əməkdaşı, aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev də Meydan TV-yə bildirib ki, yerli sortlar sıradan çıxır və bununla bağlı hələ 10-15 il əvvəl fermerlərə xəbərdarlıq edib:
“Bu almalar xalq seleksiyasının yetişdirmələridir və tarixi qədimdir. Vaxt olacaq bu alma sortlarını axtaracaqlar. Məsələ burasındadır ki, indi bütün dünyada kampaniya gedir, azərbaycanlılar da bu kampaniyalara birinci qoşulanlardandır”.
Alim deyib ki, Gədəbəydə kartofçuluqda da vəziyyət eynidir.
““Ağçiçək, “Telman” sortlarının dadı, ətri fərqli, digər sortlardan daha keyfiyyətlidir. İndi daha çox hibrit sortlar əkilir. Bu sortlar torpaqdan elə maddələr çəkir ki, sonradan insan orqanizmində zərərli maddələrə çevrilirlər. Bu problemlər elmə məlumdur. Fermerlərin sadaladığı faktlar həqiqətdir”,- Ə.Əliyev söyləyib.
O qeyd edib ki, yerli sortların sıradan çıxması problemdir və bunun səbəblərindən biri də kənd təsərrüfatı strukturunun düzgün işləməməsidir:
“Neyləyək? Kimdən kimə şikayət edək? Kənd təsərrüfatının strukturu, xüsusilə bitkiçilik sahəsində elə gündədir ki, ona ancaq oturub ağlamaq lazımdır. Milyardlarla manatı boş-boşuna itirdik. Qubanın “Cırhacır” alma sortu var, mədə-bağırsağın, həzm sisteminin dərmanıdır, satışda tapmaq olmur. Həm alma, həm kartof, həm də digər yerli sortlar keyfiyyətlidir, xarici sortlar onların yerini tuta bilmir. Necə başa salasan? Hesabatlar da vermişəm ki, belə bir problem var, amma baxan yoxdur, əlimizdən də heç nə gəlmir”.